AZ

Pakistan terror aktları təhlükəsi ilə əlaqədar təhlükəsizlik tədbirlərini gücləndirib

Pakistan terror aktları təhlükəsi ilə əlaqədar təhlükəsizlik tədbirlərini gücləndirib

Pakistan hakimiyyəti Əfqanıstanda yerləşən terrorçu qruplaşmaların hücum təhdidləri fonunda ölkə boyu təhlükəsizlik tədbirlərini maksimum dərəcəyə çatdırıb.

AFN.az xəbər verir ki, bu barədə məlumatı "Reuters" agentliyi Pakistanın daxili işlər üzrə dövlət naziri Talal Çaudhriyə istinadən yayıb. Nazir bildirib ki, terror təhlükəsinin qarşısını almaq məqsədilə silahlı qüvvələr yüksək döyüş hazırlığı vəziyyətinə gətirilib.

Dövlət nazirinin sözlərinə görə, son həftələrdə həyata keçirilən əməliyyatlar nəticəsində onlarla terror şübhəlisi, o cümlədən Əfqanıstan vətəndaşları həbs edilib. Çaudhri qeyd edib ki, İslam Respublikasında baş verən terror aktlarında Əfqanıstan ərazisindən fəaliyyət göstərən yaraqlıların əli olduğuna dair əlavə sübutlar əldə edilib. Kəşfiyyat məlumatlarına görə, terrorçular yaxın günlərdə Pakistanın müxtəlif əyalətlərində yeni hücumlar planlaşdırırlar.

Xatırladaq ki, fevralın 22-də Pakistan İnformasiya və Yayım Nazirliyi hərbçilərin Əfqanıstandakı "Tehrik-i-Taliban Pakistan" və İŞİD-in yerli qolu olan "Vilayət Xorasan" qruplaşmalarının mövqelərinə nöqtəvi zərbələr endirdiyini açıqlamışdı. Rəsmi İslamabad bu əməliyyatın paytaxtdakı məscid partlayışı da daxil olmaqla, son terror aktlarına cavab olaraq keçirildiyini bildirmişdi.

Digər tərəfdən, Əfqanıstan rəsmiləri Pakistanın bu hücumları nəticəsində onlarla dinc sakinin həlak olduğunu bəyan edərək, hadisəni "təxribat aktı" adlandırıblar. Kabil tərəfi ölkənin ərazi bütövlüyünün pozulmasına qarşı qətiyyətli cavab vermək hüququnu özündə saxladığını elan edib ki, bu da iki qonşu ölkə arasında gərginliyin daha da artmasına səbəb olub.

Seçilən
12
afn.az

1Mənbələr