Astara Rayon İcra Hakimyyəti Astara şəhərində abadlıq işlərinin satın alınması ilə bağlı tenderə yekun vurub.
NOCOMMENT.az xəbər verir ki, tenderin qalibi “ASA-Tikinti” MMC seçilib.
Abadlıq işlərinə görə şirkətə 257 658,12 manat ödəniləcək.
İqtisadiyyat Nazirliyi yanından Dövlət Vergi Xidmətinin reyestr məlumatlarına görə, “ASA-Tikinti” MMC 2023-cü ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 60 manatdır. Şirkətin hüquqi ünvanı Masallı rayonu, Təkdam kəndində yerləşir.
MMC-nin qanuni təmsilçisi İbrahimov Eldəniz Məhərrəm oğludur. Açıq mənbələrdə şirkət və qanuni təmsilçisi haqqında heç bir məlumat yoxdur. Vergi sistemində şirkətin 3753,59 manat borcu var.
Dövlət satınalmalarının vahid internet portalı üzərindən apardığımız araşdırma zamanı məlum olub ki, Astara Rayon İcra Hakimiyyəti ötən il “ASA-Tikinti” MMC ilə iki satınalma müqaviləsi imzalayıb. Ümumi maliyyə dəyəri 120 491,25 manat olan müqavilələrin hər ikisi Astara şəhərində ictimai yaşayış binalarının əsaslı təmiri ilə bağlıdır.
Astara Rayon İcra Hakimiyyətinin başçısı Qəzənfər Ağayevdir. O, 2012-ci ildən rayona rəhbərlik edir. Qəzənfət Ağayevin icra başçısı kimi karyerası isə 2005-ci ildən başlayır. Yəni, o, artıq 21 ildir ki, icra başçısı vəzifəsində çalışır. O, 2005-2006-cı illərdə Yardımlı Rayon İcra Hakimiyyətinin, 2006-2012-ci illərdə isə Masallı Rayon İcra Hakimiyyətinin başçısı olub. /Qaynarinfo /