ain.az, Cebheinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Həkim peşəsi cəmiyyətin dayağı sayılan, etibarın və zərurətin birləşdiyi ən məsuliyyətli sahələrdəndir.
Həkimlər insan həyatının keşiyində duran, sağlamlığın qorunması və xəstəliklərlə mübarizədə əsas yükü çiyinlərində daşıyan mütəxəssislərdir.
Həkim olmaq sadəcə diplom sahibi olmaq deyil, bu, ağır məsuliyyət, böyük fədakarlıq və güclü vicdan tələb edən bir ömür yoludur. İnsan ən çətin anında, ümidinin azaldığı vaxtda məhz həkimin qapısını döyür. Ağrılarını, bəzən isə taleyini onun əllərinə tapşırır.
Azərbaycanda həkimlik peşəsi hər zaman xüsusi hörmət və etimadla qarşılanıb. Bu sahə təkcə elmi biliklərlə ölçülmür. Burada mənəvi dəyərlər, etik davranış, məsuliyyət hissi və insanlara sevgi əsas şərt kimi ön plana çıxır.
Həqiqi həkim özünü xəstədən üstün görməyən, onu diqqətlə dinləyən, halını anlayan və ağrısına laqeyd qalmayan şəxsdir. Belə həkimlər cəmiyyət üçün sadəcə mütəxəssis deyil, həm də mənəvi dayaqdır.
Bu gün səhiyyə sahəsi cəmiyyətin ən çox müzakirə olunan mövzularındandır. Şikayətlər çoxdur, növbələr uzundur, xəstə olan insan bəzən dərdindən çox gözləməkdən yorulur. Dövlət xəstəxanalarında icbari tibbi sığortanın yaratdığı sıxlıq, özəl klinikalarda isə ödənişlərin hər kəs üçün əlçatan olmaması insanları daha çox şəhər poliklinikalarına üz tutmağa məcbur edir.
Əhali ilə ən sıx ünsiyyətdə olan da məhz bu poliklinikalardır. Harada insan çoxdursa, orada narazılığın olması da təbiidir. Amma bütün bu mənzərənin fonunda elə səhiyyə ocaqları var ki, ora daxil olan kimi düşüncələrin dəyişir.
Elə qapıdan içəri girəndə hiss edirsən: burda təkcə müalicə yox, münasibət var. Burada insanı insan kimi qarşılayırlar. Bu isə müasir səhiyyənin ən çox ehtiyac duyduğu keyfiyyətdir.
Yasamal rayonu üzrə 2-ci səviyyə seçilmiş, regional status daşıyan 39 nömrəli Şəhər Poliklinikası məhz belə ünvanlardandır. Bu tibb müəssisəsi tabeliyində olan beş böyük və beş uşaq poliklinikası ilə geniş əhaliyə xidmət göstərir.
Qadın məsləhətxanasının bütün növ qan analizləri burada icra olunur, nikaha daxil olan cütlüklərin tibbi müayinəsi də məhz bu poliklinikada aparılır. Müasir avadanlıqlarla təchiz olunmuş laboratoriyada tətbiq edilən yeniliklər isə peşəkarlığın bariz nümunəsidir.
Analiz üçün alınan məhlulların koridorla təmas etməməsi üçün otaqdaxili keçidin yaradılması ilk baxışdan xırda detal kimi görünə bilər, amma bu “xırdalıqların” arxasında böyük məsuliyyət və dəqiqlik dayanır. Məhz bu cür detallara diqqət tibbi xidmətin keyfiyyətini müəyyən edir.
18 may 2023-cü ildən etibarən poliklinika tam şəkildə müasir tibbi avadanlıqlarla təmin olunub. Uşaq şöbəsi 10 min 389 uşağa tibbi xidmət göstərir. Doqquz sahə üzrə ərazi prinsipi ilə fəaliyyət göstərən poliklinikada hər sahənin öz dislokasiyası var.
Həkimlər konkret ərazidə yaşayan uşaqlara cavabdehlik daşıyır, digər rayon qeydiyyatında olub faktiki olaraq bu ərazidə yaşayan uşaqlar da diqqətdən kənarda qalmır. Burada azyaşlıların peyvəndi, profilaktik müayinəsi, sağlamlığının qorunması ardıcıl və sistemli şəkildə aparılır. Bu isə gələcək nəslin sağlamlığına qoyulan ən dəyərli sərmayədir.
