
Artıq dördüncü ili tamam olan Rusiya-Ukrayna müharibəsində gərginlik durmadan artır. Qeyd edilir ki, ötən gün Ukrayna Rusiyanın paytaxtı Moskva şəhərinə dronlarla hücum edib.
Rusiya Müdafiə Nazirliyinin hava hücumundan müdafiə qüvvələri Moskvaya yönələn növbəti pilotsuz uçuş aparatını (PUA) vurub.
Həmçinin Moskva yaxınlığındakı Vnukovo və Yaroslavl hava limanlarında hava nəqliyyatına məhdudiyyətlər tətbiq edilib.
Proseslə bağlı politoloqlar fikirlərini “Xalq Cəbhəsi” ilə bölüşüb.
Siyasi elmlər üzrə fəlsəfə doktoru, politoloq Züriyə Qarayeva bildirib ki, Ukraynanın Moskvaya yönəlik dron hücumları müharibənin coğrafiyasının və psixoloji ölçüsünün genişləndiyini göstərir: “Bu tip hücumlar hərbi baxımdan böyük strateji dönüş yaratmasa da, siyasi və simvolik təsiri yüksəkdir. Moskva ətrafında hava məkanının məhdudlaşdırılması və hava limanlarında tətbiq edilən restriksiyalar Kremlin təhlükəsizlik sisteminə yönəlmiş mesaj xarakteri daşıyır: “Bu cür hücumların davam etməsi Rusiyanın hava hücumundan müdafiə sistemlərini paytaxt və iri sənaye mərkəzləri ətrafında daha da gücləndirməsinə, eyni zamanda daxili təhlükəsizlik tədbirlərini sərtləşdirməsinə səbəb ola bilər”.
Qarşılıqlı eskalasiya mərhələsi
Onun sözlərinə görə, digər tərəfdən, proseslərin ardı qarşılıqlı eskalasiya mərhələsinə keçə bilər: “Rusiya cavab olaraq Ukraynanın enerji və hərbi-logistika infrastrukturuna daha intensiv zərbələr endirə bilər. Bununla paralel olaraq, informasiya müharibəsi və psixoloji təzyiq elementləri də güclənə bilər. Lakin genişmiqyaslı strateji dəyişiklik ehtimalı tərəflərin resurs balansı və beynəlxalq reaksiyalardan asılı olacaq. Əgər hücumlar sistemli xarakter alarsa, münaqişə daha dərin və uzunmüddətli aşınma fazasına daxil ola bilər”.
“Qarşıdurma yeni mərhələyə keçir”
Politoloq Yeganə Hacıyeva söyləyib ki, Moskva istiqamətində növbəti pilotsuz uçuş aparatının zərərsizləşdirilməsi və bir sıra hava limanlarında məhdudiyyətlərin tətbiqini Rusiya–Ukrayna qarşıdurmasının yeni mərhələyə keçdiyini göstərən siqnal kimi qiymətləndirmək lazımdır: “Belə faktlar bir daha sübut edir ki, münaqişənin çoxdan yalnız cəbhə xətti ilə məhdudlaşmaması və mülki infrastruktur və böyük şəhərlər də risk zonasına daxil olması ilə paralel artıq strateji infrastrukturlar hədəfdədir. Moskva yaxınlığındakı Vnukovo və Yaroslavl hava limanlarında uçuşlara məhdudiyyətlər tətbiq olunması təhlükəsizlik baxımından operativ qərar sayılsa da, mülki aviasiya və logistika üçün əlavə çətinliklər yaradır. Pilotsuz aparatların istifadəsi müasir müharibənin əsas elementlərindən birinə çevrilib. Nisbətən aşağı maliyyəli, lakin yüksək manevr imkanına malik bu vasitələr həm hərbi, həm də psixoloji təsir baxımından daha effektiv sayılır. Böyük şəhərlərə yönələn belə hücum cəhdləri əhalidə ciddi narahatlıq yaradır, təhlükəsizlik sistemlərini maksimum səviyyədə səfərbər etməyə məcbur edir və dövlət resurslarının yenidən bölüşdürülməsinə səbəb olur”.
Eskalasiya riskini artıran əsas faktorlar
Onun fikrincə hazırkı vəziyyətdə inkişaf ssenarisi haqqında danışırıqsa, Moskva və ətraf bölgələrdə hava hücumundan müdafiə sistemlərinin daha da gücləndirilməsi, radioelektron mübarizə vasitələrinin geniş tətbiqi gözlənilir: “Bu isə hava məkanında müvəqqəti, lakin təkrarlanan məhdudiyyətlərin davam etməsinə gətirib çıxara bilər. Qarşılıqlı cavab addımlarının intensivləşməsi fonunda belə insidentlər zərbələrin coğrafiyasının genişlənməsinə və texnoloji vasitələrin daha aktiv istifadəsinə səbəb olacaq. Bu isə eskalasiya riskini artıran əsas faktorlardan biridir”.
“Genişmiqyaslı danışıqların başlanması ehtimalı zəif görünür”
Y.Hacıyeva eləcə də qeyd edib ki, paralel olaraq diplomatik müstəvidə qarşılıqlı ritorikaların sərtləşməsi ilə tərəflər beynəlxalq platformalarda mövqelərini daha kəskin şəkildə ifadə edəcək, qarşılıqlı ittihamlar gücləndirəcək: “Yaxın perspektivdə genişmiqyaslı danışıqların başlanması ehtimalı zəif görünür. Çünki hər iki tərəfi qane edən şərtlər mövcud deyil. Bir sözlə, Moskva istiqamətində PUA insidenti təkcə lokal təhlükəsizlik hadisəsi deyil, həm də münaqişənin xarakterində davam edən transformasiyanın göstəricisidir. Proseslərin gələcək inkişafına, hərbi-texniki imkanlardan, siyasi qərarlardan və beynəlxalq reaksiyanın səviyyəsindən asılı olaraq mövcud dinamika daha da intensivləşəcək. Bütün bunların yaratdığı risklər və cəmiyyətlərdə yaratdığı narazılıqlar hər iki ölkənin hökümətlərini cəmiyyətlərinə qarşə sərtləşməyə məcbur edəcək”.
Röya İsrafilova