AZ

Müstəqil dövlətimiz ana dilimizə ölkəmizdə ali status qazandırıb

Ölkə rəhbəri isə cəmiyyəti bu misilsiz sərvəti qoruyub zənginləşdirməyə çağırıb

Müsahibimiz tanınmış şərqşünas-publisist, Əməkdar jurnalist Fazil Güneydir.

– Fazil müəllim, dünya tarixinə də yaxşı bələd olan şərqşünas alim kimi, bilirsiniz ki, Avrasiya tarixində türklərin yüksəlişi və türk dilinin geniş yayılıb bu günə gəlib çatması qüdrətli milli dövlətlərin bu coğrafiyasında hökm sahibi olması ilə sıx bağlıdır. Son 2 əsrdə parçalanıb bir neçə dövlətin tərkibinə qatılmış tarixi Azərbaycanın Cənubi Qafqazdakı müstəqil ölkəsində ana dilimizin dövlət dili statusu daşıması isə milli taleyimizə sahib olmağın misilsiz töhfəsidir.

– Dediyiniz tarix öyrədir ki, toplum dili, dil dövləti yaradır. Dövlət dili qoruyur, gəlişdirir. Elin gücü dilindədir, dilin gücü dövlətindədir, desək, yanılmarıq. XXI yüzillikdən tarixin dolanbac dönəmlərinə baxış saldıqda dünyada geniş yayılmış və güclü sayılan dillərin arxasında güclü dövlətlərin durduğunu görürük. Çox da uzaqlara getməyib, orta yüzilliklərdən bizim dönəmlərə qədər zaman kəsiyinə baxmaq yetər. Ərəb, ingilis, beşyüzillik tarixi olan rus dillərini götürək. Bu dillərin arxasında Ərəb xilafəti, Böyük Britaniya və rus imperiyaları dururdu. Bu imperiyalar öz rəsmi dillərinin gəlişib yayılmasına, dil qayda-qanunlarının işlənib möhkəmlənməsinə, başqa dillərdə olan antik ədəbiyyatın, folklor nümunələrinin öz dillərinə çevrilməsinə, yeni-yeni kitabların yazılmasına davamlı çalışırdılar.

Azərbaycan dövlətinin rəhbərliyi, Azərbaycan parlamenti dövlət dili barəsində zəruri qanunlar qəbul etmişdir. Ümummilli lider Heydər Əliyev, onun ideya və əməllərinin sadiq davamçısı Prezident İlham Əliyev rəsmi dövlət dili olan Azərbaycan-türk dilinin təmizliyinin qorunması, gəlişməsi haqqında çoxsaylı tövsiyələr vermiş, fərmanlar imzalamışlar: bu məqsədlə dövlət tərəfindən davamlı olaraq zəruri maliyyə ayrılır.

Onu da vurğulamaq istərdim ki, Azərbaycan dilini müstəqilliyimizə və onun bərpasına qədər qoruyan xalqımız, onun qələm sahibləri olmuşlar. Yoxsa bu dil əcnəbi söz və ifadələrlə korlanaraq əldən gedib, məhdud anlaşma vasitəsinə çevrilərdi.

– Artıq 35-ci ilini yaşadığımız dövlət müstəqilliyi ana dilimizi hansı bəlalardan xilas edib, onun qorunub zənginləşdirilməsinə hansı imkanlar qazandırıb?

– Müstəqillik dövründə çox quruculuq işləri görülmüş, uğurlar qazanılmışdır. Ancaq ölkəmizin, dövlətimizin bu illərdə gördüyü böyük işləri, başqa-başqa sahələrdə qazandığı uğurları dilçiliyimizin inkişafına aid etmək olmur. Mən rus və ərəb dilləri timsalında dövlət və dil əlaqələri haqqında fikrimi əsaslandırmaq istəyirəm.

Məlumdur ki, XVI yüzilliyə qədər, I Pyotr dönəminədək indiki güclü rus dili yox idi və bu dövlət möhkəmləndikcə slavyan və türk-tatar dilləri əsasında rus dili formalaşdırılıb yaradılmağa başladı. Rus ədəbiyyatında XVIII yüzildə Fonvizindən qabaq heç bir ədəbi simaya rast gəlinmir. Firdovsi müasir fars dilini formalaşdırdığı kimi, rus dilini ədəbi dil səviyyəsinə qaldırmaqda Puşkinin və digər qələm sahiblərinin böyük rolu oldu. Amma indi inkişaf etmiş, Avrasiya məkanında aparıcı dilə çevrilmiş rus dilini Rus imperiyası yaratdı.

