AZ

Xocalı soyqırımı – zaman keçsə də unudulmayan ağrı

1988-ci ildən başlayan Ermənistan–Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi dövründə baş vermiş ən faciəli və tarixdə analoqu az olan hadisələrdən biri Qarabağın ən qədim insan məskənlərindən olan Xocalıda törədilmiş soyqırımıdır. Xocalı faciəsi XX əsrin ən dəhşətli və qəddar hadisələri sırasında dayanır və miqyasına görə Xatın, Hiroshima, Lidice, Oradour-sur-Glane, Sonqmi kimi insanlıq tarixində qanlı iz qoymuş faciələrlə müqayisə olunur. Xocalı şəhəri Xankəndi şəhərindən 14 km şimal-şərqdə yerləşirdi. 1992-ci ilin qanlı hadisələrinə qədər burada təxminən 7 min nəfər əhali yaşayırdı. Münaqişə dövründə Ermənistandan və Xankəndidən didərgin salınmış azərbaycanlılar, həmçinin 1989-cu ildə Fərqanədən qovulmuş məhsəti türkləri də burada məskunlaşmışdı. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı dəstələri Xankəndidə yerləşdirilmiş keçmiş SSRİ-nin 366-cı motoatıcı alayının dəstəyi ilə silahsız və müdafiəsiz şəhərə hücum etdilər. Şəhər əvvəlcə dörd tərəfdən mühasirəyə alındı, sonra artilleriya və ağır texnika ilə atəşə tutuldu. Qısa müddətdə şəhər alova büründü. Fevralın 26-sı səhər saat 5-ə qədər Xocalı tamamilə işğal edildi və qədim şəhər yerlə-yeksan olundu. Şəhəri tərk etməyə məcbur olan sakinlər dağlara və meşələrə üz tutdular. Qarlı, şaxtalı fevral gecəsində yüzlərlə insan güllələndi, əsir götürüldü və ya soyuqdan həyatını itirdi. Rəsmi məlumatlara görə 613 nəfər öldürüldü (63 uşaq, 106 qadın, 70 ahıl), 8 ailə tamamilə məhv edildi, 27 ailənin yalnız 1 üzvü sağ qaldı, 25 uşaq hər iki valideynini, 130 uşaq isə valideynlərindən birini itirdi, 230 ailə ailə başçısını itirdi, 487 nəfər yaralandı (76-sı azyaşlı), 1275 nəfər əsir götürüldü, 150 nəfərin taleyi bu günədək naməlum qalır.

Xocalı faciəsinin hüquqi-siyasi müstəvidə qiymətləndirilməsi və beynəlxalq ictimaiyyətə çatdırılması istiqamətində sistemli fəaliyyətin əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulmuşdur. Onun siyasi iradəsi nəticəsində Xocalı hadisələrinə dövlət səviyyəsində hüquqi qiymət verilmiş, faciənin soyqırımı kimi tanıdılması istiqamətində ardıcıl addımlar atılmışdır. 25 fevral 1997-ci il tarixli sərəncama əsasən, hər il fevralın 26-sı saat 17:00-da ölkə ərazisində Xocalı soyqırımı qurbanlarının xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi təsbit olunmuşdur. Bu qərar faciənin ümummilli yaddaşda əbədiləşdirilməsi və gələcək nəsillərə çatdırılması baxımından mühüm siyasi-hüquqi əhəmiyyət kəsb etmişdir. Ulu Öndərin müəyyən etdiyi strateji xətt Xocalı həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasının konseptual əsasını formalaşdırmışdır. Bu siyasətin davamı olaraq, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanin təşəbbüsü ilə 2008-ci ildə “Justice for Khojaly” beynəlxalq maarifləndirmə kampaniyasına start verilmişdir. Kampaniya çərçivəsində müxtəlif ölkələrdə konfranslar, sərgilər, aksiyalar və məlumatlandırma tədbirləri təşkil edilmiş, Xocalı faciəsi ilə bağlı materiallar xarici auditoriyaya çatdırılmışdır.
İllər keçsə də, Xocalı ağrısı azalmır. Lakin 2020-ci ildə baş vermiş 44 günlük Vətən müharibəsindən sonra əldə edilən qələbə xalqımıza ümid və qürur hissi yaşatdı. Bir zamanlar qarlı yollarla ölümün əlindən qaçan insanlar bu gün başıuca doğma torpaqlarına qayıdırlar. İndi o torpaqda yenidən həyat cücərir – uşaqların səsi eşidilir, həyətlərdə ümid boy atır. Xocalı yalnız bir faciənin adı deyil həmçinin qan yaddaşı və vicdan çağırışıdır. Tarixi dəyişmək mümkün deyil. Lakin onu unutdurmamaq bizim əlimizdədir. Xocalı şəhidlərinin xatirəsini yaşatmaq, gələcək nəsillərə həqiqətləri çatdırmaq hər birimizin borcudur.
Zamanla bu ağrı bizi daha da möhkəmləndirdi, birliyimizi gücləndirdi və ədaləti bərpa etdirdi. Bu gün Xocalı şəhərinin dirçəlişi və yenidən qurulması prosesi ölkəmizin tarixi və ictimai həyatında mühüm mərhələni ifadə edir. Uzun illər işğal və dağıntılara məruz qalmış Xocalı artıq bərpa və inkişaf dövrünə qədəm qoyub. Şəhərdə həyata keçirilən genişmiqyaslı yenidənqurma və infrastruktur layihələri sakinlərin doğma torpaqlarına təhlükəsiz və ləyaqətli şəkildə qayıdışını təmin etməyə yönəlib. Sosial obyektlərin, yaşayış binalarının və kommunikasiya xətlərinin bərpası bölgənin davamlı inkişafına xidmət edir.Bu gün Azərbaycan Respublikasının dövlət bayrağının Xocalıda dalğalanması ölkənin ərazi bütövlüyünün bərpasının, dövlət suverenliyinin və milli həmrəyliyin bariz nümunəsidir. Xocalının yenidən qurulması prosesi həm tarixi ədalətin bərpası, həm də bölgədə sabitliyin və rifahın təmin olunması istiqamətində atılmış mühüm addımdır.

Samirə Hüseynova

Seçilən
17
veteninfo.az

1Mənbələr