Bütün bunlar rəsmi məlumatdır. Əsl mənzərə isə hiss ediləndir. 39 nömrəli Şəhər Poliklinikasına daxil olan kimi qəribə bir sakitlik insanı qarşılayır. Sanki burada zaman bir az yavaşıyır. Növbə üstündə dava-dalaş yoxdur, səslər yüksəlmir, insanlar bir-birinə qarşı aqressiv deyil.
Əksinə, anlayış var, səbir var. Çünki tibbi personal heç kimi laqeyd qoymur. Elə qapıdan girən kimi diqqət və qayğı hiss edirsən. Səni dinləyirlər, səni görürlər. Bu hiss isə hər müalicədən əvvəl gəlir.
Məncə, vətəndaşa göstərilən ən böyük xidmət də elə budur – qayğı. Bəzən bir xəstənin ağrısını dərman yox, xoş söz azaldır. Bəzən bir baxış, bir izah, bir “narahat olmayın” cümləsi insanı sakitləşdirir. Həkim təkcə diaqnoz təyin edən və resept yazan şəxs deyil. Həkim ümid verən, güvən yaradan insandır.
Həkim hər şeydən əvvəl insan olmalıdır. Qarşısındakını statistika və ya kartoteka nömrəsi kimi deyil, hiss edən, qorxan, ümid edən bir varlıq kimi görməlidir. Dinləməyi bacarmalıdır, tələsmədən və səbirlə. Xəstənin sözünü yarımçıq kəsmədən, onun narahatlığını kiçiltmədən. Həkim öz bilik və vəzifəsini insanlıqla tamamlayanda həqiqi müalicə başlayır.
Burada çalışan tibbi personal savadı, təcrübəsi və peşəkarlığı ilə seçilir, amma onları fərqləndirən əsas cəhət münasibətdir. Bu münasibətin formalaşmasında baş həkim Ləman xanım Hacıyevanın rolu xüsusi qeyd olunmalıdır.
Onun qəbulunda olanda elə bil rəsmi kabinetdə yox, doğma bir insanın yanındasan. Səni dinləyən, anlayan, məsuliyyətlə yanaşan bir insanla üz-üzə qalırsan. Burada vəzifə ilə məsafə qoyulmur, insanlıq ön plana çıxır.
39 nömrəli Şəhər Poliklinikasının bütün tibb heyəti hər kəsə diqqətlə yanaşır. Sahə həkimi, terapevt Məlahət xanım Tağıyeva, sahə həkimi, pediatr Güleyşə xanım Xəlilova və adlarını sadalamaqla bitməyən digər tibb işçiləri bu münasibətin canlı nümunəsidir.
Həkimlik peşəsi yalnız yüksək savad və tibbi biliklərlə ölçülmür. Bu peşə eyni zamanda böyük psixoloji dayanıqlılıq, fiziki dözüm və stresə davamlılıq tələb edir. Gün ərzində onlarla fərqli ağrı, qorxu və ümidlə üz-üzə qalmaq hər kəsin bacaracağı iş deyil.
Məhz buna görə də həkimin xəstəyə göstərdiyi diqqət və qayğı onun ən böyük psixoloqluq bacarığıdır. Bu bacarıq isə kitabdan yox, vicdandan gəlir. Sözügedən poliklinikanı nümunəvi edən də elə budur. Burada peşəkarlıq insanlıqla, bilik qayğı ilə, məsuliyyət isə vicdanla tamamlanır.
Elə buna görə də bu poliklinika təkcə müalicə mərkəzi deyil, həm də etibar ünvanıdır. İnsanlar buraya təkcə dərman üçün yox, rahatlıq tapmaq üçün gəlirlər.Məncə, həkimin ən böyük uğuru da budur: təvazökarlıq, diqqət, vicdan.
Bu yazı tərif üçün yazılmayıb. Bu yazı gördüyümə, hiss etdiyimə və müşahidəmə söykənir. Və məncə, belə münasibətin reklama ehtiyacı da yoxdur.
Samir Əsədli
“Cebheinfo.az”
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.