Demokrat.az portalından verilən məlumata əsasən, ain.az bildirir.
İstehlakçılar arasında geniş yayılmış fikrə görə, məhsul alındıqdan sonra 14 gün ərzində geri qaytarıla bilər. Lakin bəzi mallar üzrə qaytarma şərtlərinin fərqli olduğu, hətta müəyyən məhsulların ümumiyyətlə geri qəbul edilmədiyi bildirilir. Bu isə alıcılarla satıcılar arasında mübahisələrə səbəb olur. Qanunvericilikdə məhsulların geri qaytarılması hansı qaydada tənzimlənir və bu sahədə hansı istisnalar nəzərdə tutulur sualı aktuallığını qoruyur.Məsələ ilə bağlı vəkil Turan Abdullazadə Demokrat.az-a bildirib ki, əgər mal qüsurludursa, geri qaytarma zəmanət müddəti ərzində rəsmiləşdirilə bilər:"Bəzi vətəndaşlar hesab edir ki, 14 gün keçdikdən sonra malı geri qaytarmaq mümkün deyil, lakin bu fikir doğru deyil. Əgər alınmış malda heç bir qüsur yoxdursa və alıcı onu sadəcə şəxsi istəyi ilə geri qaytarmaq istəyirsə, bu halda geri qaytarma mümkün olmur. Lakin məhsulda qüsur və ya mühüm qüsur aşkar edilərsə, zəmanət müddəti ərzində malın geri qaytarılması mümkündür". Vəkil deyib ki, istehlakçıların hüquqlarının müdafiəsi haqqında qanunun 7-ci maddəsinin birinci bəndinə əsasən, istehlakçı müqavilə və ya digər qaydalarla müəyyən edilmiş zəmanət müddəti ərzində aldığı malda qüsur və ya saxtalaşdırma aşkar edərsə, öz seçiminə uyğun olaraq satıcıdan müqavilənin ləğv edilməsini və dəymiş zərərin ödənilməsini tələb edə bilər."Satıcı və ya icraçı bu tələbi yerinə yetirməyə borcludur. Bundan başqa, alıcı satıcı ilə razılığa gələrək malın keyfiyyətli digər məhsulla dəyişdirilməsini, satış qiymətinin müvafiq məbləğdə azaldılmasını və ya başqa model və marka ilə yenidən hesablaşma aparılmaqla əvəz edilməsini də tələb edə bilər".Məsələnin digər tərəfi qanunla geri qaytarılmayan malların siyahısıdır. Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, qızıl məmulatları, qiymətli daşlar, gigiyena vasitələri, uşaq oyuncaqları və bəzi parçalar keyfiyyətli olduqları halda geri qaytarılmır və ya dəyişdirilmir. Bu səbəbdən alıcılar alış-veriş edərkən malın kateqoriyasına mütləq diqqət yetirməlidirlər.Həmçinin malın dəyişdirilməsi üçün onun əmtəə görünüşünün və istehlak xassələrinin saxlanılması şərtdir. Alıcı kassa çekini və ya digər hesab sənədini təqdim etməlidir. Əgər maldan istifadə olunubsa və ya onun etiketləri zədələnibsə, satıcı geri qaytarma tələbini rədd edə bilər. Qüsur aşkar edildikdə isə satıcı həmin qüsurun alıcı tərəfindən yaradılmadığını sübut etmək üçün ekspertiza təyin etmək hüququna malikdir.Əfsanə Kamal
Demokrat.az
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.