Ötən həftə yayımlanan videosujetdə keçmiş məcburi köçkünün 33 il məskunlaşdığı mənzilidə elektrik enerjisinə görə 10 min 47 manat borcu yaranması müzakirələrə səbəb olmuşdu.
Publika.az bildirir ki, bununla bağlı həmin keçmiş məcburi köçkün Balakişi Allahverdiyev Teleqraf-a açıqlama verib.
Onun sözlərinə görə, binada qaz və su olmayıb:
"Suyu sakinlər binaya çəkib. Qışda istilik sistemi olmadığından elektrik enerjisindən istifadə etmişik. Nəticədə də 10047 manat borc yaranıb. Mənzildən çıxarkən heç bir məişət tullantısı qoymamışam, o cümlədən söküntü işləri də aparmamışam".
Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə dövlət Komitəsindən isə bildirilib ki, Komitə tərəfindən Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Etibar Bəkirli küçəsində İsa Musabəyova məxsus mənzildə müvəqqəti məskunlaşmış Allahverdiyev Balakişi Şəmsəddin oğlunun elektrik enerjisindən istifadəyə görə yaranmış borcu ilə bağlı məsələ araşdırılıb. Nazirlər Kabinetinin 17 fevral 2017-ci il tarixli 55 nömrəli qərarına əsasən, vahid aylıq müavinət alan keçmiş məcburi köçkünlərə istifadə etdikləri elektrik enerjisi üçün aylıq adambaşına 300 kilovat-saat həcmində dövlət hesabına güzəşt tətbiq olunur. Ailə başçısı – Balakişi Allahverdiyevə ümumilikdə 2026-cı ilin yanvar ayınadək adambaşına aylıq 300 kilovat-saat olmaqla, 5 nəfər üçün cəmi 1500 kilovat-saat həcmində elektrik enerjisi üzrə güzəşt tətbiq edilib.