AZ

Bahalı yeyənlər, quru çörəklə iftar açanlar İslamda bəyənilən nədir?

ain.az, Qaynarinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Artıq bir neçə ildir restoran və kafelərin təqdim etdiyi xüsusi iftar-imsak menyuları insanlar arasında populyarlaşıb. Bu menyular həm qiymət, həm də tərkib baxımından bir-birindən fərqlənir və müxtəlif büdcələrə uyğun seçimlər təklif olunur. Hazırda restoranlarda 15 manatdan başlayaraq 90 manata qədər imsak-iftar menyuları təqdim olunur. Lakin bu qiymətlərin baha olması ilə bağlı müzakirələr gedir. Bəzi şəxslər düşünür ki, bu cür menyuların qiyməti hər büdcəyə uyğun olmalıdır. 

Bəs Ramazan ayında iftar və imsak süfrələrinin baha təklif edilməsi İslama, Ramazan ayına uyğundurmu? Bu dini baxımdan etik sayılırmı, yoxsa, sadəcə ticarətdir?

Qaynarinfo-ya mövzunu şərh edən ilahiyyatçı Tural İrfanın sözlərinə görə, Ramazanda imkanı olanların imkansızlar üçün iftar süfrəsi açması savabdır. Bu Ramazanın mənəvi, sosial ruhuna uyğundur:

"Amma bəzi kafe-restoran sahiblərinin həddən artıq bahalı menyuları iftar adı ilə satması günahdır. Bu, dindən sui-istifadədən başqa şey deyil. Fürsətdən sui-istifadə edərək insanları maddi cəhətdən istirmar etməkdir".

İlahiyyatçı deyir ki, Ramazan maddi qazanc yox, mənəvi, əxlaqi qazanc ayıdır:

"Restoranlar əgər Ramazanda cəmiyyətə töhfə vermək, savab qazanmaq istəyirlərsə, imkanları daxilində pulsuz sadə iftar təklif etməlidirlər. Ən azı hər gün bir neçə nəfər üçün bunu etsələr, Ramazanın ruhuna uyğun olar. Amma təəssüf ki, bizdə belə ənənə yoxdur. Digər müsəlman ölkələrində belə işlər çoxdur. Əgər buna da imkanı, yaxud səxavəti imkan vermirsə, o zaman Ramazanda qiymətləri başqa vaxtakından ucuz təqdim etməlidirlər.

Amma əksinə, daha da baha qiymətə menyu təqdim etmək, üstəlik də onun adını "iftar menyusu" qoymaq dinsizlikdir. Həcci, namazı, orucu biznesə alver-qazanc mənbəyinə çevirmək sadəcə imansızlıqdır. Yəni, dinə, Allaha imanı olan belə iş görməz. Bu ay mərhəmət, səxavət ayıdır, məşəqqət və ticarət ayı deyil. Sadəlövh, bəzən də dinin mahiyyətinə dərindən bələd olmayan mömin adamları bu ayda işbazlarların, fürsətcillik edənlərin istismarına qarşı müvafiq qurumlar ölçü götürməlidir".

İlahiyyatçının sözlərinə görə, iftar və imsak qiymətlərində standart qiymətlər olmalıdır:

"Kim kefi necə istəsə, o məbləğdə menyu təqdim edə bilməz. Azad iqtisadiyyat, azad ticarət özbaşınalıq və istismarçılıq demək deyil. Əgər adamların dinə, mənəvi dəyərlərə, kasıb vətəndaşlara diqqəti, mərhəməti yoxdursa o zaman qanuna və adət-ənənəyə əməl etməlidirlər. Qurbanlıqda qurban ətini, Ramazanda da iftarı satmaq qədər günah iş yoxdur. Bu ayda sadəcə kimin nəyə gücü çatırsa, həssas və sosial cəhətdən yoxsul insanlara o qədər yardım, kömək etməlidir. Bu ay varlı-kasıb sinfinin bərabərləşdiyi aydır. Ayrı-seçkilik ayı deyil. Elə adamlar var ki, iftar açmağa quru çörəkdən savayı yeməyi yoxdur. Çörəyi suya batırıb iftar açır. Amma bir tərəfdə də belə bahalı restoranlarda 80-100 manatlıq yeməkləri qarşısına qoymuş adamlar var. Bu, din, oruc deyil. Sadəcə dini öz çirkin əməllərinə alət etməkdir. Belə Ramazan olmaz!”

Günay İlqarqızı

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
12
qaynarinfo.az

1Mənbələr