AZ

Nic məktəbliləri Qəbələ Arxeoloji Mərkəzdə Xocalı faciəsi qurbanlarını anıblar

ain.az xəbər verir, Azertag saytına əsaslanaraq.

Qəbələ, 25 fevral, Rasim İslamoğlu, AZƏRTAC

Qəbələ Dövlət Tarix-Bədii Qoruğunun və Qəbələ Arxeoloji Mərkəzin birgə təşkilatçılığı ilə keçirilən “Xocalı soyqırımı – qan yaddaşımız” mövzusundakı tədbirdə rayonun Nic qəsəbə 1 saylı tam orta məktəbin müəllim və şagird kollektivi də iştirak edib.

Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Qəbələ Dövlət Tarix-Bədii Qoruğunun direktoru Zahir Kərimov məlumat verib.

Qəbələ Arxeoloji Mərkəzin akt zalında keçirilən toplantıdan öncə Xocalı soyqırımı qurbanlarının və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçən Vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri açan Qoruğun direktoru Zahir Kərimov bildirib ki, Azərbaycan xalqı 200 il ərzində erməni millətçi-şovinistlərinin etnik təmizləmə, soyqırımı siyasətinə məruz qalıb, xalqımız tarixi torpaqlarından qovulub, qaçqına, məcburi köçkünə çevrilib. Ötən əsrin sonunda baş vermiş Xocalı soyqırımı təkcə Azərbaycan xalqına deyil, insanlığa, bəşəriyyətə qarşı yönəlmiş ən ağır cinayətlərdən biridir.

Nic qəsəbə 1 saylı tam orta məktəbin tarix müəllimi Vadim Quvasaari Xocalı soyqırımının dünya ölkələri tərəfindən soyqırımı kimi tanınmasından söz açıb.

Sonra Nic qəsəbə 1 saylı tam orta məktəbin müəllimləri Leyla Ağayeva və Bahadur Rəşidli çıxış edərək Xocalı soyqırımının anım gününün Azərbaycan xalqının birliyinin, milli təəssübkeşliyinin rəmzinə çevrildiyini vurğulayıblar. Diqqətə çatdırılıb ki, artıq xalqımız “Ana harayı” abidəsini alnıaçıq, başıuca ziyarət edir, çünki düşməndən bütün şəhidlərimiz kimi, Xocalı soyqırımı qurbanlarının da qisası alınıb.

Sonda şagirdlər “Biz qayıtmışıq Xocalı!” adlı bədii kompozisiya təqdim ediblər.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
16
azertag.az

1Mənbələr