İndiki çağda 20-dən çox dövlətin rəsmi dili olan, bütün İslam aləmində yayılmış ərəb dilini isə tək “Qurani-Kərim” deyil, Ərəb xilafəti də yaradıb qorudu, inkişaf etdirdi. Cahil, bədəvi ərəblərin dili inkişaf etmiş arami, siryani, finikiya, qəhtani və digər sami dilləri hesabına zənginləşdirildi, yüksək səviyyəyə qaldırıldı. Bunu dövlət edirdi. VIII yüzillikdə hakimiyyətə gəlmiş Abbasilər sülaləsi dönəmində, özəlliklə IX yüzillikdə Harun ər-Rəşidin xəlifəliyi zamanında çeşidli dil və tərcümə qurumları, ədəbi dərnəklər yaradılmışdı.

Bu qurumlar ərəb dilinin sərf və nəhvini – klassik qrammatikasını, qayda-qanunlarını yaradırdı, hind, yunan, əski türk, fars dillərindəki kitablar, folklor nümunələri ərəbcəyə tərcümə edilirdi, ərəb şifahi ədəbiyyatı nümunələri yazıya köçürülürdü. “Min bir gecə” nağılları, “Kəlilə və Dimnə” alleqorik hekayətləri o dönəmlərdə ərəbcəyə çevrilmişdi. Bunların sırasında “Dədə Qorqud”dan “Dəli Domrul” boyu da vardı. Təəssüf ki, mənbələrdə adıçəkilən bu boyun tərcüməsi dövrümüzə çatmamışdır. Bütün bu həşəmətli işlərə görə IX əsri Xilafətin “qızıl dövrü” adlandırırlar. Beləliklə, bədəvi – köçəri ərəblərin dili “Qurani-Kərim”dən sonra ikinci nəfəs aldı, bütün islam ellərində oxuma-yazmanı, bilim adamlarını öz təsiri altına saldı.

Sovet dönəmində mərkəz türk xalqlarının, onların dillərinin bir-birindən ayrılıb başqa-başqa yollarla getməsinə çalışırdı. Əski türk sözlərini, digər türk xalqlarının dillərindən sözlərin gətirilməsi pantürkizm sayılırdı. Azərbaycan xalqının milli kimliyi hər vəchlə gizlədilirdi. Burada bir haşiyəyə çıxım ki, pantürkizm qılıncı tək bizim, yəni Sovetlər Birliyindəki türk xalqlarının deyil, Bolqarıstan, Yunanıstan və İraqda oftoxon (aborigen) türklərin də başı üstündən asılmışdı. O dönəmlərdə bunun şahidi olmuşam. Məni çox təsirləndirmiş, ərəbcə desək, təsirləndirmiş bir olayı oxuculara danışmaq istəyirəm...

1968–1970-ci illərdə hərbi dilmanc olduğum Almatıdakı hərbi təyyarəçilər məktəbində İraq kursantları arasındakı türkmanlarla tanış olduqda sevinclə dedim: “Nə yaxşı dilinizi qoruyub saxlamısınız”. Məhəmmədli Bayat adlı kərküklü isə bildirdi ki, ərəb millətçilərinin Bəəs partiyası onları sıxışdırıb, milli kimliklərini yox etmək istəyir. “Ancaq bacara bilməzlər. Biz qədim və böyük xalqa mənsubuq. Bizim qədim və güclü dilimiz var”– deyən Məhəmmədəli İraq türkmanlarının yaratdığı bir bayatını söylədi:

Qanaraya,
Qan axar qanaraya.
Mən bu dildən vaz keçməm,
Asılsam da qanaraya.

Mən 1970–1973-cü illərdə Suriyada, sonrakı illərdə İraqda Səddam dövründə eynən bizim dildə danışan türkmanlarla gizli-açıq çox danışmışam, dostluq etmişəm. Onlar bütün basqılara rəğmən öz dillərini qoruyub saxlamışlar. Ərəblərin yanında belə, mənimlə öz dilimizdə danışan bu fədakar adamlar haqqında kiçik yazıda geniş danışmaq mümkünsüzdür. Üzərində işlədiyim “Dilmanc” adlı memuarımda bu məsələyə çox toxunmuşam.

