Şəmsi Bədəlbəyli - 115
Azərbaycanın maarif, mədəniyyət və elm tarixinə silinməz səhifələr yazmış Bədəlbəylilər nəslinin çox görkəmli nümayəndələri olub. Dahi Üzeyir bəy Hacıbəylinin xalası oğlanları Bədəl Bədəlbəyli və qardaşı Əhməd bəy Ağdamski, Əfrasiyab Bədəlbəyli və başqaları. Onlardan biri də tanınmış rejissor, Əməkdar incəsənət xadimi, Xalq artisti Şəmsi Bədəlbəyli idi.
1911-ci il fevralın 23-də Şuşada dünyaya gələn Şəmsi bəyin ömür yolu öz sələflərinin şöhrətinə şöhrət qatması ilə əlamətdardır. O, əvvəlcə Bakıda pedaqoji texnikumda, ardınca isə Azərbaycan Dövlət Konservatoriyasında oxuyub, dahi Üzeyir bəydən dərs alıb. Həmin illərdə Dövlət Dram Teatrında böyük qardaşı, bəstəkar və dirijor Əfrasiyab Bədəlbəylinin rəhbərlik etdiyi orkestrdə tarzənlik edib. Özündən 12 yaş böyük olan dramaturq Cəfər Cabbarlı ilə dostlaşaraq, ona səhnə ilə bağlı fəaliyyətində köməklik göstərib. Elə gənc Şəmsidə rejissorluq sənətinə hədsiz marağı da C.Cabbarlı yaradıb. Dramaturqun əsərləri onu bu sahəyə ömürlük bağlayıb.
Şəmsi Bədəlbəyli bir müddət “Gənc işçi” qəzeti redaksiyasında şöbə müdiri, Dövlət Dram Teatrında rejissor assistenti kimi fəaliyyət göstərib. 3 il Moskvada kurs keçəndən sonra Bakının baş teatrında müstəqil rejissorluq edib və bir çox səhnə əsərlərinə quruluş verib.
Onun ilk özəl işi Cəlil Məmmədquluzadənin 1939-cu ildə tamaşaya qoyulan “Ölülər” əsəri olub. Sonra həmin teatrda 10 illik əmək fəaliyyəti ərzində həm milli, həm də rus və Qərb ədəbiyyatının ən gözəl nümunələrinə səhnə həyatı verib. Xüsusilə rejissor Məcid Zeynalovla birgə Mirzə Fətəli Axundzadənin “Müsyo Jordan və dərviş Məstəli şah” komediyasının səhnələşdirilməsi üzrə işi Şəmsi Bədəlbəylinin komediya janrında istedadını üzə çıxarıb.
Zahirən çox ciddi, qaraqabaq təsir bağışlasa da, əslində, nikbin ruhlu idi. Yumoru çox sevərdi. Elə buna görə də quruluş verdiyi əsərlərdə duzlu gülüş, düşündürücü yumor vardı. İkinci Dünya müharibəsi ərəfəsində müxbir kimi İrana göndərilən Şəmsi Bədəlbəyli Təbrizdə “Qırmızı Şərq”, “Vətən uğrunda” qəzetlərinin redaksiyasında işləməklə bərabər, həvəskar aktyorların iştirakı ilə Üzeyir bəy Hacıbəylinin “Arşın mal alan”, Zülfüqar bəy Hacıbəylinin “Evliykən subay”, “Əlli yaşında cavan” operettalarını tamaşaya qoyub və cənublu soydaşlarımıza bol gülüş bəxş edib.
1943-cü ildə Bakıya qayıdan Şəmsi bəy Musiqili Komediya Teatrının bədii rəhbəri olub. Onun rejissorluğu ilə bu sənət ocağında bir sıra bəstəkarların musiqili komediyaları orijinal quruluşda səhnə həllini tapıb. Ü.Hacıbəylinin “O olmasın, bu olsun”, “Arşın mal alan”, V.Dolidzenin “Keto və Kote”, S.Rüstəmovun “Durna”, “Rəisin arvadı”, F.Əmirovun “Gözün aydın”, A.Məlikovun “Ləpələr”, S.Ələsgərovun “Ulduz”, “Sevindik qız axtarır”, “Həmişəxanım”, V.Adıgözəlovun “Nənəmin şahlıq quşu”, E.Sabitoğlunun “Hicran” musiqili komediyalarına yeni quruluşlar verilib. Şəmsi bəy bir rejissor kimi dramaturqun ideyasını, bəstəkarın musiqisini, aktyorun ifasını səhnədə təcəssüm etdirə bilirdi.
Filarmoniyanın direktoru və bədii rəhbəri, Akademik Opera və Balet Teatrının direktoru və baş rejissoru vəzifələrini tutan Şəmsi Bədəlbəyli 1976-cı ildə Azərbaycan Teatr Cəmiyyəti İdarə Heyətinin sədri seçilib. Onun təşəbbüsü ilə Teatr Cəmiyyətinin nəzdində “Dostluq” teatrı yaradılıb.
