Fevralın 24-də Milli Məclisin Gürcüstanla parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvləri ilə Azərbaycan, Türkiyə və Gürcüstan Parlamentlərinin Xarici əlaqələr komitələrinin onuncu üçtərəfli iclasında iştirak etmək məqsədilə ölkəmizdə səfərdə olan Gürcüstan Parlamentinin nümayəndə heyəti arasında görüş keçirilib.
Parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən hafta.az-a bildirilib ki, Milli Məclisin komitə sədri, Gürcüstan ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Arzu Nağıyev qanunvericilik orqanlarında fəaliyyət göstərən dostluq qruplarının ikitərəfli münasibətlərin inkişafında mühüm rol oynadığını söyləyib. Qeyd edilib ki, deputatlarımız arasında aparılan müzakirələr, qarşılıqlı səfərlər və birgə tədbirlər əməkdaşlığın inkişafına töhfə verir. Parlament diplomatiyasının inkişafı ölkələrimiz arasında strateji tərəfdaşlığın daha da möhkəmləndirilməsinə və bütövlükdə Cənubi Qafqazda sabitliyə xidmət edir.
Gürcüstan Parlamentinin Xarici əlaqələr komitəsinin sədri, nümayəndə heyətinin rəhbəri Nikoloz Şamxaradze dövlətlərimiz arasında siyasi əlaqələrin yüksək səviyyədə olduğunu vurğulayıb. O, qlobal layihələrin icrasında da ölkələrimiz arasında əməkdaşlığın uğurla davam etdiyini deyib.
Görüşdə Azərbaycan–Gürcüstan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvləri, komitə sədrləri Musa Quliyev və Azər Əmiraslanov, deputat Gülşən Paşayeva, həmçinin Gürcüstan Parlamentinin Azərbaycanla işçi qrupunun rəhbəri İrakli Kadaqişvili və Gürcüstan Parlamentinin xarici əlaqələr komitəsinin sədr müavini İrakli Şatakişvili çıxış edərək ölkələrimiz arasında inkişaf edən əlaqələrin əhəmiyyətindən, yüksəksəviyyəli diplomatik münasibətlərdən və strateji münasibətlərin inkişafı perspektivlərindən söz açıblar.