AZ

Xocalı soyqırımı qurbanları Haaqada anılıb - FOTOLAR

Niderland Krallığının Haaqa şəhərində Xocalı soyqırımı qurbanlarının xatirəsinə həsr olunan tədbir keçirilib.

Anım tədbiri Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin tabeliyində Azərbaycan Diasporuna Dəstək Fondunun dəstəyi, Hollanda-Azərbaycan Türk Mədəniyyət Dərnəyinin təşkilatçılığı ilə baş tutub.

"Cebheinfo.az" xəbər verir ki, bu barədə Diasporla İş üzrə Dövlət Komitəsi məlumat yayıb.

Bildirilir ki, tədbirdə Niderland ictimaiyyətinin nümayəndələri, bu ölkədəki Azərbaycan və türk icmalarının təmsilçiləri, Benilüks ölkələri üzrə Azərbaycanlıların Koordinasiya Şurasının Niderland koordinatorluğunun üzvləri iştirak ediblər.

İştirakçılar əvvəlcə “Yeni İkendinen” (Nieuw Eykenduynen) məzarlığında Xocalı soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış abidəni ziyarət edib, onların xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

Tədbirdə Azərbaycanın Niderlanddakı səfiri Məmməd Əhmədzadə, Türkiyənin Niderlanddakı səfiri Fatma Ceren Yazğan, Türkiyə Böyük Millət Məclisinin (TBMM) millət vəkili Şamil Ayrım, Azərbaycan Diasporuna Dəstək Fondunun icraçı direktoru Əkrəm Abdullayev, Türkiyə Azərbaycan Dərnəkləri Federasiyasının (TADEF) İdarə Heyətinin sədr müavini Pərviz Məmmədzadə, Haaqa şəhər bələdiyyəsinin sədr müavini Saskia Bruines, Bart ten Broek, Benilüks Azərbaycanlıları Konqresinin sədri, Benilüks ölkələri üzrə Azərbaycanlıların Koordinasiya Şurasının Niderland üzrə koordinatoru Elsevər Məmmədov və Hollanda-Azərbaycan Türk Mədəniyyət Dərnəyinin sədri İlhan Aşkın çıxış edib.

Çıxışlarda 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Azərbaycan xalqına və bütövlükdə insanlığa qarşı törədilən Xocalı soyqırımından 34 il ötsə də bu faciənin unudulmadığı qeyd olunub. Həmin gecə dinc əhaliyə qarşı törədilən qətliamın tarixindən və onun dəhşətli nəticələrindən danışılıb. 26 fevral tarixinin Azərbaycan xalqının yaddaşına qanlı hərflərlə yazıldığı vurğulanıb, Xocalı soyqırımına hüquqi-siyasi qiymətin verilməsinin vacibliyi diqqətə çatdırılıb.

Daha sonra “Qarabağ üzərindəki qara buludlar” kitabının müəllifi, tədqiqatçı-yazar Henri van Rensin tədbir iştirakçılarına müraciəti oxunub.

Tədbir çərçivəsində “Xocalı Nişanəsi” adlı qısa sənədli film nümayiş olunub. Hollanda-Azərbaycan Türk Mədəniyyət Dərnəyinin nəzdində fəaliyyət göstərən “Xarıbülbül” məktəbinin şagirdlərinin Xocalı soyqırımı qurbanlarına həsr etdikləri foto-sərgi nümayiş olunub, kamança ifaçısı Emin Sadıqlının ifasında həzin musiqilər səsləndirilib.

"Cebheinfo.az"

Seçilən
1
8
cebheinfo.az

9Mənbələr