ain.az, Azertag portalına istinadən məlumat verir.
Qazax, 25 fevral, Ruslan Novruzoğlu, AZƏRTAC
Qazax Dövlət Dram Teatrında XX əsrin qanlı faciəsi - Xocalı soyqırımına həsr edilmiş “Xocalı harayı” adlı ədəbi-bədii kompozisiya nümayiş olunub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Qazax-Tovuz Regional Mədəniyyət İdarəsinin dəstəyi ilə nümayiş olunan səhnə əsərindən öncə Qazax şəhərindəki Şəhidlər xiyabanı ziyarət olunub, "Əbədi məşəl" kompleksi və Vətən uğrunda canından keçmiş şəhidlərin abidəsi önünə tər qərənfillər düzülüb. Sonra Qazax Rayon Mədəniyyət Mərkəzində Xocalı qurbanlarının xatirəsinə təşkil olunmuş sərgiyə baxış keçirilib.
Tədbir Xocalı qurbanlarının xatirəsinin yad olunması ilə başlayıb.
Qazax Rayon Heydər Əliyev Mərkəzinin direktoru Ceyhunə Hüseynova, Qazax Dövlət Dram Teatrının direktoru Allahverdi Musayev, Mədəniyyət İşçiləri Həmkarlar İttifaqının Qazax rayon komitəsinin sədri İsgəndər Qurbanov və Qazax Dövlət Dram Teatrının aktyoru, Əməkdar artist Xəzər Gəncəli 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələrinin keçmiş sovet ordusunun 366-cı motoatıcı alayının dəstəyi ilə Xocalı şəhərini işğal etməsindən, dinc əhaliyə qarşı soyqırımı cinayəti törətməsindən söz açıblar. Vurğulanıb ki, beynəlxalq təşkilatlar, dünya dövlətləri bu soyqırımı cinayətinə biganə qalmamalı, Xocalı soyqırımına hüquqi qiymət verilməli, hərbi cinayətkarlar layiqli cəzalarını almalıdırlar.
Sonra “Xocalı harayı” ədəbi-bədii kompozisiyası nümayiş olunub. Səhnə əsərinin ssenari müəllifi Qazax Dövlət Dram Teatrının əməkdaşı Hikmət Orhun, quruluşçu rejissoru, Əməkdar artist Xəzər Gəncəlidir. Rolları Əməkdar artist Hacı Hacıyev, Minayə İbrahimova və Məlahət Vəliyeva ifa ediblər.
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.