AZ

Xocalı soyqırımı: 34 ilin ağrısı və tarixi ədalətin bərpası - ŞƏRH

Bakı, 25 fevral, AZƏRTAC

Bu il Xocalı soyqırımından 34 il ötür. Azərbaycan xalqı 26 fevral tarixini dərin hüzn və ehtiramla yad edir, faciə qurbanlarının xatirəsini böyük kədər hissi ilə anır. Xocalı hadisələrinə Ulu Öndər Heydər Əliyev tərəfindən hüquqi-siyasi qiymət verilərək bu cinayət Azərbaycan xalqına qarşı törədilmiş soyqırımı kimi səciyyələndirilib. Qeyd olunub ki, baş verənlər adi hərbi əməliyyat çərçivəsinə sığmırdı. Dinc əhalinin məqsədli şəkildə hədəfə alınması, insanların xüsusi amansızlıqla qətlə yetirilməsi, şəhərin yerlə-yeksan edilməsi və mülki əmlakın məhv olunması hadisənin planlaşdırılmış kütləvi qətliam xarakteri daşıdığını təsdiqləyir.

Bunu AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Zaur Şükürov bildirib.

Onun sözlərinə görə, bu faciə uzun illər ərzində azərbaycanlılara qarşı həyata keçirilmiş etnik təmizləmə və deportasiya siyasətinin davamı idi.

“XX əsrin müxtəlif mərhələlərində indiki Ermənistan ərazisindən yüz minlərlə azərbaycanlı mərhələli şəkildə qovulmuş, xüsusilə 1918–1921, 1948–1953 və 1987–1991-ci illərdə baş vermiş köçürmələr regionun demoqrafik mənzərəsini ciddi şəkildə dəyişdirmişdi. 1980-ci illərin sonlarında alovlanan Qarabağ münaqişəsi isə bu siyasətin açıq zorakılıq mərhələsinə keçdiyini nümayiş etdirdi. Xocalıda beynəlxalq humanitar hüquq normalarının kobud şəkildə pozulması, dinc sakinlərə qarşı törədilmiş qəddarlıqlar həmin cinayətin məqsədli terror və soyqırımı aktı mahiyyəti daşıdığını bir daha ortaya qoydu. Azərbaycan dövləti faciənin siyasi-hüquqi qiymətləndirilməsi istiqamətində ardıcıl siyasət həyata keçirib. 1994-cü ildə parlament tərəfindən 26 fevral – Xocalı Soyqırımı Günü elan edilib, 1997-ci ildən etibarən isə hər il həmin tarixdə ölkə üzrə sükut dəqiqəsinin keçirilməsi qərara alınıb. Bu addımlar milli yaddaşın qorunmasına və faciənin beynəlxalq miqyasda tanıdılmasına xidmət edir. Sonrakı illərdə Xocalı həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması dövlət siyasətinin əsas istiqamətlərindən birinə çevrilib. Müxtəlif ölkələrdə keçirilən tədbirlər, konfranslar, sərgilər və beynəlxalq kampaniyalar nəticəsində bir sıra dövlətlərin parlamentləri bu faciəni qətliam və ya soyqırımı kimi tanıyan sənədlər qəbul ediblər”, - deyə Z.Şükürov əlavə edib.

Deputat bildirib ki, 2008-ci ilin mayında Leyla Əliyevanın təşəbbüsü ilə “Xocalıya ədalət” beynəlxalq informasiya kampaniyasına start verilib: “Kampaniya çərçivəsində faciə ilə bağlı həqiqətlərin beynəlxalq ictimaiyyətə çatdırılması, obyektiv hüquqi-siyasi qiymətin formalaşdırılması istiqamətində sistemli iş aparılıb. Fondun məqsədyönlü fəaliyyəti nəticəsində dünya ictimaiyyəti Xocalıda törədilmiş cinayətlər barədə daha dolğun məlumatlandırılıb. Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi strateji inkişaf xəttinin və onun layiqli davamçısı, Prezident İlham Əliyevin həyata keçirdiyi ardıcıl siyasətin nəticəsi olaraq, Azərbaycan Ordusunun rəşadəti sayəsində Ermənistanın uzun illər davam edən işğalçılıq siyasətinə son qoyulub. 2020-ci ildə baş vermiş 44 günlük Vətən müharibəsi və 2023-cü ilin sentyabrında həyata keçirilmiş lokal xarakterli antiterror tədbirləri ölkəmizin ərazi bütövlüyünün və dövlət suverenliyinin tam bərpası ilə nəticələnib. Bununla da onilliklər boyu ədalət gözləyən şəhidlərin xatirəsi qarşısında tarixi ədalət təmin olunub, məcburi köçkünlərin doğma torpaqlara qayıdışı reallığa çevrilib.

Zaur Şükürov qeyd edib ki, Xocalı soyqırımından onilliklər keçməsinə baxmayaraq, ağır cinayətlərin hüquqi müstəvidə araşdırılması və təqsirkar şəxslərin məsuliyyətə cəlb olunması istiqamətində tədbirlər davam etdirilir. Onun sözlərinə görə, 2003-cü il dekabrın 18-də Baş Prokurorluq, Daxili İşlər və Milli Təhlükəsizlik orqanlarının birgə əmri ilə xüsusi istintaq-əməliyyat qrupu yaradılıb.

“Aparılmış kompleks məhkəmə-texniki və əmtəəşünaslıq ekspertizaları nəticəsində müəyyən edilib ki, Xocalının işğalı zamanı dövlət və şəxsi mülkiyyətə böyük həcmdə ziyan vurulub, yüz milyonlarla dollar məbləğində maddi itki qeydə alınıb. İstintaq materialları beynəlxalq humanitar hüquq və insan hüquqları üzrə konvensiyaların kobud şəkildə pozulduğunu təsdiqləyir. Bu xüsusda, Qarabağdakı keçmiş separatçı rejimin rəhbərləri və digər təqsirləndirilən şəxslərlə bağlı Bakı Hərbi Məhkəməsinin çıxardığı hökm bir daha nümayiş etdirdi ki, Azərbaycan dövləti xalqımıza qarşı ağır cinayətlər törətmiş şəxslərin məsuliyyətə cəlb olunması istiqamətində qətiyyətli mövqe sərgiləyir və ədalətin təmin olunması prinsipinə sadiqdir”, - deyə Milli Məclisin deputatı vurğulayıb.

Seçilən
10
azertag.az

1Mənbələr