AZ

İsrail səfiri: Azərbaycan-Ermənistan sülh prosesi bizim üçün uğur hekayəsidir - MÜSAHİBƏ

BAKI, 24 fevral. TELEQRAF

Azərbaycan və İsrail arasında 1992-ci ildən başlayan diplomatik əlaqələr bu gün enerji, texnologiya və təhlükəsizlik sahələrində dərin strateji tərəfdaşlığa çevrilib. İsrailin Azərbaycandakı səfiri Ronen Krausz Teleqraf İnformasiya Agentliyinə müsahibəsində 2023-cü ildə Təl-Əvivdə səfirliyin açılmasından sonra yeni mərhələyə qədəm qoyan ikitərəfli münasibətlər və gələcək perspektivləri şərh edib.

Diplomat ölkələr arasındakı yüksək səviyyəli siyasi dialoqla yanaşı, iqtisadi və mədəni bağların güclənməsinə xüsusi diqqət çəkib.

Onunla müsahibəni təqdim edirik.

- Azərbaycan və İsrail arasında 1992-ci ildə qurulmuş diplomatik münasibətlər uzun tarixə malikdir. İsrail Bakıda səfirlik açan ilk ölkələrdən biri olub. Ölkələrimiz arasındakı münasibətlərin hazırkı səviyyəsini necə qiymətləndirirsiniz? 2023-cü ildə Azərbaycanın İsraildə səfirliyinin açılması bu əlaqələrə necə təsir göstərib?

- İsrail ilə Azərbaycan arasındakı münasibətlər hazırda yüksək inkişaf mərhələsindədir. Bir neçə həftə əvvəl İsrailin xarici işlər naziri Gideon Sa`arın Azərbaycana ilk rəsmi səfəri olduqca məhsuldar keçib. Səfər çərçivəsində nazir Prezident İlham Əliyev, xarici işlər və iqtisadiyyat nazirləri ilə yanaşı, yerli yəhudi icmasının nümayəndələri ilə də görüşüb. Onu İsrailin biznes sektorunu təmsil edən geniş nümayəndə heyəti müşayiət edib.

Milli Məclisin Xarici əlaqələr komitəsinin rəhbəri və dostluq qrupunun üzvləri ilə keçirilən görüşlər də səfərin uğurlu nəticələrindəndir. İki ölkənin dövlət başçıları və yüksək səviyyəli rəsmiləri arasında siyasi dialoq intensiv şəkildə davam edir. Belə ki, Gideon Sa`ar ötən həftə Vaşinqtonda, ABŞ Prezidenti Donald Trampın təşəbbüsü ilə təşkil olunmuş Sülh Şurası çərçivəsində İlham Əliyevlə yenidən görüşüb. Bu, tərəflər arasındakı siyasi əlaqələrin strateji dərinliyini aydın nümayiş etdirir.

Son dövrlərdə Azərbaycandan İsrailə ardıcıl səfərlər təşkil olunub. Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev İsrailə səfəri zamanı Baş nazir Benyamin Netanyahunun iştirakı ilə süni intellekt sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu imzalayıb. Eyni zamanda, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Rəvan Həsənov və digər sahələri təmsil edən nümayəndə heyətləri qarşılıqlı təcrübə mübadiləsi aparıblar.

Hazırda nümayəndə heyətlərinin İsrailə səfərləri mütəmadi xarakter alıb və yaxın gələcəkdə Azərbaycana yeni missiyaların gəlişi gözlənilir. 2023-cü ildə Təl-Əvivdə Azərbaycan səfirliyinin açılması bu münasibətlərin inkişafında dönüş nöqtəsi olub. Səfir Muxtar Məmmədovun və onun komandasının səmərəli fəaliyyəti tərəfdaşlığın möhkəmlənməsinə böyük töhfə verir. İnanıram ki, bu müsbət dinamika yüksələn xətt üzrə davam edəcək.

- Azərbaycanla İsrail arasında əməkdaşlıq hansı sahələri əhatə edir? Təhsil, iqtisadiyyat, müdafiə və digər istiqamətlər üzrə əməkdaşlıq barədə nə deyə bilərsiniz?