Şübhəsiz dövlət müstəqilliyi ötən illərdə ana dilimizi layiq olduğu ən yüksək səviyyəyə qaldırıb. Dövlətimiz, onun rəhbəri idarə etdiyi xalqın dilinə ən yüksək ehtiramla yanaşıb, onun hərtərəfli inkişafına hüquqi-siyasi təminat yaradıb. Lakin Prezident İlham Əliyevin vaxtaşırı səsləndirdiyi çağırışlar göstərir ki, o bu imkanlardan yüksək səviyyədə istifadə edilməməsindən narahat və narazıdır.

– Hər hansı bir problemin aşağılarla və yuxarılarla bağlı tərəfləri var. Ötən 2 əsrdə dilimizə yuxarılar qənim kəsilmişdi. İndi, yuxarı əlindən gələni edir, aşağılar isə bunu qədərincə dəyərləndirib öz ana dilinə layiqli sevgi-sayğı göstərə bilmir. Xüsusən, maddi qazanc güdənlər öz dilimizi əcnəbilər qarşısında ucuz tuturlar.

– Sizinlə tam şərikəm. Sovet dönəmində yaşamış, türk xalqlarına basqıları görmüş bir qələm sahibi kimi özümdən də, oxuculardan da soruşuram: bu biganəlik, bağışlanılmaz mənəvi cinayət niyə baş verir? Dilimizin təmizlənməsində, bunun üçün digər türk dillərindən faydalanmaqda qarşımızı kəsən, bizə mane olan varmı? Vardır! O maneçiliyi törədənlər öz içimizdədir, biriləri bilməyərəkdən, biriləri bilərəkdən, qəsdən...

Bəziləri Anadolu türkcəsindən aldığımız sözlərə qarşı çıxır, bunu Türkiyə türkcəsinin dilimizə basqısı adlandırırlar. Əksinə, bu, qarşılıqlı faydalanmadır. Düşünürəm ki, bizim “bildiriş”, “açar” kimi sözlərimiz onların “ilan”, “anahdar” sözlərini sıxışdırıb çıxaracaqdır. Bizim dildəki “təyyarə”, “müəllim” kimi sözləri “uçaq”, “öyrətmən” əvəz edəcəkdir. Təyyarə ərəbcə “uçmaq” feilindən yaranmışdır. Əgər dilimizdə bu feil varsa, niyə ərəbcəni işlətməliyik? “Müəllim” sözü üzərində dayanmaq istəyirəm. Ərəbcə bu söz “ələm, dərd, kədər verən” anlamını verir. Muallim isə “elm”, “bilik verən” deməkdir.

Əgər dilimizdə bilmək, öyrətmək feilləri varsa, biz niyə bunlardan düzəldilmiş adları, yəni “bilgi”, “bilim adamı”, “öyrətmən” sözlərini işlətməməliyik?! Əgər dilimizdə “cızıq”, “çevrə” varsa, niyə ərəbcə “xətt”, “dövrə”, “dairə” sözlərini işlədirik? Biz “mədəni insan” dedikdə ərəbcə danışanlar bunu “şəhərli adam” kimi anlayırlar. Çünki ərəbcə bu anlam “insan musaqqaf” deyə işlədilir.

Məni qınamayın, hər kərə müəllim, təhsil, təxliyə, lüğət, səhhət, həşdad və bu qəbildən olan digər sözləri eşidəndə, əsəbiləşirəm. Ərəb sözləri olan təxliyə – boşaltmaq, köçürtmək; təhsil – əldə etmək; lüğət – sözlük, səhhət – sağlamlıq, fars sözü “həşdad” – səksən deməkdir. “Təhsil Nazirliyi” adını kim icad etmişdir? Ərəb özü bu sözləri bu mənalarda işlətmir. Niyə biz “sözlük” deyil, “lüğət” sözünü işlədirik? “Səhiyyə Nazirliyi” adını dilimizə çevirəndə “Sağlamlıq Bakanlığı” alınır. Lüğət ərəbcə “dil” deməkdir. Onlar bu anlamı “qamus” adlandırırlar. Qazaxlar “mərkəzi univermaq” yox, “aralıq univermağı” deyirlər. “Stansiya” sözünün yerinə “duracaq” işlətmək olmazmı? Biz, adətən, “peç” deyirik, Suriya ərəbləri isə onu “soba” adlandırırlar... Yüzlərlə belə misallar çəkmək olar.

