AZ

Azərbaycanın Sülh Şurasındakı iştirakı qlobal təhlükəsizlik gündəliyinə strateji töhfə kimi qiymətləndirilməlidir - RƏY

Bakı, 24 fevral, Günel Türksoy, AZƏRTAC

ABŞ Prezidenti Donald Trampın təşəbbüsü ilə yaradılmış Sülh Şurası qlobal təhlükəsizlik arxitekturasının möhkəmləndirilməsi, münaqişələrin diplomatik vasitələrlə həlli və postmünaqişə mərhələsində yenidənqurma proseslərinin koordinasiyası baxımından mühüm beynəlxalq platforma kimi formalaşmaqdadır. Prezident İlham Əliyevin Vaşinqtonda keçirilən Sülh Şurasının iclasına dəvət olunması və Azərbaycanın bu platformada fəal təmsilçiliyi ölkəmizin beynəlxalq münasibətlər sistemində artan siyasi çəkisinin və konstruktiv mövqeyinin göstəricisidir. Regionda uzun illər davam etmiş münaqişənin aradan qaldırılması və davamlı sülhün təmin olunması istiqamətində atılan addımlar Azərbaycanın məsuliyyətli aktor kimi mövqeyini daha da gücləndirib.

Bunu AZƏRTAC-a açıqlamasında “Azərbaycan-Amerika Gəncləri” İctimai Birliyinin sədri Vüqar Əhmədov deyib.

O bildirib ki, Azərbaycan postmünaqişə mərhələsində yalnız milli təhlükəsizliyini təmin etməklə kifayətlənməyib, eyni zamanda, regionda əməkdaşlıq və inteqrasiya mühitinin formalaşdırılması istiqamətində təşəbbüskar rol oynayıb.

Ekspert xüsusi olaraq vurğulayıb ki, işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən genişmiqyaslı bərpa və yenidənqurma işləri Azərbaycanın postmünaqişə idarəçiliyi sahəsində formalaşdırdığı effektiv modeli ortaya qoyur. Bu təcrübə, xüsusilə dağıntıların aradan qaldırılması və sosial-iqtisadi reinteqrasiyanın təmin edilməsi baxımından Sülh Şurasının əsas fəaliyyət istiqamətləri ilə üst-üstə düşür və beynəlxalq miqyasda öyrənilə biləcək praktik nümunədir.

V. Əhmədov qeyd edib ki, Azərbaycanın Sülh Şurası ilə fəal əməkdaşlığı dövlətimizin sülhsevər xarici siyasət kursunun məntiqi davamıdır: “Tarixən multikultural və tolerant mühitin formalaşdığı Azərbaycan bu gün də sivilizasiyalararası dialoqun təşviqinə, etimad quruculuğuna və beynəlxalq hüquqa əsaslanan münasibətlər sisteminin möhkəmləndirilməsinə öz dəstəyini göstərir.

Beləliklə, Azərbaycanın Sülh Şurasındakı iştirakı təkcə regional deyil, qlobal təhlükəsizlik gündəliyinə strateji töhfə kimi qiymətləndirilməlidir. Bu əməkdaşlıq dövlətimizin beynəlxalq arenada etibarlı tərəfdaş və məsuliyyətli siyasi aktor kimi mövqeyini daha da möhkəmləndirir”, - deyə ekspert vurğulayıb.

Seçilən
13
2
azertag.az

3Mənbələr