AZ

İdarəetmədə çağdaş tələblər və aydın hədəflər

Azərbaycan Respublikasında son illər həyata keçirilən təşkilati və struktur islahatları dövlət idarəetməsinin modernləşdirilməsi, iqtisadiyyatın rəqabət qabiliyyətinin artırılması və cəmiyyətin dəyişən tələblərinə uyğunlaşdırılması baxımından strateji önəm daşıyır. Prezident İlham Əliyevin bu ilin əvvəlindən etibarən imzaladığı müvafiq fərmanlarla bir sıra dövlət qurumlarının yenidən təşkil olunması, eləcə də fəaliyyətinin təkmilləşdirilməsi bu prosesin ardıcıl və sistemli xarakter aldığını bir daha nümayiş etdirir. Bu qərarlar yalnız struktur dəyişiklikləri ilə məhdudlaşmır, eyni zamanda, dövlət idarəçiliyində yeni keyfiyyət mərhələsinin formalaşdırılmasını şərtləndirir.

Struktur islahatlarının strateji fəlsəfəsi

Hazırda ölkədə həyata keçirilən struktur islahatlarının əsas məqsədi idarəetmədə çevikliyi və səmərəliliyi artırmaq, dövlət aparatını müasir çağırışlara uyğunlaşdırmaq və sosial-iqtisadi sahələrdə yaranan yeni şəraitə uyğun institusional cavab verməkdir. Bu yanaşma dövlət başçısının müəyyənləşdirdiyi yeni iqtisadi modelin mühüm komponenti kimi çıxış edir və iqtisadi inkişafın idarəetmə əsaslarını daha da möhkəmləndirir.

Struktur dəyişiklikləri nəticəsində paralel funksiyaların aradan qaldırılması, səlahiyyət bölgüsünün dəqiqləşdirilməsi və idarəetmə mexanizmlərinin sadələşdirilməsi dövlət aparatının daha yığcam və funksional formaya keçməsinə şərait yaradır. Bu isə qərarların qəbulunda operativliyin artması, resurslardan səmərəli istifadə və institusional məsuliyyətin güclənməsi deməkdir.

Dövlət idarəçiliyinin optimallaşdırılmasını və iqtisadi təsirləri özündə ifadə edən bu islahatların iqtisadi mühitə təsiri çoxşaxəlidir. İlk növbədə, dövlət aparatının yığcamlaşdırılması və səlahiyyətlərin müəyyən məhdudiyyətlər çərçivəsində mövcud variantlar içərisindən ən yaxşısının seçilməsi büdcə xərclərinin azaldılması ilə nəticələnir. Paralel strukturların saxlanmasına yönələn maliyyə vəsaitlərinin azalması isə dövlət resurslarının prioritet sahələrə yönəldilməsinə imkan yaradır.

Digər tərəfdən, institusional optimallaşdırma biznes mühitinə müsbət təsir göstərir. Daha səmərəli dövlət aparatı özəl sektorun fəaliyyətinə inzibati müdaxiləni minimuma endirməklə bazar mexanizmlərinin güclənməsinə şərait yaradır. Beləliklə, dövlət və bazar tənzimlənməsi arasında optimal balans formalaşır ki, bu da özəl sektorun iqtisadi inkişafın aparıcı qüvvəsinə çevrilməsini stimullaşdırır. Bu baxımdan struktur islahatları investisiya mühitinin yaxşılaşdırılması, sahibkarlıq fəaliyyətinin genişləndirilməsi və yeni iş yerlərinin yaradılması baxımından mühüm rol oynayır.

Struktur islahatlarının digər mühüm istiqaməti isə yaxşı idarəetmə və açıq hökumət prinsiplərinin gücləndirilməsidir. Dövlət qurumlarının fəaliyyət istiqamətlərinə yenidən baxılması, funksional yanaşmanın tətbiqi və rəqəmsallaşmanın genişləndirilməsi dövlət-vətəndaş münasibətlərinin daha şəffaf və əlçatan olmasına xidmət edir. Beynəlxalq qiymətləndirmələr də bu tendensiyanı təsdiqləyir. Qlobal rəqabətlilik indeksinin “dövlət tənzimlənməsinin yükü” göstəricisi üzrə Azərbaycanın yüksək mövqe tutması da dövlət idarəçiliyində aparılan optimallaşdırma siyasətinin nəticəsi kimi dəyərləndirilə bilər. Bu fakt, eyni zamanda, dövlət idarəetmə sistemində səmərəliliyin artırılması istiqamətində görülən işlərin beynəlxalq müstəvidə tanındığını göstərir.

