AZ

“Kömək Kredit İttifaqı”nın rəhbərinin məhkəmə ifadəsi məlum oldu –TƏFƏRRÜAT

Bakı Ağır Cinayətlər Məhkəməsində “Kömək Kredit İttifaqı” Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) təsisçisi və direktoru olmuş Aydın Hüseynovun cinayət işinin bəzi detalları məlum olub.


Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Leyla Əsgərova-Məmmədovanın sədrliyi ilə keçirilən prosesdə ittiham aktı elan edilib.


İttihama görə, 2012-2016-cı illər ərzində müxtəlif şəxslərin adlarına saxta kredit müqavilələri tərtib etməklə İqtisadiyyat Nazirliyi yanında Sahibkarlığın İnkişafı Fonduna məxsus 1 002 000 manat vəsaiti sahibkarlara güzəştli kredit verilməsi adı altında mənimsəməyib.


Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Aydın Hüseynov ifadəsində bildirib ki, vaxtilə Füzuli rayonunda qurumların birinində sədr müavini vəzifəsində işləyib, 1999-cu ildə isə “Kömək Kredit İttifaqı” MMC-ni təsis edib: “Həmin qurumun həm təsisçisi, həm də icraçı direktoru olmuşam”.


Onun sözlərinə görə, kredit ittifaqı 2007-ci ilə qədər normal fəaliyyət göstərib və 2012-ci ilə qədər hər hansı kredit cəlb edilməsi üçün müraciət etməyib.


Təqsirləndirilən şəxs qeyd edib ki, 2012-ci ildə Fikrət adlı şəxs ona Nardaran ərazisində 10-12 nəfərə təcili kredit verilməsinin zəruri olduğunu deyib: “İlk dəfə televiziya nümayəndələrinin iştirakı ilə Nardaran sakinlərinə ümumilikdə 120 000 manat məbləğində kredit təqdim etmişəm. Lakin bir neçə ay ərzində vəsaitlər geri qaytarılmadı”.


Aydın Hüseynovun ifadəsinə görə, Füzuli rayonunda 5 000 tonluq soyuducu anbar təsis edib. 2012-ci ildə rəhbərliyin həmin anbarın açılışında iştirakı nəzərdə tutulduğundan, anbara gedən yolun asfaltlanmalı olduğu bildirilib. Bu işlərin görülməsi üçün maliyyə vəsaiti olmadığından, 02 dekabr 2012-ci il tarixdə Sahibkarlıq Fondunun sədri Şirzad Abdullayev tərəfindən ona 20 nəfər qohumunun adına kredit müqavilələri hazırlanması və həmin vəsaitlərin ayrılması təklif edildiyini söyləyib. Təqsirləndirilən şəxs deyib ki, 03 dekabr 2012-ci ildə siyahı təqdim olunub, 06 dekabr tarixdə isə 300 000 manat vəsait ayrılıb.


O, ayrı-ayrı şəxslərin adlarına saxta kredit müqavilələri tərtib edildiyini etiraf edib, lakin həmin vəsaiti sonradan qaytarmaq niyyətində olduğunu bildirib. Ayrılmış vəsaitin Füzuli rayonunda yerləşən su anbarına gedən yolun asfaltlanmasına və abadlıq işlərinə sərf edildiyini qeyd edib. Soyuducu anbarın ümumi ərazisinin 2 hektar olduğunu vurğulayıb.


Təqsirləndirilən şəxs əlavə edib ki, Sahibkarlıq Fondunda rəhbərlik dəyişdikdən sonra yeni rəhbərlik borcun qısa müddətdə ödənilməsini tələb edib. O isə məhkəmə qərarına əsasən borcun hissə-hissə ödənildiyini bildirib. Həmçinin, soyuducu anbarın sənədləşdirilməsi və satışı yolu ilə borcun tam bağlanmasının mümkün olduğunu deyib. Onun sözlərinə görə, prokurorluq orqanı tərəfindən anbar 6 000 000 manat dəyərində qiymətləndirilib. 


