Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) 26 fevral – Xocalı soyqırımının 34-cü ildönümünə həsr olunan anım tədbiri keçirilib
"Unikal" xəbər verir ki, tədbirdə torpaqlarımızın bütövlüyü uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət Himni səsləndirilib.
Daha sonra tədbir iştirakçılarına 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri tərəfindən Xocalıda dinc əhaliyə qarşı törədilən soyqırımı, bu faciənin tarixi-siyasi mahiyyəti və xalqımızın yaddaşında tutduğu mühüm yer barədə ətraflı məlumat verilib.
Universitetin rektoru Zəfər Qurbanov çıxış edərək, tarixə müraciət etməyin, milli yaddaşın qorunmasının və baş verən faciələrin unudulmamasının vacibliyini xüsusi vurğulayıb. O, Xocalı faciəsinin Azərbaycan tarixində dərin iz buraxdığını, bu ağrılı hadisənin heç vaxt unudulmayacağını vurğulayaraq, xalqımızın haqq səsinin dünya ictimaiyyətinə çatdırılmasının mühüm əhəmiyyət daşıdığını diqqətə çatdırıb. Rektor əlavə edib ki, 2020-ci ildə baş verən 44 günlük Vətən müharibəsində qazanılan Qələbə həm də Xocalı qurbanlarının qisasının alınması deməkdir: “2023-cü ildə keçirilən antiterror tədbirləri nəticəsində isə Xocalı separatçılardan təmizləndi. Həmin il oktyabrın 15-də Xocalıda Azərbaycanın Dövlət Bayrağı ucaldıldı. Bu hadisə şəhidlərin qanının yerdə qalmadığını bütün dünyaya nümayiş etdirdi. Dövlətimiz Xocalını yenidən inşa edir, müasir infrastruktur yaradılır. Xocalı sakinləri “Böyük Qayıdış” Proqramı çərçivəsində doğma yurdlarına qayıdırlar. Bu gün Xocalı ümidin, dirçəlişin və inkişafın mərkəzinə çevrilib. Şəhərin yenidən qurulması Azərbaycan xalqının öz tarixinə sahib çıxmasının və gələcəyə inamla baxmasının parlaq nümunəsidir”.
Tədbir çərçivəsində Xocalı faciəsinə həsr olunan videoçarx nümayiş etdirilib.
Xocalı soyqırımının şahidləri olan Dövlət İmtahan Mərkəzinin Gəncə Regional Bölməsinin müdiri Nəsimi Məmmədov, həmçinin Gəncə Dövlət Aqrar Kollecinin Tədris hissə müdiri Aliyə Abışova çıxış edərək, faciə ilə bağlı xatirələrini bölüşüblər. Onlar həmin gecə yaşadıqları dəhşətli hadisələri tədbir iştirakçılarına çatdıraraq, Xocalı soyqırımının unudulmamasının vacibliyini vurğulayıblar.
Tədbirdə II Qarabağ müharibəsi veteranı Aslan Məmmədov, İctimai fənlər kafedrasının baş müəllimi Çinarə Səfərova, ADAU tələbəsi Seymur Məstalıyev çıxış edərək Xocalı faciəsinin tarixi və mənəvi əhəmiyyətindən danışıblar.
Tədbirin bədii hissəsində universitet tələbələrinin ifasında Xocalı soyqırımına həsr olunan şeirlər səsləndirilib.