– Qloballaşma deyilən proses maddi qazancları ilə yanaşı, mənəvi bəla kimi milli dilləri ciddi təhdid edir. Kiçik xalqların dillərinin qapısı, sanki, taybatay açıqdır. Niyə düşünmürük: dilimizə gündə 1 əcnəbi söz daxil olsa, 5 ildən sonra nitqimiz nə hala düşər?

– Hələ sovet dönəmində dilçilərimizlə, qələm sahibləri ilə dilimizdəki ərəb və fars sözləri yerinə öz sözlərimizi işlətmək barəsində söhbətləşəndə deyərdilər: bu sözlər artıq vətəndaşlıq hüququ qazanmışdır... (indi də çoxları o fikirdədir). Bəs onda niyə XX əsrin başlanğıc illərinədək dilimizdə olan mürəkkəb izafət tərkiblərini tulladıq, bir sıra ərəb və fars sözlərini özümüzünkülərlə dəyişdirdik? Bu söz və ifadələr əsrlər boyu dilimizdə “vətəndaşlıq hüququ” qazanmamışdımı?

Söhbət, əlbəttə, dilimizdə olmayan sözlərdən, dini terminlərdən getmir. Bizim dillə tanış olub öyrənən əcnəbi alınma sözləri görüb, istər-istəməz onun yoxsul dil olmasını düşünə bilər. Əslində, bu, mənim özümün başına gəlmişdir.

Ölkəmizdən kənarda dilmanc işləyərkən Bakıdan gəlmiş “Kommunist” qəzetinə ötəri baxış salan rus həmkarım gülə-gülə dedi: “İndi bildim ki, niyə sizin tərcüməçilər ərəbcə yaxşı bilirlər”. O, bizim dili bilmədiyi halda on bir sözdən ibarət cümləni oxuyub, ruscaya çevirdi. Həmin cümlədəki sözlərdən yeddisi ərəb, ikisi rus, yalnız feillər bizimki idi...

Həmin sözlərdən yadımda qalanları bunlardır: siqlət, müvəffəqiyyət, əhəmiyyət, mütəşəlliklə, beynəlxalq... Siqlət – ağırlıq deməkdir, Allaha şükür, müvəffəqiyyət və əhəmiyyəti uğur və önəmlə dəyişdirmişik... Ərəbcə sözönü olan “beynə” “arasında” anlamını verir, “Xalq” sözü isə “yaranmış” deməkdir. Bizim işlətdiyimiz “xalq”a ərəblər “şaab” deyirlər. Biz “beynəlxalq” yerinə “uluslararası” deyə bilmərikmi?

Yazıqlar olsun ki, bizim bir sıra ədəbiyyatşünaslarımız “ağırlıq” əvəzinə, “siqlət” işlətməklə yazılarının daha ağır, savadlı olacağını düşünürlər.

– Cəmiyyətə, ana laylası ilə böyümüş nəsillərə bu qınaqların sonunda nə deyərdiniz?

– Ana dilimiz babaların yüz illər əvvəl əkib, becərib bu günə çatdırdığı əzəmətli, kökü dərinliklərdə, qol budağı səma ilə qucaqlaşmış nəhəng bir ağaca bənzəyir. O nəhəng olduğu qədər də davamlı və böyük qulluq istəyir. Ağaca davamlı olaraq su, gübrə verdikdə, dibini qazdıqda, qurumuş budaqlarını arıtladıqda şaxələnir, qol-budaq atır. Dil də elədir...

Bizim dilimiz dünyanın ən əski dilidir, ən azı, min illər öncələrdən yaranıb çox tarixi mərhələlər keçmişdir. Onun izlərinə Avropada da, Asiyada da, uzaq Amerikada da, elmi dillə desək, toponimlərdə, hidronimlərdə, oykonimlərdə – yəni yer, çay, göl, dağ, dərə və adam adlarında rast gəlinir.

Gəlin ulu dədə-babalarımızdan bizə miras qalmış bu zəngin, gözəl dilimizin dəyərini bilək, onu qurumuş, əyri bitmiş budaqlardan, dəli küləklərin yad-yabançı diyarlardan gətirdiyi çör-çöplərdən, his-pasdan təmizləyək.

Müsahibəni hazırladı:
Tahir AYDINOĞLU
XQ

Seçilən
15
1
xalqqazeti.az

2Mənbələr