- Bəli, qeyd etdiyiniz üç sektorla yanaşı, mən mütləq enerji sahəsini də bura əlavə edərdim. Əməkdaşlığımız təkcə İsrailin Azərbaycandan enerji idxal etməsi ilə məhdudlaşmır, bura həm də Azərbaycanın İsrailə yatırdığı strateji investisiyalar daxildir. Məsələn, SOCAR-ın "Tamar" yatağındakı payını və Aralıq dənizində qaz kəşfiyyatı tenderindəki uğurlu iştirakını qeyd edə bilərik.

Ümid edirik ki, dəniz suyunun duzsuzlaşdırılması sahəsində qlobal lider olan İsrailin IDE şirkəti ilə yeni investisiya layihələrinin şahidi olacağıq. Təhsil və akademiya sahəsinə gəldikdə, hər iki ölkənin ali təhsil müəssisələri arasında birbaşa əlaqələrin qurulması istiqamətində intensiv çalışırıq. Hazırda Holon Texnologiya İnstitutu (HIT) tərəfindən təşkil olunan hakaton kimi müxtəlif proqramlar barədə Azərbaycanın müvafiq qurumlarını məlumatlandırırıq. Artıq azərbaycanlı tələbələrin bu layihələrdə fəal iştirakını müşahidə edirik və bu dinamikanın daha da artacağına inanırıq.

Digər mühüm sektor turizmdir. Ötən il İsraildən Azərbaycana gələn turistlərin sayı rekord həddə - 70 000 nəfərə çatdı. Biz Azərbaycan Turizm və Menecment Universiteti ilə sıx təmasdayıq və gələcəkdə bu universitetin tələbələrinin təcrübə keçmək üçün İsrailə səfərlərini planlaşdırırıq.

Bakı Dövlət Universiteti və Azərbaycan Dillər Universiteti kimi bir çox təhsil ocaqları ilə səmərəli əməkdaşlığımız davam edir. Süni intellekt üzrə imzalanmış memorandumun yaxın gələcəkdə praktiki nəticələr verəcəyini gözləyirik. "Azərkosmos" ilə çox uğurlu əlaqələrimiz var, peyklər və kosmik texnologiyalar sahəsindəki əməkdaşlığın daha da genişlənməsi gündəmdədir.

Bir sözlə, bu gün Azərbaycan-İsrail münasibətləri, demək olar ki, bütün sahələrdə yüksələn xətt üzrə inkişaf edir.

- İsrailin xarici işlər naziri Gideon Sa`ar Azərbaycana səfəri zamanı bildirib ki, İsrail Azərbaycanla yeni sahələr üzrə əməkdaşlığı genişləndirmək niyyətindədir. Bu istiqamətdə konkret layihələr mövcuddurmu?

- Süni intellekt əməkdaşlıq dairəmizə daxil etdiyimiz ən yeni və perspektivli sektorlardan biridir. Kibertəhlükəsizlik sahəsi isə artıq davamlı inkişaf edən strateji istiqamətə çevrilib. Bu yaxınlarda Azərbaycan Kibertəhlükəsizlik Mərkəzinin altıncı məzun qrupunun buraxılış mərasimində iştirak etməkdən böyük məmnunluq duydum. Hazırda bu proqramın 480-dən çox məzunu var ki, onların da 86%-i artıq Azərbaycanda kibertəhlükəsizlik sahəsində işlə təmin olunub. Hesab edirəm ki, bu, hər iki ölkə üçün qürurverici nailiyyətdir.

Ötən həftə Azərbaycan Dövlət Dəniz Akademiyasında oldum. Orada İsrailin dənizçilik qurumları ilə birgə əməkdaşlıq və bilik mübadiləsi imkanlarını müzakirə etdik; hazırda bu istiqamətdə konkret layihələr üzərində işləyirik.

Su ehtiyatlarının idarə olunması və kənd təsərrüfatı sahəsindəki əməkdaşlığımız isə artıq ənənəvi xarakter alıb. İsrail bu sahədə öz qabaqcıl "know-how" təcrübəsini bölüşür. Sevindirici haldır ki, İsrail şirkətləri Azərbaycana təkcə məhsul ixrac etmir, həm də burada öz ofislərini, yerli mütəxəssislərdən ibarət heyətlərini və müasir texnoloji infrastrukturlarını qurmağa üstünlük verirlər.

