AZ

Beş ildə altı baş nazir – Bolqarıstan hökumətsiz idarəetmə modelinə necə uyğunlaşdı?

Sofiya, 24 fevral, AZƏRTAC

Son beş il ərzində Bolqarıstanda altı fərqli baş nazir hökumətə başçılıq edib. Davamlı hökumət böhranları və tez-tez keçirilən parlament seçkiləri ölkədə siyasi sabitliyi zəiflədib. Buna baxmayaraq, dövlət institutları idarəetmədə fasiləsizliyi təmin etməyə nail olub.

AZƏRTAC xəbər verir ki, 2021-ci ildən başlayaraq Bolqarıstanda keçirilən ardıcıl seçkilər nəticəsində parlamentdə parçalanmış siyasi mənzərə formalaşıb. Heç bir partiya və ya blok təkbaşına sabit çoxluq əldə edə bilmədiyi üçün koalisiya hökumətləri qısaömürlü olub. Nəticədə prezidentin təyin etdiyi müvəqqəti hökumətlər ölkənin icra hakimiyyətini idarə edib.

Analitiklər qeyd edirlər ki, Bolqarıstan faktiki olaraq “hökumətsiz idarəetmə” modelinə uyğunlaşmaq məcburiyyətində qalıb. Dövlət idarəçiliyi əsasən texniki kabinetlər və dövlət aparatının davamlı fəaliyyəti hesabına təmin edilib. Büdcə siyasəti, Avropa İttifaqı ilə münasibətlər və təhlükəsizlik məsələləri üzrə əsas qərarlar müvəqqəti hökumətlər tərəfindən icra olunub.

Siyasi qeyri-sabitlik iqtisadi artım tempinə və islahat proseslərinə təsirsiz ötüşməyib. Xüsusilə məhkəmə sistemi, korrupsiyaya qarşı mübarizə və Avrozonaya inteqrasiya kimi prioritet istiqamətlər üzrə qərarların qəbulunda gecikmələr müşahidə olunub. Bununla yanaşı, Bolqarıstanın Avropa İttifaqı və NATO çərçivəsində öhdəlikləri yerinə yetirilib və xarici siyasətdə kurs dəyişməyib.

Ekspertlərin fikrincə, ölkənin qarşısında duran əsas çağırış parlamentdə uzunmüddətli və sabit koalisiya formalaşdırmaqdır. Əks halda, tez-tez dəyişən hökumətlər siyasi sistemin effektivliyini zəiflədə və strateji qərarların qəbulunu ləngidə bilər.

Qeyd edək ki, Bolqarıstanın son illərdə yaşadığı siyasi dinamika Cənub-Şərqi Avropada demokratik institutların dayanıqlılığı və koalisiya idarəetmə modellərinin səmərəliliyi ilə bağlı müzakirələri də gücləndirib.

İqbal Hacıyev

AZƏRTAC-ın xüsusi müxbiri

Sofiya

Seçilən
25
1
azertag.az

2Mənbələr