AZ

Xocalı faciəsi Azərbaycan tarixində milli yaddaşın və ədalət tələbinin simvoludur ŞƏRH

Bakı, 25 fevral, AZƏRTAC

Hər il fevralın 26-da Azərbaycanda Xocalı faciəsi qurbanlarının xatirəsi ehtiramla yad edilir. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə baş verən hadisələr Azərbaycan tarixinin ən ağır humanitar faciələrindən biri və beynəlxalq humanitar hüququn kobud şəkildə pozulması kimi qiymətləndirilir.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Sevil Mikayılova deyib.

O xatırladıb ki, 1992-ci ilin qarlı fevral gecəsində Ermənistan silahlı qüvvələri, keçmiş SSRİ-nin Xankəndidə yerləşən 366-cı motoatıcı alayının iştirakı ilə Xocalı şəhərinə hücum həyata keçirdi. Nəticədə şəhər tamamilə dağıdıldı, dinc əhali kütləvi zorakılığa məruz qaldı. Rəsmi statistikaya əsasən,106 qadın, 63 uşaq, 70 qoca olmaqla 613 nəfər qətlə yetirilib, 76-sı uşaq olmaqla 487 nəfər yaralanıb,1275 nəfər əsir və girov götürülüb, 150 nəfərin taleyi bu günədək məlum deyil, 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq isə valideynlərindən birini itirib. Bu rəqəmlər faciənin təkcə hərbi deyil, həm də dərin sosial-demoqrafik və psixoloji nəticələr doğurduğunu göstərir. Xocalı hadisəsi nəticəsində bütöv bir şəhər xəritədən silinib, yüzlərlə ailənin taleyi faciəvi şəkildə dəyişib.

Deputat qeyd edib ki, Xocalının ələ keçirilməsi yalnız hərbi üstünlük qazanmaq məqsədi daşımırdı, eyni zamanda, bölgədən azərbaycanlı əhalinin kütləvi şəkildə çıxarılması və etnik tərkibin dəyişdirilməsi strategiyasının bir hissəsi kimi qiymətləndirilir.

“Hadisələrin gedişində keçmiş Rusiya Silahlı Qüvvələrinin Xankəndidə yerləşən 366-cı motoatıcı alayının iştirakı barədə çoxsaylı faktlar və şahid ifadələri mövcuddur. Bu hərbi birləşmə zirehli texnika və canlı qüvvə ilə Ermənistan tərəfindən keçirilən əməliyyata dəstək verdi. Heç təsadüfi deyil ki, Xocalı hadisəsi və ümumilikdə Qarabağ müharibəsinin ilk mərhələsi “rus-erməni işğalı” kimi xarakterizə olunur. Bu məsələ münaqişənin beynəlxalq-hüquqi qiymətləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır, çünki Rusiya hərbi kontingentinin iştirakı hadisəyə regional deyil, daha geniş geosiyasi çalar verir. Xocalıdan iki il əvvəl, – 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə, – sovet qoşunlarının Bakıya yeridilməsi nəticəsində dinc əhaliyə qarşı qətliam törədilmişdi. Bu hadisə Azərbaycanın müstəqillik hərəkatına qarşı güc tətbiqi kimi tarixə düşüb və onlarla insanın həyatına son qoyub. 20 Yanvar hadisələri ilə Xocalı faciəsi arasında siyasi-psixoloji paralellər aparmaq olar, hər iki hadisə sovet/postsovet məkanında güc yolu ilə təsir mexanizminin davamı idi.

