Azərbaycanın Pakistandakı səfirliyi bu ölkənin öndə gələn universitetlərindən olan Bahria Universiteti ilə birgə Xocalı Soyqırımının 34-cü ildönümünə həsr olunan seminar və fotosərgi təşkil edib.
Newscenter.az-a səfirlikdən verilən məlumata əsasən, tədbirdə diplomatlar, Pakistanın müxtəlif beyin mərkəzlərinin və universitetlərinin rəhbərləri, alimlər, ictimaiyyət və media nümayəndələri iştirak etib.
Tədbirin əvvəlində Xocalı soyqırımı şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad olunub, Azərbaycan və Pakistanın dövlət himnləri səsləndirilib.
Azərbaycanın Pakistan İslam Respublikasındakı səfiri Xəzər Fərhadov bildirib ki, 1992-ci il fevralın 26-da törədilmiş Xocalı soyqırımı ötən əsrin ən qanlı cinayətlərindən biri olub və həmin soyqırımı nəticəsində qadınlar, uşaqlar və qocalar da daxil olmaqla 613 azərbaycanlı mülki şəxs qətlə yetirilib.
Diplomat, 1991-ci ilin oktyabrından etibarən mühasirəyə alınan və avtomobil əlaqəsi kəsilmiş, 1992-ci ilin yanvarından isə enerji təchizatı dayandırılmış Xocalı şəhərinin 1992-ci il fevralın 25-dən 26-na keçən gecə keçmiş SSRİ-nin 366-cı motoatıcı alayının yardımı ilə Ermənistan silahlı qüvvələri tərəfindən kütləvi artilleriyadan atəşə tutularaq işğal edildiyini ifadə edib.
Səfir vurğulayıb ki, bu qətliam Ermənistan tərəfindən azərbaycanlılara qarşı həyata keçirilən sistemli etnik təmizləmə siyasətinin tərkib hissəsi olub və beynəlxalq hüquq baxımından qəsdən törədilmiş soyqırımı aktıdır.
Xocalıda həyata keçirilən soyqırımı aktının beynəlxalq aləmdə tanıdılması istiqamətində Azərbaycan tərəfindən görülmüş işlər barədə danışan səfir Xəzər Fərhadov, Pakistanın Azərbaycanın suverenliyi və ərazi bütövlüyünə ardıcıl dəstəyi ilə yanaşı Xocalı soyqırımının dövlət səviyyəsində tanımasını və bu xüsusda Pakistan Milli Assambleyası ilə Senatı tərəfindən yekdilliklə qəbul edilmiş müvafiq qətnamələrin qardaşlıq münasibətlərimizin bariz nümunəsi olduğunu qeyd edib.
Səfir həmçinin, 44 günlük Vətən Müharibəsi zamanı Azərbaycanın ərazi bütövlüyünün bərpa olunmasını, Xocalının azad edilməsini və müharibə cinayətkarlarının məsuliyyətə cəlb olunmasını tarixi ədalətin təcəssümü kimi qiymətləndirib.
Bununla yanaşı, işğaldan azad edilmiş ərazilərdə, o cümlədən Xocalıda aparılan genişmiqyaslı bərpa və yenidənqurma işlərinə, eləcə də Böyük Qayıdış proqramı çərçivəsində keçmiş məcburi köçkünlərin doğma ata yurdlarına qayıdışı proseslərinə diqqət çəkən X.Fərhadov, regionda davamlı sabitliyin əhəmiyyətinə vurğu edərək, hazırda Azərbaycan ilə Ermənistan arasında davamlı sülhə doğru atılan son addımlarından bəhs edib.
Daha sonra Bahria Universitetinin Humanitar və Sosial Elmlər fakültəsinin dekanı professor Fərrux Şahzadın, həmin fakultənin direktoru professor Adam Saudun və Pakistanın ən nüfüzlü beyin mərkəzlərindən olan Muslim İnstitutunun ictimai əlaqələr şöbəsinin rəsmisi Asif Tanver Awanın çıxışları dinlənilib.
Natiqlər öz məruzələrində 1992-ci il 26 fevral tarixində Xocalı şəhərində ermənilər tərəfindən xüsusi amansızlıqla törədilmiş soyqırımın tarixi barədə müfəssəl məlumat verərək, törədilmiş həmin soyqırımının sadəcə Azərbaycana qarşı deyil bəşəriyyətə qarşı törədilən bir cinayət olduğunu ifadə ediblər. Qeyd olunub ki, Ermənistan tərəfindən Azərbaycana qarşı aparılan təcavüzkar siyasətə görə Pakistan uzun illər Ermənistanı bir dövlət olaraq tanımayıb və Azərbaycanı bütün regional və beynəlxalq platformalarda dəstəkləyib. Sonda məruzəçilər bu mənfur əməllərə görə beynəlxalq ictimaiyyəti Ermənistanı qınamağa çağırıblar.
Tədbirin bədii hissəsində bu universitetin tələbəsi xanım Abriş Vahid tərəfindən Xocalı soyqırımına həsr edilmiş şeir dinlənilib.
Anar