AZ

Uşaqlarda peyvənd hansı hallarda riskli ola bilər? - pediatrdan AÇIQLAMA

Bu gün bir azyaşlının peyvənddən sonra şoka düşərək həyatını itirməsi ilə bağlı xəbər cəmiyyətdə ciddi narahatlıq yaradıb. Ümumilikdə, cəmiyyətimizdə peyvəndlərə münasibət birmənalı deyil. Bu cür hadisələr isə xüsusilə valideynlər arasında peyvəndlərlə bağlı mənfi fikirlərin formalaşmasına səbəb olur.

Maraqlıdır, hansı hallarda peyvənd uşaqların sağlamlığına zərər verə bilər? Peyvənd hansı vəziyyətlərdə uşaqlarda şok reaksiyasına səbəb olur? Peyvənd zamanı nələrə diqqət yetirilməlidir? Elə uşaqlar varmı ki, onlara peyvənd vurmaq olmaz?

AzEdu.az-a mövzu ilə bağlı pediatr Şəlalə Poluxova danışıb.

Müsahibimiz qeyd edib ki, peyvəndlər tibb müəssisələrində ciddi nəzarət və müşahidə altında aparılmalıdır:

“Bu suallara keçməzdən əvvəl vacib məqamlara toxunmaq istərdim. Çünki peyvənd mövzusu cəmiyyətimizdə birmənalı qarşılanmayan və uzun illərdir müzakirə olunan məsələdir. Burada söhbət ölümdən gedirsə, fərqi yoxdur – istər dərman reaksiyası, istərsə də xəstəliklə bağlı baş vermiş hal olsun. Ölüm səbəbi yalnız rəsmi tibbi ekspertiza və araşdırma nəticəsində müəyyən edilə bilər. İlkin məlumatlara əsaslanaraq birbaşa peyvəndin ölümə səbəb olduğunu demək tibbi baxımdan doğru deyil.

Nəzərə alsaq ki, peyvəndlər uzun illərdir dünya praktikasında tətbiq olunur və onların təhlükəsizliyi beynəlxalq qurumlar, o cümlədən Ümumdünya Səhiyyə Təşkilatı və Centers for Disease Control and Prevention tərəfindən davamlı şəkildə monitorinq edilir, ciddi reaksiyaların, o cümlədən anafilaktik reaksiyaların çox nadir hallarda baş verdiyi məlumdur. Bu reaksiyalar adətən peyvənddən sonrakı ilk dəqiqələr ərzində özünü göstərir. Məhz buna görə peyvəndlər tibb müəssisələrində ciddi nəzarət və müşahidə altında aparılmalıdır”.

Peyvənddən əvvəl nəzərə alınmalı əsas məqamlar bunlardır:

“Birinci növbədə uşağın cari sağlamlıq vəziyyəti qiymətləndirilməlidir. Əgər aktiv və ciddi xəstəlik varsa, əvvəlcə müalicə aparılmalı, sonra vaksinasiya həyata keçirilməlidir.

Daha sonra allergik anamnez araşdırılmalıdır. Uşağın əvvəlki peyvəndlərə və ya vaksinin hər hansı komponentinə qarşı ciddi reaksiyasının olub-olmadığı müəyyənləşdirilməlidir. Əvvəlki dozalar zamanı hər hansı ağır fəsadın baş verib-vermədiyi də aydınlaşdırılmalıdır.

Əgər uşağın immun sistemi zəifdirsə və ya immunosupressiv müalicə alırsa, peyvənd məsələsi xüsusi diqqətlə və təkrar qiymətləndirilməlidir. Uşağın yaşı və peyvənd təqviminə uyğunluq da çox vacibdir. Vaksinin tətbiq yaşı və intervalı standartlara uyğun olmalıdır.

Valideynlər də həkimə tam və düzgün məlumat verməlidirlər: əvvəlki reaksiyalar, allergiyalar, dərmanlara həssaslıq və hazırda mövcud xəstəlik əlamətləri barədə məlumatlandırma vacibdir”.

Peyvənd uşaqları ağır infeksion xəstəliklərdən və onların ciddi fəsadlarından qoruyan ən vacib və effektiv vasitələrdən biridir:

“Ümumilikdə, çox ciddi reaksiyalar olduqca nadir hallarda müşahidə edilir. Dünyada milyonlarla uşağa peyvənd təhlükəsiz şəkildə tətbiq olunur və ağır fəsadların statistik göstəricisi çox aşağıdır. Əks göstərişlər isə yalnız tibbi əsaslarla və peşəkar qiymətləndirmə nəticəsində müəyyən edilməlidir. Əgər müvəqqəti əks göstəriş varsa, vaksinasiya fərqli plan üzrə həyata keçirilə bilər.

Yüngül əlamətlər, məsələn, burun axıntısı, yüngül öskürək və s. adətən peyvənd üçün ciddi əks göstəriş sayılmır. Lakin orta və ağır xəstəlik hallarında vaksinasiya təxirə salınmalıdır.

Əsl (mütləq) əks göstərişlərə isə bunlar daxildir: Əvvəlki peyvəndə və ya onun hər hansı komponentinə qarşı ciddi allergik reaksiya (məsələn, nəfəs darlığı, ağır şişkinlik, anafilaksiya və s.); Ağır immunçatışmazlıq hallarında canlı zəiflədilmiş vaksinlərin tətbiqi.

Bu kimi hallarda həmin vaksinin vurulması riskli ola bilər və bu, həqiqi əks göstəriş hesab olunur. Qısa müddətli və yüngül vəziyyətlər isə adətən müvəqqəti təxirə salınma tələb edə bilər, lakin bu, daimi əks göstəriş sayılmır. Yekun olaraq, peyvəndlə bağlı qərarlar emosional deyil, tibbi göstərişlər və elmi əsaslar üzərində verilməlidir.

Əslində, qeyd etdiyim mütləq əks göstərişlər mövcud olduğu halda peyvəndin vurulması, əlbəttə ki, təhlükəli ola bilər. Lakin digər hallarda - məsələn, müvəqqəti əks göstəriş olduqda – peyvəndin sadəcə ertələnməsi daha məqsədəuyğundur. Yəni sadaladığım hallarda vaksinasiya riskli sayıla bilər. Digər vəziyyətlərdə isə peyvənd, əksinə, uşaqları ağır infeksion xəstəliklərdən və onların ciddi fəsadlarından qoruyan ən vacib və effektiv vasitələrdən biridir.

Valideynlərə tövsiyəm budur ki, ayrı-ayrı fərdi halları ümumiləşdirərək yanlış qərar verməsinlər. Qərar verərkən yalnız rəsmi tibbi məlumatlara və etibarlı mənbələrə əsaslansınlar”.

Seçilən
14
azedu.az

1Mənbələr