AZ

İclasda yatanların əksərinin yaşı 80 i ötüb, özlərində alim etikası, mədəniyyəti olmalıdır Etibar Əliyev

ain.az, GlobalInfo portalına istinadən məlumatı açıqlayır.

“Fərz edək ki, akademiya, universitet rəhbərliyi onlara “get” demək istəmir. Amma onların özlərində alim etikası, mədəniyyəti olmalıdır”.

Azərbaycan Milli Elmlər Akademiyasının növbəti ümumi yığıncağı ilə bağlı yayılan görüntülər cəmiyyətdə müxtəlif reaksiyalar doğurub.

Yığıncaq zamanı bəzi iştirakçıların-alimlərin mürgüləməsi sosial şəbəkələrdə müzakirələrə səbəb olub. Hətta bir çox vətəndaşlar alimlərin şəkillərini Mirzə Ələkbər Sabirin “Səs salma, yatanlar oyanar, qoy hələ yatsın” misraları ilə paylaşıblar.

Məsələ daha geniş kontekstdə elmi mühitin dinamikliyi, yaş amili, akademik fəaliyyətin səmərəliliyi ilə bağlı fikir mübadiləsinə yol açıb.

Globalinfo.az bildirir ki, sabiq deputat, təhsil eksperti Etibar Əliyev mövzu ilə bağlı Sherg.az-ın suallarını cavablayıb:

-Etibar bəy, mediada AMEA-nın keçirdiyi tədbir “Rəyasət Heyətinin iclası” kimi təqdim olunub. Həm bu, həm də bu qədər alimin yığıncaqda mürgüləməsi məsələsinə necə yanaşırsınız?

-Hamı “Rəyasət heyəti” yazır. Lakin bu, doğru deyil. Ümumi yığıncaq keçirilib. Bunu yazanlar savadsızdırlar.

Ümumi yığıncaqda alimlərin yatması ciddi, narahatlıq doğuran məsələdir. Bu, əsasən, yaşla, yorğunluqla bağlıdır. Bir misal gətirim: 1980-ci il yaponlardan Kimya üzrə Nobel mükafatını ilk alan alim Keniçi Fukui olub.

Bunu deməkdə məqsədim var. Keniçi Fukui 65 yaşına çatanda Nobel mükafatı alıb. O, müsahibəsində deyirdi ki, “mən həm sevinirəm, həm də kədərlənirəm. Ona görə ki, Yaponlarda çox ciddi qanunlar var və mən 65 yaşında doğma universitetimi tərk edib müstəqil elmi fəaliyyətə başlamalıyam”. Bunu “Nobel”çiyə də sitat gətirirlər. Bu bir mədəniyyətdir, alim etikasıdır.

Adi elmi işçiləri 65 yaşına çatan kimi pensiyaya göndərirlər. Amma AMEA-da olan institut direktorları, məsləhətçilərin yaşı 90-na yaxındır. Onlar vaxtı ilə bu titulları qazanıblar.

Fərz edək ki, akademiya, universitet rəhbərliyi onlara “get” demək istəmir. Amma onların özlərində alim etikası, mədəniyyəti olmalıdır. Gəlib yer tutmaqla elm inkişaf eləmir, gənclərin yolunu bağlayırlar. Demək olar ki, gənclərin elmdə heç bir kariyera qazanmaq imkanları yoxdur. Onlar mürgülüyərək elmə yenilik gətirmirlər. “65 yaş” qanunu hamıya aid olunmalıdır. Orada yatanların bir neçəsi akademiklərdir. Biri Telman Əliyev, digəri də Milli Ensklopediyanın direktoru Tofiq Nağıyev idi. Onların yaşları 80-ni ötüb. Bu gün Azərbaycan elmində ən ciddi problemlərdən biri alim etikası və alim mədəniyyətidir.

– Hazırda alimlərin fəaliyyətindən razısınızmı?

– Yaş məsələsi özünü göstərir. AMEA-nın institutlarının bir hissəsi Elm və Təhsil Nazirliyinə verilib. Sual yaranır ki, “Burada hansı irəlləyiş var?”. Artıq elm köhnə təfəkkürlə işləmir. Elm çevikliyi, dilləri bilməyi, yeni ədəbiyyatların əks olunmasını, yeni məqalələrin yazılmasını, daha üstün istinadları tələb edir. Çox təəssüflər olsun ki, bunlar da yoxdur. Məntiq budur ki, o alimlər elə işdə də yatırlar.

– Məsələn, Amerikada Trampın timsalında götürsək siyasətçilərin, alimlərin çoxu yaşlı nəslə mənsubdur. Bəs, bizdə niyə bu hal yaşanır? 

– Amerikalı diplomat, siyasət üzrə alim Henry Kissinger 100 yaşında dünyasını dəyişib. O, ömrünün son 10 ilində 5 kitab yazıb. Bütün mütəxəssislər hesab eləyirlər ki, o kitablar problem qoyuluşu baxımından ən fundamental kitablardır.

Noam Çomski Masaçüsetin professorudur. Yaşı 90-dan yuxarıdır. Ancaq yaradıcılığına, danışığına çox diqqətlə yanaşır.

Onların nə ictimai rəydə mövqeyi, nə də tədqiqatlarda bir yeri var. Bu tamam başqa bir kəmiyyətdir.

Verdiyiniz sualı mən bir dəfə düşündüm ki, yazam. Məsələn, Jürgen Habermans nəhəng filosofdur. 90-na yaxın yaşı var, kommunikasiyalar nəzəriyyəsi haqqında yeni kitab yazıb. Nə cavan, nə orta yaş nəsl o cür kitablar yaza bilir. Çünki bu, toplanan təcrübənin cövhəridir. Amma bizdə belə deyil.

– Sizcə problem alimlərin seçilməsindədir?

– Ali Attestasiya Komissiyasının son statistikasına baxın. Yüzlərlə elmi iş ləğv olunub. İndi yazılan dissertasiyaların 80 faizdən çoxunun alimliyə namizədin deyil, başqalarının yazdığını böyük əminliklə deyirəm. Bunu hamı, artıq laborantlar da bilir. Bu isə o deməkdir ki, həmin şəxslər alim deyil. Əgər bir alimin işini başqası yazırsa, deməli, məqsəd elmə töhfə vermək yox, diplom almaq və kimləsə yarışa girməkdir.

Söhbət məhz bundadır. Yaşlı nəsillə orta yaşlı nəsil arasındakı fərqə diqqət yetirin. Artıq gənclər də elmdən uzaqlaşır. Bunun səbəblərindən biri də məhz bu mühitdir.

Elmdə inersiya, belə ətalət yolverilməzdir. Üstəlik, zəfər qazanmış bir ölkənin elmində bu cür durğunluq qəbuledilməzdir.

– Etibar bəy, fikrinizcə bu vəziyyət nə vaxt düzələcək?

– Mən bunu deyə bilmərəm. Zirəddin Rzayev kimi öncədən bir proqnozum yoxdur.

– Bəs qarşısını almaq üçün nə etmək lazımdır?

– İrəliləyiş üçün konkret addımlar atılmalıdır. Təəssüf ki, biz hələlik bu addımları görmürük. Problem də bundadır.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
14
globalinfo.az

1Mənbələr