AZ

“Bolt”da YOXLAMALAR: Rəhbər şəxslər işdən çıxarıldı – Növbə “Yango”nundur?

Azərbaycanda “Bolt” platforması ilə çalışan bir sıra park sahibləri və sürücülər şirkətin Bakı ofisində seçici yanaşma, korrupsiya və əsassız bloklanmalar barədə Estoniya rəhbərliyinə şikayət ediblər.

NOCOMMENT.az xəbər verir ki, şikayətlərdən sonra Bakı ofisində maliyyə və idarəetmə yoxlamaları aparılıb, ciddi pozuntular aşkarlanıb və ofis rəhbəri Naim Əzizov da daxil olmaqla bir neçə şəxs işdən çıxarılıb.

İddialara görə, sürücülər səbəbsiz bloklanır, blokun açılması üçün qeyri-rəsmi şəkildə 200–300 manat tələb olunur. Sənədlərin yenilənməsi zamanı süni problemlər yaradılır və 3–4 min manat alındıqdan sonra həll olunur. Reklam kampaniyası rəsmi olaraq dayandırılsa da, 500 manat ödəyənlərin avtomobillərinə reklam vurulur və bonus verilir. “Öz adamları” olan parkların maşınları rahat sistemə qəbul edilir, digərlərinin parkları isə əsassız bloklanır.

Reklam pullarının filiallar arasında bölüşdürülməsi ilə bağlı video, səs yazıları və çeklərin olduğu iddia olunur. Şikayətlər yayıldıqdan sonra bəzi sürücülərə təzyiq zəngləri edildiyi bildirilir. Hava limanı və digər kateqoriyaların yalnız müəyyən parklara açıq saxlanıldığı, selfi və kamera tələblərində texniki problemlərə baxmayaraq, sürücülər araşdırılmadan bloklanır.

Park sahibi fəaliyyətinin əsassız dayandırıldığını, kifayət qədər vəsait olmasına baxmayaraq bloklar səbəbindən işin iflic olduğunu bildirir. O, problemi “Bolt”u tərk etməklə deyil, obyektiv araşdırma və ədalətin bərpası ilə həll etmək istədiyini, bütün sübutları təqdim etməyə hazır olduğunu vurğulayır.

Şirkətdən sorğumuza cavab olaraq rəhbərlikdə dəyişikliklərin baş verdiyini təsdiqləyiblər. Bu qərarın “Bolt”un taksi əməliyyatlarına və digər biznes istiqamətlərinə təsir göstərmədiyi bildirilib.

Bu barədəki ilk xəbəri “Bakupost” yazıb.

NOCOMMENT.az xəbər verir ki. Taksi Sürücüləri Birliyi rəhbəri Elşad Eldarov “Bolt”dakı uyğunsuzluqlarım “Yango”da da olduğunu deyib.

O bildirib ki,  “Yango”da sertifikatsız sürücülər fəaliyyət göstərir. “Beş gün ərzində taksi buraxılış vərəqəsini almaq mümkünsüz olduğu halda, “Yango” avtomobillərinə taksi buraxılış kartı qeyri-qanuni verilib”.

Elşad Eldarov iddia edib ki, bu taksi şirkətinə Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tabeliyində Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi himayədarlıq edir.

Qarşı tərəflərin mövqeyini dərc etməyə hazırıq.

Sara

NOCOMMENT.az 

Seçilən
12
nocomment.az

1Mənbələr