- Azərbaycanın işğaldan azad edilmiş ərazilərində israilli investorlar iştirak edirmi?

- Hazırda bir neçə İsrail şirkəti Qarabağda kənd təsərrüfatı, su təchizatı və infrastrukturun bərpası layihələrində fəal iştirak edir. Şəxsən mən Qarabağın yenidənqurma prosesində daha çox İsrail şirkətinin təmsil olunmasını arzulayıram. Özüm Qarabağa artıq iki dəfə səfər etmişəm və bu səfərlər məndə çox xoş təəssürat yaradıb, gələcəkdə də bu bölgəyə mütəmadi baş çəkəcəyimə əminəm.

Arzum budur ki, Qarabağ israilli turistlərin səyahət marşrutlarına mütləq daxil edilsin. Azərbaycana gələn 70 000 israilli turist təkcə Bakı ilə kifayətlənmir; onlar ölkənin regionlarına, Qubadakı tarixi yəhudi məskəni olan Qırmızı Qəsəbəyə, həmçinin Gəncə, Şəki və Qəbələyə böyük maraq göstərirlər. İstərdim ki, onlar Qarabağın ecazkar təbiətini və zəngin tarixi irsini də öz gözləri ilə görsünlər.

- Azərbaycan və İsrail arasında tərəfdaşlıq və ikitərəfli münasibətlər rəsmi strateji tərəfdaşlıq səviyyəsinə yüksəldilə bilərmi?

- Hesab edirəm ki, biz artıq münasibətlərimizin ən yüksək səviyyəsindəyik. İsrail və Azərbaycanın strateji tərəfdaşlıq etdiyini vurğulayarkən, bu ifadə sadəcə bir söz deyil, mövcud reallığın tam təsviridir. Əlaqələrimizin miqyası, dərinliyi, həmçinin liderlər və xalqlar arasındakı qarşılıqlı hörmət olduqca yüksəkdir. Getdikcə daha çox israilli Azərbaycanın regiondakı strateji əhəmiyyətini və regional sabitliyin qorunmasındakı mühüm rolunu daha yaxından dərk edir.

Bu xüsusda, Azərbaycandakı yəhudi icmasının rolunu xüsusi qeyd etməliyəm. Əhalisinin əksəriyyəti müsəlman olan bir ölkənin təkcə yəhudi icmasına deyil, bütün azlıqlara qarşı nümayiş etdirdiyi tolerant münasibət bütün dünya üçün nümunədir. Biz dünyanın müxtəlif yerlərindən, xüsusilə ABŞ-dən gələn nümayəndə heyətlərinin burada yəhudilərin necə sərbəst, heç bir ayrı-seçkilik və antisemitizm təhlükəsi olmadan yaşadıqlarını öyrənmək üçün Azərbaycana səfər etdiklərinin şahidi oluruq.

- İsrailin Cənubi Qafqazda əsas tərəfdaşı Azərbaycan hesab olunur. Sizcə, bunun səbəbi nədir?

- Bu, həqiqətən də çox maraqlı və vacib məqamdır. Tarixə nəzər salsaq, İsrailin 1990-cı illərin əvvəllərində Azərbaycanın müstəqilliyini tanıyan ilk ölkələrdən biri olduğunu görərik. Qeyd etdiyim kimi, yəhudi icması burada mühüm körpü rolunu oynayır. Hazırda İsraildə Azərbaycandan köçmüş 100 000-dən çox yəhudinin yaşaması bu mənəvi və sosial körpünü daha da möhkəmləndirir.

Tarixin daha dərin qatlarına baxdıqda isə yəhudilərin Azərbaycanın elm və mədəniyyətinə verdiyi misilsiz töhfələrin şahidi oluruq. Bakıda doğulmuş dünyaşöhrətli fizik, Nobel mükafatı laureatı Lev Landau buna bariz nümunədir. Mürəkkəb coğrafi məkanda yerləşən hər iki dövlət bir-birinin təcrübəsindən bəhrələnir və qarşılıqlı hörmət prinsiplərinə sadiq qalır.