Məhkəmədə sualları cavablandıran təqsirləndirilən şəxs söyləyib ki, ilkin olaraq 120 000 manat, daha sonra isə 20 nəfərin adına 300 000 manat kredit götürülüb. Ümumilikdə 420 000 manatlıq borcu bağlamaq üçün 1 002 000 manat məbləğində kredit cəlb edilməli olub. Onun sözlərinə görə, Sahibkarlıq Fonduna 582 000 manat borcu olub və həmin məbləğ qaytarılıb. 


İbtidai istintaq dövründə verdiyi ifadədə isə Aydın Hüseynov ona Cinayət Məcəlləsinin 179.3.2, 308.2 və 313-cü maddələri ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilmədiyini göstərib. O, sənədləri saxtalaşdırdığını təsdiqləsə də, bu əməlin cinayət xarakterli olduğunu bilmədiyini söyləyib. 1999-cu ilin dekabrında təsis etdiyi MMC-nin 2018-ci ildən fəaliyyətini maliyyə çatışmazlığı və lisenziya müddətinin başa çatması səbəbindən dayandırdığını deyib.


Məhkəmə iclasında zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi ifadəsində bildirib ki, təqsirləndirilən şəxsin qanunsuz fəaliyyəti nəticəsində Fonda ümumilikdə 1 002 000 manat məbləğində zərər vurulub. Onun sözlərinə görə, həmin dövrdə kredit ittifaqlarına vəsait 2 faizlə ayrılıb, ittifaqlar isə üzərinə əlavə 4 faiz qoyaraq sahibkarlara kredit veriblər. Hazırda ödənilmiş məbləğ çıxıldıqdan sonra qalan borc 487 742 manat 82 qəpik təşkil edir.


Nümayəndə əlavə edib ki, Şirvan Kommersiya Məhkəməsinə edilən müraciət əsasında mülki iddia tam təmin olunub. Qiyabi qətnamə qanuni qüvvəyə minib. Hazırda həmin qətnamə üzrə ödənilməmiş 299 382 manat 82 qəpik məbləğ cinayət nəticəsində vurulmuş zərər kimi qalır. Aydın Hüseynovun məhkəmə istintaqı dövründə etdiyi ödənişlər Fond tərəfindən ayrı-ayrı sahibkarların borcunun bağlanması kimi nəzərə alınır.


Nümayəndə həmçinin izah edib ki, MMC ilə Fond arasında bağlanmış əməkdaşlıq müqaviləsinə əsasən kredit limiti əvvəlcədən müəyyən olunub, sahibkarların adları isə sonradan təqdim edilib. Layihələrin məqsədəuyğunluğu Fond tərəfindən yoxlanıldıqdan sonra vəsait kredit təşkilatının hesabına köçürülüb və həmin təşkilat vasitəsilə sahibkarlara təqdim edilib. Kreditlər ödənilmədikdə məsuliyyət birbaşa kredit təşkilatının üzərinə düşüb.


Qeyd: İbtidai istintaq dövründə vurulmuş ziyandan 514 min manatının ödənilməsi təmin edilib, həmçinin müstəntiqin qərarı və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında məhkəmənin qərarı ilə təqsirləndirilən şəxsə məxsus müxtəlif daşınmaz əmlakların üzərinə həbs qoyulub.


Toplanmış sübutlar əsasında Aydın Hüseynova Cinayət Məcəlləsinin 179.3.2 (mənimsəmə külli miqdarda ziyan vurmaqla törədildikdə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham elan edilməklə barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib.


Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxsə Cinayət Məcəlləsinin 179.3.2-ci maddəsi ilə bəraət verilib. Aydın Hüseynov barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv olunub, zərərçəkmiş hüquqi şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin tabeliyində Azərbaycan Biznesinin İnkişafı Fondunun nümayəndəsi tərəfindən verilmiş mülki iddia üzrə icraata xitam verilib. MMC-nin mülkiyyətində olan Füzuli rayonu, Əhmədbəyli kəndi ərazisində yerləşən 5 min tonluq soyuducu anbarı Binəqədi Rayon Məhkəməsinin 23 may 2024-cü il tarixli qərarı ilə üzərinə qoyulmuş həbsdən azad edilib.

Tarix: 24 Fevral 2026, 10:33   
Seçilən
8
pravda.az

1Mənbələr