AZ

Nəsimi rayonunda Xocalı sakinləri ilə görüş keçirildi - FOTOLAR

Xocalı faciəsinin ildönümü respublikamızın hər yerində olduğu kimi Bakı şəhərinin Nəsimi rayonunda da geniş şəkildə qeyd olunur. Nəsimi Rayon İcra Hakimiyyəti tərəfindən hazırlanmış tədbirlər planına uyğun olaraq rayonun idarə və təşkilatlarında, orta və ali təhsil müəssisələrində faciə ilə bağlı müxtəlif tədbirlər təşkil edilir.

"Unikal" xəbər verir ki, faciənin 34-cü ildönümü ilə əlaqədar Nəsimi Rayon İcra Hakimiyyətində keçirilən görüşdə əvvəlcə Azərbaycan xalqının Ümummilli lideri, Ulu öndər Heydər Əliyevin,  Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərimizin və Xocalı soyqırımı qurbanlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Görüşdə çıxış edən Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı Tahir Budaqov Azərbaycan xalqının qan yaddaşı olan Xocalı faciəsi, ermənilərin zaman-zaman xalqımıza qarşı törətdikləri vəhşiliklər və bu soyqırımı ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinin diqqətinə çatdırılması istiqamətində görülmüş işlər barədə ətraflı məlumat verib. Bildirilib ki, faciənin beynəlxalq miqyasda tanıdılması istiqamətində Ulu Öndər Heydər Əliyevin mühüm xidmətləri olub. Məhz onun təşəbbüsü ilə Azərbaycan Respublikasının Milli Məclisində ilk dəfə bu məsələyə siyasi qiymət verilib və faciənin dünya ictimaiyyətinə çatdırılması istiqamətində sistemli işlərə başlanılıb.

Qeyd olunub ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın həyata keçirdiyi məqsədyönlü siyasət nəticəsində Xocalı faciəsinin ildönümü hər il həm respublikamızda, həm də ölkə hüdudlarından kənarda geniş şəkildə qeyd olunur.

Xüsusi vurğulanıb ki, Azərbaycanın tarixinə qızıl hərflərlə yazılmış 44 günlük Vətən müharibəsi dövlətimizin və xalqımızın iftixar mənbəyinə çevrilib. Bu müharibədə Azərbaycan xalqı milli həmrəyliyini və gücünü bütün dünyaya nümayiş etdirərək 30 ildən artıq işğal altında olan torpaqlarını işğaldan azad etdi, ölkəmizin ərazi bütövlüyü bərpa olundu.

Bildirilib ki, 2020-ci il Vətən müharibəsindən və 2023-cü il bir günlük antiterror tədbirindən sonra yaranmış yeni reallıqlar Xocalıya qayıdış üçün şərait yaradıb. “Böyük Qayıdış” proqramı çərçivəsində Xocalı şəhərinin bərpası, yaşayış evlərinin və infrastrukturun yenidən qurulması istiqamətində işlər davam etdirilir. Bu gün Xocalı sakinlərinin mərhələli şəkildə doğma yurdlarına qayıdışı dövlət strategiyasının əsas prioritetlərindən biridir.

Tədbirdə çıxış edən Xocalı sakinləri Sahibə Şahmuradova, Tacəddin Səfərov və Məlahət Məmmədova onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.

Seçilən
14
unikal.az

1Mənbələr