Azərbaycanda dövlət qurumlarının və digər ictimai əhəmiyyətli təşkilatların sorğulara cavab vermə müddəti qanunvericiliklə dəqiq tənzimlənir. Həm vətəndaşların, həm də media nümayəndələrinin informasiya əldə etmək hüququ Konstitusiya ilə qorunur və müvafiq qanunlarla konkret mexanizmlər müəyyən edilib.
Buna baxmayaraq, praktikada bəzən dövlət qurumlarının sorğulara gec cavab verməsi, cavab müddətini əsassız şəkildə uzatması və ya ümumiyyətlə müraciətləri cavabsız qoyması halları müşahidə olunur ki, bu da haqlı narazılıqlara səbəb olur.

Məsələ ilə bağlı NOCOMMENT.az-a danışan hüquqşünas Natiq Ələsgərov qeyd edib ki, “Vətəndaşların müraciətləri haqqında” Qanuna əsasən, dövlət orqanları, bələdiyyələr və dövlət müəssisələri vətəndaşların yazılı və ya elektron formada ünvanladıqları müraciətlərə, bir qayda olaraq, 30 gün müddətində cavab verməlidirlər:
“Əgər müraciət əlavə araşdırma tələb etmirsə, ona 15 gün ərzində baxılmalıdır. Mürəkkəb və əlavə yoxlama tələb edən hallarda cavab müddəti uzadıla bilər, lakin bu zaman müraciət edən şəxsə rəsmi qaydada məlumat verilməlidir və ümumi müddət qanunda nəzərdə tutulmuş çərçivədən kənara çıxmamalıdır. Qurum müraciətə baxılmasını əsassız şəkildə gecikdirə bilməz və cavab mütləq əsaslandırılmış formada təqdim olunmalıdır”.
Hüquqşünas qeyd edib ki, media sorğuları isə bir qədər fərqli hüquqi rejimə tabedir:
“İnformasiya əldə etmək haqqında” və “Media haqqında” qanunlara əsasən, jurnalistlərin və media subyektlərinin sorğularına daha operativ qaydada baxılmalıdır. Qanunvericiliyə görə, informasiya sorğusuna mümkün olan ən qısa müddətdə, lakin 7 iş günündən gec olmayaraq cavab verilməlidir.
“Əgər tələb olunan məlumatın toplanması və ya hazırlanması əlavə vaxt tələb edirsə, bu müddət 7 iş günü uzadıla bilər. Təcili və ictimai əhəmiyyət daşıyan informasiya ilə bağlı hallarda isə cavab daha qısa müddətdə təqdim olunmalıdır.
Qurum informasiya verməkdən imtina edərsə, bu imtina yazılı şəkildə əsaslandırılmalı və hüquqi səbəblər göstərilməlidir. Yəni vətəndaş müraciəti ilə media sorğusu arasında əsas fərq cavab müddətində və hüquqi əsasda özünü göstərir. Vətəndaş müraciətləri daha geniş və ümumi xarakter daşıyırsa, media sorğuları konkret informasiya əldə etmək məqsədi güdür və qanun onları daha operativ cavablandırmağı tələb edir. Bu fərq ictimai nəzarətin effektivliyi və cəmiyyətin məlumatlandırılması baxımından xüsusi əhəmiyyət daşıyır”.
Bundan başqa, hüquqşünas bildirib ki, dövlət qurumlarının sorğulara vaxtında cavab verməsi hüquqi öhdəlik olmaqla yanaşı, həm də şəffaf idarəçiliyin əsas prinsiplərindən biridir.
Onun sözlərinə görə, qanunvericilik kifayət qədər aydın olsa da, əsas problem icra intizamı ilə bağlıdır:
“Vətəndaş müraciətləri üzrə 30 günlük, media sorğuları üzrə isə daha qısa – 7 iş günlük müddət müəyyən edilib. Bu müddətlər tövsiyə xarakterli deyil, məcburidir. Qurum cavabı gecikdirirsə və ya əsassız imtina edirsə, bu artıq hüquq pozuntusu hesab olunur”.
Hüquqşünas qeyd edir ki, media sorğularının operativ cavablandırılması demokratik cəmiyyət üçün xüsusi əhəmiyyət daşıyır:
“Jurnalistlər cəmiyyət adından sual verir. Onların sorğusuna gec cavab vermək faktiki olaraq ictimaiyyətin məlumat almaq hüququnun məhdudlaşdırılması deməkdir. Qanun bu səbəbdən media sorğularına daha qısa müddət müəyyən edib. Vaxtında və dolğun cavab həm vətəndaş məmnunluğunu artırır, həm də dövlətə olan etimadı möhkəmləndirir. Əks halda, gecikmələr hüquqi mübahisələrə və əlavə inzibati məsuliyyətə səbəb ola bilər”.
Tunar
NOCOMMENT.az