AZ

AMİP-dən Xocalı soyqırımı ilə bağlı qlobal çağırış

Yazını böyüt
Yazını kiçilt

“Azərbaycan Milli İstiqlal Partiyası Xocalı faciəsinin 34-cü ildönümü ərəfəsində dünya ictimaiyyətinə bir daha müraciət edərək bu dəhşətli qətliamın Azərbaycan xalqına qarşı törədilmiş soyqırımı aktı kimi tanınmasına çağırır və cinayətkarların layiq olduqları cəzanı alacaqlarına əminliyini ifadə edir”.

Hafta.az xəbər verir ki, beynəlxalq ictimaiyyətə ünvanlanan bu çağırış Azərbaycan Milli İstiqlal Partiyasının Xocalı soyqırımının 34-cü ildönümü münasibətilə yaydığı bəyanatda yer alıb.

Bəyanatda qeyd olunur ki, Xocalı faciəsi Azərbaycan xalqının tarixində sadəcə bir təqvim günü deyil, insanlığın sınağa çəkildiyi, beynəlxalq hüququn iflic vəziyyətə salındığı, erməni faşizminin ən iyrənc simasının üzə çıxdığı qanlı cinayət aktıdır. Bu gün həmin dəhşətli soyqırımının 34-cü ildönümü dərin hüznlə, eyni zamanda sarsılmaz milli qürur hissi ilə anılır.

Bəyanatda soyqırımı ilə bağlı faktlara da diqqət çəkilib:

“1992-ci il fevralın 25-dən 26-na keçən gecə bəşəriyyət ən ağır cinayətlərdən birinə şahidlik edib. Erməni silahlı birləşmələri keçmiş sovet ordusunun Xankəndidə yerləşən 366-cı motoatıcı alayının birbaşa iştirakı və hərbi texnikasının dəstəyi ilə Xocalı şəhərini yerlə-yeksan ediblər. Rəsmi statistika bu gün də dəhşət doğurur: Xocalı soyqırımı zamanı 613 nəfər dinc sakin amansızcasına qətlə yetirilib. Onlardan 106 nəfəri qadın, 83 nəfəri azyaşlı uşaq, 70 nəfəri isə ahıl şəxs olub.

Səkkiz ailə tamamilə məhv edilib, 56 nəfər xüsusi qəddarlıqla öldürülüb. 25 uşaq hər iki valideynini, 130 uşaq isə valideynlərindən birini itirib. 76 azyaşlı ağır yaralanaraq əlil olub, 1275 nəfər girov götürülüb, 150 nəfər itkin düşüb, 1000 nəfər isə müxtəlif dərəcəli güllə yarası alıb. Xocalı şəhəri ilə yanaşı, 10 yaşayış məntəqəsi dağıdılıb və talan edilib, iki tarixi abidə məhv edilib. Faciə zamanı itkin düşənlərin və taleyi indiyədək məlum olmayan girovların ağır işgəncələrə məruz qalaraq qətlə yetirildiklərinə dair ciddi əsaslar mövcuddur.

Faciədən dərhal sonra – fevralın 28-də hadisə yerinə yollanan jurnalistlər dəhşətli mənzərə ilə üzləşiblər. Onların hazırladıqları reportajlar sübut edir ki, dinc əhali xüsusi amansızlıqla qətlə yetirilib, meyitlər isə təhqir olunub. Meyitlərin skalplarının götürülməsi, qulaqlarının və digər orqanlarının kəsilməsi, gözlərinin çıxarılması, çoxsaylı bıçaq və güllə yaraları, ağır texnika ilə əzilmə və yandırılma faktları qeydə alınıb. Hadisələri öz gözləri ilə görən xarici jurnalistlər müşahidə etdikləri vəhşiliklərlə bağlı çalışdıqları nüfuzlu media orqanlarında çoxsaylı materiallar dərc etdiriblər”.

Bəyanatda eyni zamanda vurğulanır ki, Azərbaycanın apardığı ardıcıl və məqsədyönlü diplomatik fəaliyyət nəticəsində bu gün dünyanın bir sıra ölkələri və ABŞ-ın 24 ştatı Xocalıda baş verənləri soyqırımı aktı kimi tanıyıb. Bu fakt beynəlxalq ədalətin bərpası istiqamətində atılmış mühüm addım kimi qiymətləndirilir:

“Xocalı soyqırımının 34-cü ildönümünü fərqləndirən əsas amil Azərbaycanın 2020-ci ildə Vətən müharibəsində qazandığı tarixi Zəfər və 2023-cü ilin sentyabrında həyata keçirilmiş antiterror tədbirləri nəticəsində ölkəmizin ərazi bütövlüyünün və suverenliyinin tam bərpa edilməsidir. Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu işğal altında olan digər ərazilərimiz kimi Xocalını da azad edərək şəhidlərimizin qisasını döyüş meydanında alıb.

Bu gün Xocalıda Azərbaycan bayrağı dalğalanır. Şəhərdə genişmiqyaslı bərpa və quruculuq işləri aparılır, həyat tədricən öz axarına qayıdır. Bu, erməni separatizminin məğlubiyyətinin və Azərbaycanın ərazi bütövlüyünün sarsılmazlığının bariz təzahürüdür. Azərbaycan dövləti beynəlxalq humanitar hüququn tələblərinə uyğun olaraq Xocalı cinayətlərində iştirak etmiş şəxslərin bir qisminin məsuliyyətə cəlb olunmasını təmin edib. Bu məhkəmə prosesləri bir daha göstərir ki, bəşəriyyətə qarşı törədilən cinayətlər zaman keçdikcə unudulmur və bu əməlləri törədənlər gec-tez ədalət qarşısında cavab verirlər”.

Tahirə Qafarlı

Seçilən
0
4
hafta.az

5Mənbələr