AZ

Moskvada “Ramazan çadırı” layihəsi çərçivəsində Azərbaycan Respublikası axşamı keçirilib

Moskvada “Ramazan çadırı” ənənəvi mədəni-xeyriyyə layihəsi çərçivəsində müxtəlif xalqların və dinlərin mənsublarını bir araya gətirən Azərbaycan Respublikası axşamı keçirilib.

“İki sahil” xəbər verir ki, iftar süfrəsi Leyla Əliyeva və Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyi tərəfindən açılıb. Tədbir iştirakçıları Heydər Əliyev Fondunun dəstəyi ilə Azərbaycanın azad olunmuş ərazilərində Qarabağ məscidlərinin bərpasını əks etdirən fotosərgi ilə tanış olublar.

Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinin direktor müavini Nazim İsmayılzadə Leyla Əliyevanın adından iştirakçıları salamlayıb və onları təbrik edib. O qeyd edib ki, Moskvada “Ramazan çadırı” mədəni-xeyriyyə layihəsi çərçivəsində Azərbaycan Respublikası axşamının keçirilməsi artıq xoş ənənəyə çevrilib. “Heydər Əliyev Fondu mədəniyyətin inkişafına və humanitar məsələlərə, həmçinin Azərbaycanın işğaldan azad edilmiş ərazilərində məscidlərin bərpasına böyük diqqət yetirir. Qonarlar sərgidə bu işlərlə tanış ola bilərlər”, -deyə direktor müavini bildirib.

Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinin Humanitar proqramlar şöbəsinin rəhbəri Tamilla Əhmədova müqəddəs Ramazan ayında iftarların təşkilində göstərdiyi diqqət və dəstəyə görə Leyla Əliyevaya minnətdarlığını bildirib. O, Ramazanın mənəvi dəyərlərin möhkəmləndirilməsi üçün əhəmiyyətini qeyd edib. Əhmədova əlavə edib: “Ramazan mərhəmət, saflıq və xeyirxah əməllər ayıdır, insanın xüsusilə başqalarına kömək etmək ehtiyacı hiss etdiyi bir vaxtdır”.

Tədbirdə çıxış edən Azərbaycanın Rusiyadakı səfirliyinin müşaviri Yusif Vəzirov səfir Rəhman Mustafayevin adından təbriklərini çatdırıb. “İcazə verin, bu çadırda olan hər kəsi müqəddəs Ramazan ayının gəlişi münasibətilə təbrik edim. Hamınıza firavanlıq və mənəvi rahatlıq arzulayıram, Uca Tanrı orucunuzu qəbul etsin və dualarınızı eşitsin”, - deyə o bildirib.

Moskva müftisinin müavini Marat Arslanov çıxışında qeyd edib ki, “Ramazan çadırı” layihəsi çərçivəsində Azərbaycan Respublikası axşamının keçirilməsi uzunmüddətli, yaxşı bir ənənəyə çevrilib və mədəniyyətlərarası dialoqun möhkəmləndirilməsinə töhfə verir. “Mən bu layihədə 2006-cı ildən, onun yarandığı gündən iştirak edirəm və illərdir ki, Heydər Əliyev Fondu ilə birlikdə, Leyla Əliyevanın iştirakı ilə Azərbaycan mədəniyyətinə və Azərbaycan xalqının adət-ənənələrinə həsr olunmuş axşam keçiririk. Sevindirici haldır ki, bu il yenidən görüşmək, birlikdə iftar açmaq və qonaqlar üçün hazırlanmış mədəni proqramdan zövq almaq imkanı əldə edirik”, - deyə müfti müavini bildirib.

“Ramazan çadırı”nın təşkilatçıları adından Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinə təşəkkürnamə təqdim edilib.

Daha sonra din xadimi azan oxuyub, bunun ardından müsəlmanlar iftara başlayıblar. Qonaqlara Azərbaycan mətbəxinin milli yeməkləri təqdim edilib.

Axşam mədəni proqramla başa çatıb. Müsəlman Uşaq Məktəbinin şagirdləri tədbir iştirakçıları qarşısında çıxış ediblər, ardınca isə qonaqları Azərbaycanın zəngin musiqi irsi ilə tanış edən “Buta Trio”nun konserti olub.

Rusiya Müsəlmanları Ruhani İdarəsinin sədri müfti şeyx Ravil Qaynutdinin xeyir-duası ilə fevralın 19-da Moskvadakı Memorial məscidində başlayan “Ramazan çadırı” layihəsi “Rusiya Xalqlarının Birliyi İli”nə həsr olunub. Builki “Ramazan çadırı” tədbiri “Gələcəyin mədəni kodu” devizi altında keçirilir. Artıq 20 ildən artıqdır ki, bu layihə ziyarətçiləri Rusiya və dünyanın hər yerindən olan xalqların mədəniyyəti və tarixi ilə tanış edir, millətlərarası və dinlərarası dialoqu gücləndirir. Tədbirdə Türkiyə, Qətər, Səudiyyə Ərəbistanı, İran, MDB ölkələri və Rusiyanın müxtəlif bölgələri də daxil olmaqla təxminən on ölkədən nümayəndələr iştirak edirlər.

Seçilən
5
2
ikisahil.az

7Mənbələr