AZ

FTX Asif Məmmədovu Rusiya vətəndaşlığından MƏHRUM ETDİ

İvanovo vilayətində fəaliyyət göstərən “Azərbaycanların Milli-Mədəni Muxtariyyəti” regional ictimai təşkilatının sədri və iş adamı Asif Məmmədov Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin (FTX) qərarı ilə Rusiya vətəndaşlığından məhrum edilib.

Musavat.com xəbər verir ki, qərarda onun fəaliyyəti “milli təhlükəsizliyə təhdid yaradan” fəaliyyət kimi qiymətləndirilir.

A.Məmmədov İvanovoda fəaliyyət göstərən iki Azərbaycan ictimai təşkilatına rəhbərlik edir.

O, “Vahid Rusiya” Partiyasından İvanovo Vilayətinə namizədliyini irəli sürmüşdü, lakin millətçi qüvvələrin tənqidləri nəticəsində namizədliyini geri götürmək məcburiyyətində qalıb.

Rusiya təbliğatçıları dərhal ona qarşı hücum kampaniyasına başlayaraq iddia ediblər ki, Məmmədov “rus dilində iki söz birləşdirə bilmir” və əvvəllər “Azərbaycan Prezidentinə təşəkkür məktubu göndərib”.

Onların fikrincə, Bakının “açıq şəkildə Rusiya əleyhinə siyasət yürüt­düyü” bir kontekstdə etnik azərbaycanlının İvanovodan parlamentə namizəd olması qəbuledilməzdir.

Təbliğatçı Sergey Mardan isə xəbərdarlıq etmişdi ki, əgər Məmmədov namizədliyini geri çəkməsə, “Vahid Rusiya” Partiyasının İvanovo şöbəsinin rəhbəri və regional qubernator “federal səviyyədə risk altında” olacaq.

Bu təzyiqlər fonunda “Vahid Rusiya” Partiyası Məmmədovun namizədliyini geri götürərək, bunu “ictimai narazılığa cavab” kimi izah etdi.

Qeyd edək ki, Füzuli rayonundan olan Asif Məmmədov 2020-ci ildə 55 yaşında vəfat etmiş tanınmış iş adamı və İvanovo vilayətindəki Azərbaycan diasporunun lideri Sərraf Məmmədovun qardaşıdır. Ailənin digər üzvü Ruslan Məmmədov isə hazırda İvanovo Dumasının deputatıdır, lakin bu dəfə namizədliyini irəli sürməyib və tezliklə mandatını itirəcək. Rusiya mediası yazır ki, Asif Məmmədov onun yerini tutmağa hazırlaşırdı, lakin “geniş ictimai etiraz” səbəbindən seçkilərdən çəkilməyə məcbur olub.

Seçilən
0
1
editor.az

2Mənbələr