AZ

Müharibənin dördüncü ili: Kiyev və Moskva zərbə aldı Azərbaycan önə çıxdı

ain.az, GlobalInfo saytına istinadən bildirir.

Bu gün Rusiya-Ukrayna müharibəsinin dördüncü ili tamam olur. Rusiyanın 2022-ci ilin fevralında başlatdığı genişmiqyaslı hücum nəticəsində münaqişə təkcə iki ölkənin deyil, bütün regionun geosiyasətini dəyişib. Bu müddət ərzində cəbhə xəttində müəyyən uğurlar qazanılsa da, tərəflərdən heç bir inamlı qələbə və üstünlüyə nail olmağı bacarmayıb.

Müharibə qlobal sistemdə də ciddi təsir yaradıb. Finlandiya və İsveç Rusiya təhlükəsiz fonunda NATO-ya qoşularaq Avropanın təhlükəsizlik arxitekturasını dəyişdirib. Avropa İttifaqı enerji siyasətində Rusiyadan asılılığı azaltmağa çalışır, Moskva isə sanksiyalar fonunda iqtisadi əlaqələrini əsasən Asiya ilə qurur. Müharibə həmçinin qlobal enerji və ərzaq bazarlarında dalğalanmalara səbəb olub.

Globalinfo.az-a danışan deputat Elçin Mirzəbəyli deyib ki, 2022-ci ilin 24 fevralında Rusiya ordusunun Ukrayna ərazisinə genişmiqyaslı müdaxiləsi ilə başlayan müharibə təkcə iki dövlət arasında hərbi qarşıdurma deyil, həm də XXI əsrin qlobal siyasi arxitekturasını dəyişdirən geosiyasi silkələnmə oldu:

“Dörd il ərzində cəbhə xəttindən kənara çıxan bu savaş beynəlxalq hüququn, təhlükəsizlik sistemlərinin, enerji bazarlarının və informasiya mühitinin strukturunu yenidən formalaşdırdı.

Kremlin ilkin planı qısa müddətdə Kiyevdə hakimiyyət dəyişikliyinə nail olmaq və Ukraynanı siyasi- hərbi neytrallığa məcbur etmək idi. Lakin Ukrayna cəmiyyətinin müqaviməti, Qərbin hərbi və maliyyə dəstəyi və Rusiyanın strateji səhvləri müharibəni uzatdı. 2022-ci ilin payızından etibarən qarşıdurma klassik mövqe savaşına çevrildi.

Bu dörd il ərzində yüz minlərlə insan həyatını itirdi və ya yaralandı, milyonlarla ukraynalı qaçqın vəziyyətinə düşdü. Şəhərlər dağıdıldı, sənaye infrastrukturu sıradan çıxarıldı. Müharibənin ən ciddi nəticələrindən biri Şimali Atlantika Alyansının genişlənməsi oldu. Uzun illər neytral mövqe saxlayan Finlandiya və İsveç NATO-ya qoşularaq Avropada təhlükəsizlik xəritəsini dəyişdirdi. Bu, Rusiyanın strateji məqsədlərinin əksinə olaraq Alyansın sərhədlərinin daha da genişlənməsi ilə nəticələndi.

Avropa ölkələri Rusiya qazından asılılığı azaltmaq üçün alternativ mənbələrə yönəldi. Mayeləşdirilmiş təbii qazın idxalı artdı, bərpaolunan enerji layihələri sürətləndirildi. Bu proses Cənubi Qafqazın, o cümlədən Azərbaycanın enerji rolunu da artırdı. Enerji təhlükəsizliyi artıq geosiyasi prioritetə çevrildi”.

Elçin Mirzəbəyli 

E.Mirzəbəyli hesab edir ki, Rusiya tarixdə görünməmiş sanksiyalarla üzləşdi:

“SWIFT sistemindən qismən çıxarılma, maliyyə aktivlərinin dondurulması, texnologiya ixracına məhdudiyyətlər qlobal iqtisadi inteqrasiyanın siyasi alətə çevrildiyini göstərdi. Paralel olaraq, Çin, Hindistan və Qlobal Cənub ölkələri ilə alternativ iqtisadi şəbəkələr formalaşmağa başladı. Dünya iqtisadiyyatı bloklaşma meyli göstərdi.

Bu müharibə həm də pilotsuz sistemlərin, süni intellektin və kibermüharibə alətlərinin geniş tətbiqi ilə fərqləndi. İnformasiya məkanı paralel cəbhəyə çevrildi. Dezinformasiya, sanksiyaların təsiri, sosial şəbəkələrin manipulyasiyası yeni təhlükəsizlik çağırışları yaratdı.

Hazırkı mərhələdə müharibənin yaxın zamanda tam sülhlə bitəcəyi real görünmür. Daha çox ehtimal olunan variant atəşkəs və uzunmüddətli siyasi danışıqlar prosesidir. Lakin bu danışıqların uğuru beynəlxalq güclərin konsensusundan və tərəflərin kompromisə hazır olmasından asılıdır.

Bütövlükdə isə Rusiya–Ukrayna müharibəsinin dörd ili göstərdi ki, XXI əsrdə də böyükmiqyaslı konvensional müharibə mümkündür və beynəlxalq hüquq mexanizmləri bu cür qarşıdurmaların qarşısını almaqda yetərsizdir. Dünya artıq əvvəlki kimi deyil, enerji bazarları dəyişib, təhlükəsizlik arxitekturası yenidən qurulur, qlobal iqtisadi sistem parçalanma mərhələsinə daxil olub.

Bu müharibə təkcə iki ölkənin taleyi deyil, həm də yeni dünya düzəninin necə formalaşacağını müəyyən edən prosesdir. Onun nə zaman bitəcəyini dəqiq proqnozlaşdırmaq çətindir. Amma bir həqiqət dəyişməz qalır: davamlı sülh yalnız qarşılıqlı təhlükəsizlik mexanizmləri və beynəlxalq hüququn real işlək mexanizmləri ilə mümkündür”.

Turan Rzayev

Globalinfo.az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
51
14
globalinfo.az

10Mənbələr