Prezident İlham Əliyevin 20 fevral 2026-cı il tarixdə imzaladığı müvafiq fərmanlarla media, beynəlxalq münasibətlər və su təsərrüfatı sahələrində fəaliyyət göstərən qurumların yenidən təşkili dövlət idarəetməsində sektorlararası uğurlu əməkdaşlığın, innovasiya və səmərəliyin gücləndirilməsi məqsədi daşıyır. Bu dəyişikliklər, eyni zamanda, müxtəlif sahələrdə fəaliyyət göstərən institutların funksional koordinasiyasını artırmaqla dövlət siyasətinin icrasında vahid yanaşmanın formalaşmasına imkan verir.

Xüsusilə su ehtiyatlarının idarə olunması sahəsində struktur dəyişiklikləri resursların səmərəli istifadəsi, infrastrukturun modernləşdirilməsi və regional xidmətlərin keyfiyyətinin yüksəldilməsi baxımından mühüm perspektivlər açır. Media və analitik institutların yenidən təşkili isə informasiya siyasətinin səmərəliyinin artırılmasına və strateji kommunikasiya imkanlarının genişləndirilməsinə əlverişli şərait yaradır. “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi” və “Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi” publik hüquqi şəxslərin yenidən təşkili haqqında dövlət başçısının müvafiq Fərmanı bu fikrin bariz ifadəsidir.

Ümumiyyətlə, media və analitik institutların yenidən təşkili dövlətin informasiya siyasəti və strateji kommunikasiya imkanlarının gücləndirilməsi baxımından xüsusi diqqət çəkir. Onu da qeyd edək ki, son illər informasiya mühitinə milli təhlükəsizliyin komponentlərindən biri kimi xüsusi əhəmiyyət verilir. Çünki media və analitik institutların koordinasiyalı fəaliyyəti dövlətin beynəlxalq informasiya məkanında mövqelərinin güclənməsinə şərait yaradır.

Beynəlxalq münasibətlər və geosiyasi proseslərlə bağlı qərarların elmi-analitik əsaslarla qəbul edilməsi isə dövlət siyasətinin keyfiyyətini artırır. Bu baxımdan analitik mərkəzlərin funksional imkanlarının genişləndirilməsi strateji qərarvermə prosesini gücləndirir. Beləliklə, bu və ya digər struktur dəyişiklikləri Azərbaycanın yeni iqtisadi modelinin institusional dayaqlarını gücləndirməklə yanaşı, dövlət idarəçiliyinin keyfiyyətinin yüksəldilməsinə və uzunmüddətli inkişaf strategiyasının həyata keçirilməsinə xidmət edir.

Bu gün respublikada həyata keçirilən islahatlar çərçivəsində dövlət maliyyəsinin idarə olunmasında rəqəmsallaşmanın genişləndirilməsi, büdcə vəsaitlərinin ünvanlı və səmərəli istifadəsinin gerçəkləşdirilməsi də qarşıda mühüm vəzifə kimi durur. Yenidən təşkil olunan maliyyə strukturlarında isə əməkdaşların hüquq və əmək münasibətlərinin normativ hüquqi aktlara uyğun tənzimlənəcəyi mühüm şərtlərdən biridir. Dövlət Xəzinədarlıq Agentliyinin regional idarələrinin ləğv edilməsinə və onun fəaliyyətinin mərkəzləşdirilmiş, daha çevik idarəetmə modeli çərçivəsində davam etdirilməsinə start verilməsi də vurğulanan fikrin bariz ifadəsidir.

Azərbaycan Respublikasında dövlət idarəçiliyinin modernləşdirilməsi istiqamətində həyata keçirilən struktur islahatları dövlət başçısının son fərmanları ilə yeni mərhələyə qədəm qoyur. Bu sənədlər dövlət aparatının funksional optimallaşdırılması, paralel strukturların aradan qaldırılması və sektorlar üzrə institusional koordinasiyanın gücləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Aparılan dəyişikliklər təkcə inzibati yenilənmə deyil, həm də dövlət idarəçiliyinin səmərəliliyinə və iqtisadi inkişafın keyfiyyətinə təsir edən sistemli transformasiya kimi qiymətləndirilir.

