AZ

Xocalı şəhər 1 nömrəli tam orta məktəbdə soyqırımı qurbanlarının xatirəsi anılıb  

Xocalı şəhər 1 nömrəli tam orta məktəbdə Xocalı soyqırımının 34-cü ildönümü ilə bağlı anım tədbiri keçirilib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, əvvəlcə Dövlət Himni səsləndirilib, Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Qarabağ Regional Təhsil İdarəsinin müdiri Sənan Mənsimli çıxış edərək bildirib ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalıda dinc əhaliyə qarşı misli görünməmiş vəhşilik törədilib, bu faciə təkcə Azərbaycan xalqına deyil, bütün bəşəriyyətə qarşı yönəlmiş ağır cinayətdir.

Qeyd olunub ki, soyqırımı zamanı 613 nəfər qətlə yetirilib, yüzlərlə insan yaralanıb, ailələr tamamilə məhv edilib, şəhər yerlə-yeksan olunub. Bu hadisə xalqımızın yaddaşına qanlı tarix kimi həkk edilib.

Çıxışda Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən tarixi ədalətin bərpa olunduğu, Xocalının azad edilməsi ilə şəhidlərimizin qanının yerdə qalmadığı xüsusi vurğulanıb. Bildirilib ki, bu gün Xocalıda genişmiqyaslı bərpa və quruculuq işləri aparılır, sakinlər doğma torpaqlarına qayıdaraq burada yaşayır və təhsil alır, şəhərdə həyat yenidən canlanır.

Tədbirdə çıxış edən şəhid ailə üzvləri Xocalı soyqırımı qurbanlarının xatirəsinin daim uca tutulduğunu söyləyərək bildiriblər ki, 26 fevral təkcə hüzn günü deyil, həm də milli yaddaş günüdür. Xocalının yenidən qurulması, sakinlərin doğma torpaqlarına qayıtması şəhidlərimizin müqəddəs ruhuna ən böyük ehtiramdır. Şəhid ailə üzvləri dövlət tərəfindən göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildirərək, şəhidlərin xatirəsinin daim yaşayacağını vurğulayıblar.

Sonda şagirdlərin ifasında Xocalı soyqırımına həsr olunmuş bədii səhnələr nümayiş etdirilib, şeirlər səsləndirilib və ədəbi-bədii kompozisiyalar təqdim olunub.

Seçilən
0
1
azerbaijan-news.az

2Mənbələr