AZ

“Xocalı. Üç faciə – bir ağrı”

Nizami Kino Mərkəzində “Xocalı. Üç faciə – bir ağrı” sənədli filminin təqdimatı keçirilib. Film Azərbaycan Respublikasının Audiovizual Şurasının maliyyə dəstəyi ilə hazırlanıb.

Tədbiri giriş sözü ilə açan filmin ideya və ssenari müəllifi Gülzar Mustafayeva bildirib ki, filmin əsas məqsədi müharibələrin və faciələrin ən ağır yükünü daşıyan anaların, qadınların yaşadığı dərin və sağalmayan ağrını göstərməkdir.

Ssenaristin sözlərinə görə, üç ölkədə lentə alınan film üç xalqı birləşdirən ortaq ağrını nümayiş etdirir. İkinci Dünya müharibəsi, keçmiş Yuqoslaviya müharibəsi və 1992-ci ildə baş vermiş Xocalı faciəsi – zaman və məkan fərqli olsa da, hər birində insanlıq eyni vəhşiliklə üz-üzə qalıb. Hər bir faciədə ən ağır zərbə dinc insanlara, xüsusilə də analara dəyib.

Sənədli filmin quruluşçu rejissoru Məzahir Həşimov çıxışında qeyd edib ki, ekran əsərinin fərqi üç faciənin vahid kontekstdə təqdim olunmasıdır. Onun sözlərinə görə, aparılan paralellərin əsas məqsədi tarixi hadisələrin miqyasını müqayisəli şəkildə göstərməkdir.

Film üzərində iş prosesi çərçivəsində çəkiliş qrupu Çexiya, Bosniya və Herseqovinada olub, Liditse Memorial Kompleksini və Terezin həbs düşərgəsini, həmçinin Srebrenitsa memorialını ziyarət edib. Praqa və Liditsedə tarixçilərlə, Srebrenitsa və Xocalı faciələrinin şahidləri ilə görüşlər keçirilib.

Filmin operatorları Vüsal Ələkbərov və Samir Nuralıyev, prodüseri Qiyas Abasov, layihə rəhbəri isə Vüqar Xəlilovdur.

XQ

Seçilən
3
1
xalqqazeti.az

2Mənbələr