Ermənistan silahlı qüvvələrinin əməliyyatları Rusiya hərbi kontingentinin dəstəyi və ya birbaşa iştirakı olmadan mümkün olmazdı. Rusiya rəsmiləri həmin dövrdə mərkəzi hakimiyyətin zəifliyini və alay daxilində nəzarətsiz vəziyyəti önə çəkərək dövlət səviyyəsində planlaşdırılmış iştirak iddialarını qəbul etmirlər. Xocalı Qarabağ bölgəsində yeganə mülki hava limanının yerləşdiyi strateji nöqtə idi. Şəhərin ələ keçirilməsi Ermənistan üçün həm logistik, həm də hərbi üstünlük demək idi. Bununla yanaşı, azərbaycanlı əhalinin bölgədən sıxışdırılıb çıxarılması prosesi sürətləndi və etnik tərkib dəyişdi", - deyə S.Mikayılova diqqətə çatdırıb.

O qeyd edib ki, Xocalı hadisəsi Azərbaycanın həmin dövrdə hərbi-siyasi baxımdan zəif vəziyyətdə olmasından istifadə edilməsinin nəticəsi idi. Bu, eyni zamanda, regionda böyük güclərin maraqlarının toqquşduğu mürəkkəb geosiyasi mərhələnin tərkib hissəsi idi. Azərbaycan Xocalı hadisəsini 1948-ci il BMT Konvensiyasına uyğun olaraq soyqırımı və insanlığa qarşı cinayət kimi təqdim edir. 1994-cü ildə Milli Məclis 26 fevralı “Xocalı soyqırımı günü” elan edib. Leyla Əliyevanın təşəbbüsü ilə başladılan “Xocalıya ədalət!” kampaniyası çərçivəsində bir sıra ölkələr və ABŞ-nin çoxsaylı ştatları hadisəni soyqırımı və ya qətliam kimi tanıyan sənədlər qəbul ediblər. O cümlədən Pakistan, Meksika, Kolumbiya, Çexiya, Rumıniya və Peru kimi dövlətlərin parlament qərarları siyasi-hüquqi baxımdan əhəmiyyətlidir.

"Xocalı faciəsi Azərbaycan tarixində yalnız bir hərbi epizod deyil, həm də milli yaddaşın və ədalət tələbinin simvoludur. 20 Yanvar hadisələri ilə birlikdə baxıldıqda, bu faciələr Azərbaycanın müstəqillik yolunda üzləşdiyi ağır sınaqların ardıcıl zənciri kimi qiymətləndirilir. Hadisələrin hərbi-siyasi aspektləri, o cümlədən keçmiş sovet hərbi hissələrinin rolu və regional güclərin iştirakı məsələsi hələ də tarixi və hüquqi müstəvidə araşdırma predmetidir", deyə o vurğulayıb.

Azərbaycan Ordusunun Xocalının qisasını Vətən müharibəsi zamanı döyüş meydanında aldığını bildirən deputat deyib: "2020-ci ildə baş vermiş Vətən müharibəsi regionda yeni reallıqlar yaratdı. 44 gün davam edən müharibə nəticəsində uzun illər işğal altında qalan torpaqlarımız azad edildi. Sonrakı dövrdə həyata keçirilən tədbirlər nəticəsində bölgədə təhlükəsizlik və sabitlik təmin olundu. 2023-cü il sentyabrın 19-20-də keçirilmiş antiterror tədbirlərindən sonra Xocalı şəhəri separatçılardan təmizləndi. 2023-cü il oktyabrın 15-də dövlətimizin başçısı İlham Əliyev şəhərdə Azərbaycan Bayrağını ucaltdı. Bu hadisə milli tariximizdə mühüm dönüş nöqtəsi kimi dəyərləndirilir. Bu gün Xocalı şəhəri və ətraf kəndlərdə yenidən həyat bərpa olunur. İnfrastruktur layihələri həyata keçirilir, evlər tikilir, sosial obyektlər qurulur. “Böyük Qayıdış” Proqramı çərçivəsində artıq yüzlərlə ailə doğma torpaqlarına qayıdıb. Bu proses təkcə bir şəhərin bərpası deyil, həm də tarixi ədalətin təntənəsi kimi dəyərləndirilir".

Seçilən
20
1
azertag.az

2Mənbələr