AZ

Televiziyaya marağı ancaq bu yolla bərpa etmək olar KONKRET

ain.az, Konkret.az portalına istinadən məlumat verir.

Televiziya sektorunda son illər müşahidə olunan dəyişikliklər, xüsusilə onlayn medianın sürətli inkişafı ənənəvi yayım platformalarının gələcəyini yenidən müzakirə mövzusuna çevirib. Tamaşaçı vərdişlərinin dəyişməsi, reklam bazarındakı çətinliklər və texnoloji yeniliklər fonunda televiziya kanallarının hansı problemlərlə üzləşdiyi və yaxın illərdə bu sahənin necə formalaşacağı aktuallığını qoruyur. Bəs, hazırda televiziya sektorunun əsas problemləri nələrdir?

Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən İctimai Televiziya və Radio Yayımları Şirkətinin Yayım Şurasının üzvü Azər Həsrət bildirib ki, televiziya hələ də insanların həyatında mühüm yer tutsa da, yeni media platformalarının təsiri onun mövqeyini ciddi şəkildə zəiflədib.

“Tamaşaçılar artıq ənənəvi televiziya izləməkdən daha çox sosial şəbəkələrdə paylaşılan videolara üstünlük verir. Bu isə televiziya üçün əsas rəqibin məhz onlayn medianın görüntülü seqmentinə çevrildiyini göstərir. Mövcud rəqabət şəraitində televiziya kanallarının üstünlük qazanması çətinləşsə də, düzgün yanaşma ilə ən azı balans yaratmaq mümkündür”.

Şura üzvü qeyd edib ki, bunun üçün televiziya kanalları geniş auditoriyaya hesablanmış, yüksək keyfiyyətli və fərqlənən məzmun istehsal etməlidir.

“Onlayn mediada az rast gəlinən səviyyəli proqramlar televiziya üçün əsas çıxış yolu ola bilər. Lakin bu istiqamətdə irəliləyiş üçün böyük maliyyə resursları, peşəkar kadrlar və idarəçilik bacarıqları vacibdir.

Reklam bazarındakı maliyyə çatışmazlığı səbəbindən bəzi televiziya kanalları aşağıkeyfiyyətli və ucuz məzmuna üstünlük verməyə məcbur qalır. Problemin həlli üçün televiziya rəhbərlərinin bir araya gələrək ümumi prinsiplər müəyyənləşdirməsi zəruridir”.

O, həmçinin bildirib ki, süni intellekt və sürətlə inkişaf edən texnologiyalar fonunda televiziya sektorunun 5 ildən sonrakı vəziyyəti barədə dəqiq proqnoz vermək çətindir. Bununla belə, yeni texnologiyalara uyğunlaşa bilən televiziya kanallarının rəqabətdə qalmaq şansı daha yüksək olacaq.

Aynurə İsmayıl

KONKRET.az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
13
1
konkret.az

2Mənbələr