Sənətkarın oğlu, məşhur pianoçu, Xalq artisti Fərhad Bədəlbəylinin dediyinə görə, 60-cı illərin əvvəllərində Şəmsi Bədəlbəyliyə Xalq artisti adı vermək istəyiblər, amma qardaşı Əfrasiyaba yox. Gedib Mərkəzi Komitədə dövlət xadimi Süleyman Vəzirova deyib ki, “o mənim böyük qardaşımdır, müsəlman Şərqində ilk balet olan “Qız qalası”nın müəllifidir. Fəxri adı mənə yox, ona verin”. Hansı qardaş bunu edərdi? Beləliklə, əvvəl qardaşı, sonra da özü Xalq artisti adını alıb.
Belə xatirələr çoxdur. Birini də Xalq artisti Afaq Bəşirqızı danışdı:
– Şəmsi Bədəlbəyli hər bir aktyorla fərdi iş aparır, istedadlara xüsusi qayğı göstərir, onların inkişafını diqqətdə saxlayırdı. Yaradıcılıq məsələləri ilə yanaşı, teatrda çalışan aktyorların məişət və sosial problemlərinin həllinə də çalışırdı. O zaman aktyorların mənzillə təmin edilməsi çox çətin idi. Musiqili Komediya Teatrına lap yaxın ərazidə 2 doqquzmərtəbəli binanın tikilməsinə Şəmsi müəllim uzun müddət razılıq vermirdi. Xeyli mübahisədən sonra, nəhayət, o şərtlə razılıq verdi ki, aşağı mərtəbələrdə teatrın bir sıra sexlərinə yer və 4 aparıcı aktyora həmin binalarda mənzil verilsin və buna nail oldu.
O illərdə Şəmsi Bədəlbəyli teatrda çalışan görkəmli aktyorların yaradıcılığı barədə televiziya filmləri də çəkdirib. Az maaş alan aktyorlara, xəstələrə haradan olur-olsun, vəsait tapıb kömək edirdi. Onun rəhbərliyi dövründə teatrın rus bölməsi hər il Rusiyanın ən azı 3 şəhərinə qastrola gedir və Musiqili Komediya Teatrını Azərbaycanın hüdudlarından kənarda tanıtdırırdı.
Bu arada Şəmsi Bədəlbəyli ilə bağlı bir epizodu danışmasam, olmaz. Atam – o illərin ən sevilən aktyorlarından olan Bəşir Səfəroğlu ağır xəstəliklə bağlı cərrahiyyə əməliyyatı olunduqdan sonra Şəmsi müəllimə zəng vurur və aralarında belə bir dialoq olur:
– Badalıç (aktyorlar Şəmsi Bədəlbəyliyə belə müraciət edirdilər), darıxmışam, oynamaq istəyirəm.
– Ürəyin hansı tamaşanı istəyirsə, de.
– Mən “Bizə bir xal lazımdır” və “Milyonçunun dilənçi oğlu” tamaşalarını oynamaq istərdim. Özü də Yaşıl Teatrda. Ordan yaman xoşum gəlir.
Atamın ümidsiz xəstə olduğunu yaxşı bilən Şəmsi Bədəlbəyli Mərkəzi Komitəyə zəng vurur, ona “Xalq artisti” fəxri adı verilməsini xahiş edir və “Mən afişada “Xalq artisti” yazacağam, siz özünüz bilərsiniz” deyib, dəstəyi yerə qoyur.
Görülən təşkilati işlərin nəticəsində Yaşıl Teatrda böyük tamaşaçı kütləsinin qatıldığı tamaşa yüksək səviyyədə keçir. Oradaca Bəşir Səfəroğluna “Xalq artisti” adı verilməsi barədə sərəncam təqdim olunur. Bu, atamın pərəstişkarları ilə vida tamaşası idi. Yaddaşlara yazılan tamaşanın, irimiqyaslı teatr aksiyasının müəllifi böyük şəxsiyyət, sənətə, sənətkara qiymət verməyi hamıdan yaxşı bacaran Şəmsi Bədəlbəyli idi…
Bütün varlığı ilə Azərbaycan mədəniyyətinə xidmət etmiş Şəmsi Bədəlbəyli kino sənətinin də inkişafında öz əməyini əsirgəməyib. Hətta bir sıra bədii və sənədli filmlərdə aktyor kimi iştirak edib. “O qızı tapın”, “Axırıncı aşırım”, “Xatirələr sahili” “Ömrün səhifələri” və sair filmlərdə onun həyat verdiyi Zeynalov, Raykom katibi, epizodik Əli Kərimoviç, Telefon gözləyən kişi rolları diqqət çəkir.
Şəmsi Bədəlbəyli 1987-ci ildə dünyasını dəyişib və Bakıda Fəxri xiyabanda dəfn olunub. Böyük nəslin milli mədəniyyətimizə xidmət missiyasını bu gün Şəmsi bəyin oğlu – Bakı Musiqi Akademiyasının rektoru, Xalq artisti Fərhad Bədəlbəyli layiqincə davam etdirir.
Ə.DOSTƏLİ
XQ