AZ

26 Fevral – Xocalı faciəsi xalqımızın qan yaddaşıdır » AzadMedia.az


Mamoy Mansurov,
Bakı Dövlət Universitetinin Geologiya fakültəsinin dekanı


26 Fevral Azərbaycan xalqının yaddaşına silinməz ağrı və kədər günü kimi həkk olunub. 1992-ci ilin fevral ayının 25-dən 26-na keçən gecə Xocalı şəhərində baş vermiş kütləvi qətliam XX əsrin ən dəhşətli faciələrindən biri kimi tarixə düşmüşdür. Dinc əhaliyə qarşı törədilmiş bu qırğın öz miqyasına, qəddarlığına və nəticələrinə görə yalnız bir xalqın deyil, bütün bəşəriyyətin faciəsi hesab olunur.
Azərbaycanın Ümummilli Lideri Heydər Əliyev Xocalı soyqırımını “bütövlükdə Azərbaycan xalqına qarşı yönəldilmiş, ağlasığmaz qəddarlıqla törədilmiş vəhşilik aktı” adlandıraraq onu bəşəriyyətə qarşı tarixi cinayət kimi qiymətləndirmişdir. Bu siyasi-hüquqi qiymət Xocalı hadisələrinin mahiyyətini və miqyasını aydın şəkildə ifadə edir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev isə Xocalı faciəsini iki əsrdən artıq müddətdə erməni millətçilərinin xalqımıza qarşı apardığı siyasətin qanlı səhifəsi kimi xarakterizə etmiş, “Xocalıya ədalət!” çağırışının haqlı və beynəlxalq hüquqa uyğun olduğunu vurğulayıb
Həmin gecə Ermənistan silahlı qüvvələri keçmiş sovet ordusunun Xankəndidə yerləşən 366-cı motoatıcı alayının iştirakı ilə Xocalı şəhərinə hücum edib. Şəhər ağır artilleriya atəşinə tutulmuş, yaşayış məntəqəsi tamamilə mühasirəyə alıb
Şəhəri tərk etməyə çalışan minlərlə sakin pusquya düşmüş, qadınlar, uşaqlar və ahıllar xüsusi qəddarlıqla qətlə yetirilib. Dağlara üz tutaraq xilas olmağa çalışan insanlar şaxtalı hava şəraitində donaraq həyatını itirib. Bu, yalnız hərbi əməliyyat deyil, mülki əhaliyə qarşı planlı və sistemli zorakılıq idi.
İşğal nəticəsində Xocalı şəhəri xarabalığa çevrilib. Minlərlə yaşayış evi, məktəblər, kitabxanalar, mədəniyyət ocaqları dağıdılmış, tarixi abidələr və qəbiristanlıqlar vandallıqla məhv edilmişdir. Bu, yalnız fiziki məkanın yox, həm də mədəni yaddaşın silinməsinə yönəlmiş cəhd idi.
1994-cü il fevralın 24-də Azərbaycan Respublikasının Milli Məclisi “Xocalı soyqırımı (genosidi) günü haqqında” qərar qəbul edib.
“Soyqırımı” anlayışının hüquqi əsasları isə BMT Baş Assambleyasının 9 dekabr 1948-ci il tarixli “Soyqırımı cinayətinin qarşısının alınması və ona görə cəzalar haqqında” Konvensiyasında təsbit edilib. Xocalıda baş verənlər həmin Konvensiyanın müəyyən etdiyi meyarlara uyğun olaraq milli qrupa qarşı törədilmiş ağır cinayət xarakteri daşıyır.
1997-ci ildən etibarən hər il 26 fevral saat 17:00-da ölkə ərazisində Xocalı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilir.
Seçilən
21
1
azadmedia.az

2Mənbələr