İdarəetmədə kəmiyyətdən keyfiyyətə

Azərbaycanda dövlət aparatının və idarəetmə mexanizminin səmərəliliyini yüksəltmək uzun müddətdir ki, ictimai müzakirə mövzusudur. Bu baxımdan struktur islahatları təkcə iqtisadi deyil, həm də sosial əhəmiyyət daşıyır. Vətəndaşların uzun və mürəkkəb inzibati prosedurlarla üzləşməsi idarəetmə sisteminin təkmilləşdirilməsini zəruri edən əsas amillərdən biri kimi diqqət çəkir. Dövlət qurumlarının funksional strukturunun yenilənməsi, xidmətlərin rəqəmsallaşdırılması və prosedurların sadələşdirilməsi vətəndaş məmnunluğunu artırmaqla yanaşı, dövlətə olan institusional etimadı da gücləndirir. Bu isə sosial kapitalın formalaşması və dövlətin legitimlik səviyyəsinin yüksəlməsi baxımından mühüm nəticədir.

İqtisad elmləri doktoru Yaqub Rəhimovun sözlərinə görə, struktur islahatlarının daha geniş strateji çərçivəsi insan kapitalının inkişafı və elmi əsaslı idarəetmə modelinin formalaşdırılması ilə bağlıdır. Müasir dövrdə dövlətlərin rəqabət qabiliyyəti yalnız təbii resurslarla deyil, eyni zamanda, insan kapitalının keyfiyyəti və institusional səmərəliliklə müəyyənləşir. Azərbaycanın uzunmüddətli inkişaf strategiyasının elm, təhsil və innovasiya üzərində qurulması da bu yanaşmanın praktik təzahürüdür.

Bu baxımdan “keyfiyyət əmsalı” prinsipinin tətbiqi elmi fəaliyyətin nəticəyönümlüyünü artırmaq, tədqiqatların real sektorla əlaqəsini gücləndirmək və Azərbaycan elmini qlobal elmi məkana inteqrasiya etdirmək məqsədi daşıyır. Elmin sosial məşğulluq vasitəsi deyil, inkişafın aparıcı mexanizmi kimi qiymətləndirilməsi isə struktur islahatlarının ideoloji əsasını tamamlayır.

Y.Rəhimovun sözlərinə görə, beynəlxalq təcrübə göstərir ki, dövlət aparatının optimallaşdırılması və strukturun sadələşdirilməsi iqtisadi transformasiya proseslərinin ayrılmaz elementidir. Bir çox ölkələrdə hazırda aparılan idarəetmə islahatları bürokratik maneələrin azaldılması, qərarların qəbulunda operativliyin artırılması və dövlət xidmətlərinin keyfiyyətinin yüksəldilməsi ilə nəticələnir.

Azərbaycanın bu istiqamətdə həyata keçirdiyi siyasət isə milli xüsusiyyətlər və strateji prioritetlər nəzərə alınmaqla formalaşan model kimi dəyərləndirilir. Dövlətin koordinasiyaedici rolunu qorumaqla bazar mexanizmlərinin gücləndirilməsi, sosial məsuliyyət və iqtisadi səmərəliliyin uzlaşdırılması bu modelin əsas xüsusiyyətlərindən biri kimi qiymətləndirilir.

Beləliklə, dövlətimizin başçısının müvafiq fərmanları ilə davam etdirilən struktur islahatları Azərbaycanda dövlət idarəçiliyinin modernləşdirilməsi prosesinin yeni mərhələyə keçdiyini göstərir. Bu islahatlar idarəetmədə çevikliyin və səmərəliliyin artırılması, büdcə resurslarının optimallaşdırılması, biznes mühitinin yaxşılaşdırılması və vətəndaş məmnunluğunun yüksəldilməsi kimi çoxşaxəli məqsədlərə xidmət edir. Eyni zamanda, aparılan dəyişikliklər ölkənin yeni iqtisadi modelinin institusional əsaslarını formalaşdırmaqla davamlı inkişaf strategiyasının həyata keçirilməsinə önəmli töhfə verir.

