AZ

Bala Əfəndiyevin Qərbi Azərbaycanda latın qrafikalı əlifba hərəkatına töhfələri

Azertag portalından verilən məlumata əsasən, ain.az bildirir.

Bakı, 24 fevral, AZƏRTAC

Bakıda keçirilmiş Birinci Türkoloji Qurultayın 100 illiyi ilə əlaqədar silsilə materiallar davam etdirilir. AZƏRTAC AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun elmi işçisi Ramidə Abbasovanın “Bala Əfəndiyevin Birinci Türkoloji Qurultaydakı fəaliyyəti və Qərbi Azərbaycanda latın əlifbası hərəkatına töhfələri” adlı məqaləsini təqdim edir.

XX əsrin əvvəlləri türk xalqlarının ictimai-siyasi, elmi və mədəni həyatında köklü dəyişikliklərin baş verdiyi mühüm mərhələ olub. Həmin dövrdə milli özünüdərk, ana dilinin inkişafı, maarifin genişləndirilməsi və əlifba islahatları Türk dünyasının əsas müzakirə mövzularından birinə çevrilib. Məhz bu tarixi zərurətin nəticəsi olaraq 1926-cı ildə Bakıda Birinci Türkoloji Qurultay keçirilib. Qurultay türk xalqlarını təmsil edən görkəmli alimləri, dövlət və ictimai xadimləri bir araya gətirərək dil, əlifba, terminologiya və mədəni inkişaf məsələlərinin sistemli şəkildə müzakirə olunmasına şərait yaradıb. Bu mötəbər elmi-mədəni toplantı həm ümumtürk inteqrasiyası, həm də ayrı-ayrı regionlarda milli maarifçilik hərəkatının istiqamətlərinin müəyyənləşdirilməsi baxımından əhəmiyyət kəsb edib.

Qurultay iştirakçıları arasında görkəmli ziyalı, dövlət xadimi və maarifçi Bala İbrahim oğlu Əfəndiyev xüsusi yer tutur. Onun fəaliyyəti təkcə qurultay çərçivəsi ilə məhdudlaşmayıb, bütövlükdə regionda maarifçilik, ana dili siyasəti və əlifba islahatlarının həyata keçirilməsində mühüm rol oynayıb.

Bala Əfəndiyev 1893-cü ildə Qazax qəzasının Çaykənd kəndində anadan olub. Təhsilini rus məktəbində başa vurduqdan sonra Bakıda fəhlə hərəkatına qoşulub, ictimai-siyasi fəaliyyətlə yanaşı, maarifçilik ideyalarını fəal şəkildə yayıb. 1920–1930-cu illərdə sovet hakimiyyəti dövründə müxtəlif məsul vəzifələrdə çalışsa da, onun əsas diqqət mərkəzində milli maarifin inkişafı, ana dilində təhsilin təşkili və yeni türk əlifbasının tətbiqi məsələləri olub.

O, İrəvanda azərbaycanlı əhalinin savadlanması, məktəb şəbəkəsinin genişləndirilməsi və milli mətbuatın yaradılması istiqamətində ardıcıl işlər görüb. “Rəncbər” və “Zəngi” qəzetləri onun təşəbbüsü ilə nəşr edilib və Qərbi Azərbaycanda maarifçilik ideyalarının yayılmasında mühüm rol oynayıb. Xüsusilə “Zəngi” qəzetinin latın qrafikası ilə çap olunan səhifələri yeni əlifbanın praktik tətbiqi baxımından mühüm addım idi.

Birinci Türkoloji Qurultayda Bala Əfəndiyev Ermənistan nümayəndə heyətinin rəhbəri kimi iştirak edib. Qurultayın 15-ci iclasında o, İrəvanda Azərbaycan məktəblərində yeni türk əlifbası əsasında ana dili tədrisinin vəziyyəti haqqında çıxış edib. O, latın qrafikasının yalnız texniki dəyişiklik deyil, milli şüurun formalaşması və mədəni tərəqqi baxımından strateji əhəmiyyət daşıdığını vurğulayıb. Eyni zamanda, qurultayın əlifba ilə bağlı qərar layihəsini hazırlayan komissiyanın üzvü olub.

Bala Əfəndiyevin fəaliyyəti nəticəsində Qərbi Azərbaycanda yeni türk əlifbasının tətbiqi sürətlənib, savad kursları təşkil edilib, müəllimlər və şagirdlər üçün yeni dərs metodları formalaşdırılıb. Onun maarifçilik fəaliyyəti bölgədə azərbaycanlıların milli kimliyinin qorunmasına və inkişafına mühüm töhfə verib.

1937–1938-ci illərin siyasi repressiyaları Bala Əfəndiyevin həyatına faciəvi son qoysa da, onun Birinci Türkoloji Qurultaydakı fəaliyyəti və latın əlifbası hərəkatındakı rolu Azərbaycan maarif və dil tarixində silinməz iz qoyub.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
5
azertag.az

1Mənbələr