- İsrail Azərbaycanın Sülh Şurasına üzv olmasını necə qiymətləndirir və bunun iki ölkə arasındakı ikitərəfli münasibətlərə hansı təsirləri ola bilər?

- Azərbaycanın ABŞ Prezidenti Donald Tramp tərəfindən Sülh Şurasına dəvət olunması Amerika siyasi elitasının Azərbaycana bəslədiyi dərin rəğbətin bariz göstəricisidir. Donald Tramp və Prezident İlham Əliyev arasında mükəmməl dialoq, səmimi dostluq münasibətləri və qarşılıqlı anlaşma mövcuddur. D. Tramp Azərbaycan lideri ilə qurduğu bu sıx əlaqələrlə fəxr edir. Onu sammitə dəvət etməklə Donald Tramp Azərbaycanın beynəlxalq mövqeyinə, eləcə də sülh prosesinə verə biləcəyi strateji töhfəyə böyük hörmətlə yanaşdığını nümayiş etdirdi.

Azərbaycanın vaxtilə münaqişədə olduğu tərəflə (Ermənistan-red.) sülhə doğru irəliləmə təcrübəsi İsrail üçün də bir uğur hekayəsidir. Biz Azərbaycan və Ermənistan arasındakı münasibətlərin normallaşması prosesinə mühüm nümunə kimi baxırıq.

- İsrail Azərbaycanın Qəzzada beynəlxalq sabitləşdirmə missiyasında iştirakını istərdimi?

- Əslində, bu, birbaşa Azərbaycan tərəfinin cavablandırmalı olduğu sualdır. Hər hansı bir tərəfdaşın hansı həcmdə və formada dəstək göstərəcəyini müəyyən etmək bizim səlahiyyətimiz xaricindədir. Azərbaycan suveren dövlətdir və atacağı addımlar barədə qərarları müstəqil şəkildə qəbul edir. Biz Azərbaycanın gələcəkdə verəcəyi hər bir qərara və seçiminə tam hörmətlə yanaşacağıq.

- İsrail və Türkiyə Suriya məsələsi ilə bağlı bir neçə görüşü Bakıda keçirib və bu görüşlərdə Azərbaycan vasitəçi rolunu oynayıb. Sizcə, Azərbaycan bu rolu davam etdirirmi və İsrail Türkiyə ilə normallaşma prosesinə hansı şəkildə töhfə verə bilər?

- İsrail bütün qonşuları ilə sülh şəraitində yaşamaq tərəfdarıdır. Türkiyə ilə münasibətlərimiz əvvəllər çox yüksək səviyyədə idi, geniş ticarət dövriyyəmiz mövcud idi və "Türk Hava Yolları" İsrailə ən çox uçuş həyata keçirən xarici aviaşirkət statusunu daşıyırdı. Təəssüf ki, hazırda münasibətlərimiz həmin nöqtədə deyil və bu vəziyyət İsrailin qərarı nəticəsində yaranmayıb.

Ümid edirəm ki, gələcəkdə bu vəziyyətin müsbətə doğru dəyişməsini arzulayan dostların və tərəfdaşların dəstəyi ilə Türkiyə ilə əlaqələrimiz yenidən əvvəlki səviyyəsinə qayıdacaqdır.

- Yaxın gələcəkdə Azərbaycan və İsrail arasında qarşılıqlı yüksək səviyyəli rəsmi səfərlər planlaşdırılırmı?

- Hazırda biz müxtəlif səviyyəli səfərlərin təşkili üzərində çalışırıq. İndidən dəqiq tarixi təsdiq edə bilməsəm də, son aylarda qarşılıqlı səfərlərin intensivliyi olduqca yüksəkdir. Baş nazir Benyamin Netanyahu ofisində sənədlərin imzalanması mərasimi zamanı Prezident İlham Əliyevi İsrailə rəsmi səfərə şəxsən dəvət etdi. Belə bir səfərin reallaşması ölkələrimiz üçün böyük tarixi nailiyyət olar, münasibətlərimiz artıq məhz bu strateji səviyyəyə yüksəlib.

FOTO: Elnur Muxtar

Seçilən
3
2
teleqraf.com

3Mənbələr