Elşan ƏHMƏDOV,
Dövlət İdarəçilik Akademiyasının dosenti

Struktur islahatları yüksək idarəetmə və açıq hökumət prinsiplərinə uyğun olmaqla, eləcə də dövlət idarəetməsinin dünya standartlarına əsaslanılmaqla həyata keçirilməsini təmin edir. Davos İqtisadi Forumunun qlobal rəqabətliliklə bağlı müvafiq hesabatına görə, Azərbaycanın 140 ölkə arasında “Dövlət tənzimlənməsinin yükü” alt-indikatoru üzrə 12-ci yerdə qərarlaşaraq Avstriya, Belçika və Danimarka kimi ölkələri geridə qoyması da bunun bariz ifadəsidir. Bu fakt, eyni zamanda, Prezident İlham Əliyevin rəhbərliyi ilə hazırda ölkədə səmərəli dövlət idarəetmə aparatının formalaşmasının təsdiqidir.

Dövlət başçısı biznes mühitini təkmilləşdirmək, davamlı iqtisadi inkişafa nail olmaq, infrastrukturu və insan kapitalını inkişaf etdirmək, Azərbaycanın dünya iqtisadiyyatında mövqelərini gücləndirmək və struktur islahatları aparmaqla respublikamızın tarazlı inkişafını reallaşdırır. Bu struktur islahatları həm də nəticə etibarilə məhsuldarlığın artırılması, ölkəyə daha çox investisiya cəlb olunması və yeni iş yerlərinin yaradılması deməkdir.

Azərbaycanda dövlət aparatının böyüməsi və idarəetmə mexanizminin səmərəliliyi son illərdə ən çox müzakirə edilən məsələlərdəndir. Dövlət idarəçiliyinin yenilənməsi və müasirləşdirilməsi artıq dövrün obyektiv tələbidir. Ötən illərdə bu istiqamətdə xeyli işlər həyata keçirilib və optimallaşdırma nəticəsində həm dövlətin yükü azalıb, həm də lazımsız xərclərdən qənaət edilib.

Qlobal təcrübə də göstərir ki, dövlət aparatının yığcamlaşdırılması, paralel funksiyaların optimallaşdırılması və strukturun sadələşdirilməsi idarəçiliyin daha çevik olmasına, qərarların daha operativ şəkildə icrasına şərait yaradır. Azərbaycanın struktur islahatları qlobal idarəetmə transformasiyası tendensiyaları ilə məntiqi uyğunluq təşkil edir. Müxtəlif ölkələrin təcrübəsi dövlət aparatının optimallaşdırılmasının iqtisadi və sosial effektlərini aydın şəkildə nümayiş etdirir. Məsələn, Böyük Britaniyada həyata keçirilən “Next Steps” və sonrakı idarəetmə islahatları dövlət funksiyalarının agentliklərə ötürülməsi və nəticəyönümlü idarəetmə modelinin tətbiqi ilə xarakterizə olunur. Bu yanaşma dövlət siyasətinin hazırlanması ilə icrası arasında institusional fərqləndirmə yaradaraq xidmətlərin səmərəliyini və keyfiyyətini artırıb.

Azərbaycanın publik hüquqi şəxslər modelindən istifadəsi isə bu təcrübə ilə müəyyən oxşarlıq təşkil edir. Dövlət siyasətinin mərkəzləşdirilmiş şəkildə formalaşdırılması və icra funksiyalarının daha çevik qurumlara verilməsi institusional çevikliyi artıran amildir. Estoniya dövlət idarəçiliyinin rəqəmsallaşdırılması və struktur sadələşdirilməsi sahəsində qabaqcıl nümunələrdən biridir. Elektron hökumət platformalarının tətbiqi isə dövlət aparatı fəaliyyətinin optimallaşdırılmasını və xidmətlərin əlçatanlığının artmasını sürətləndirir. Azərbaycanın struktur islahatları ilə paralel şəkildə aparılan rəqəmsal transformasiya proqramları da bu modelə yaxınlaşmanı nümayiş etdirir və vətəndaşyönümlü idarəetmə konsepsiyasını gücləndirir.

Vaqif BAYRAMOV
XQ

Seçilən
10
xalqqazeti.az

1Mənbələr