ABŞ-nin idxal rüsumlarının tətbiqi ilə bağlı ticarət siyasətindəki qeyri-müəyyənlik ölkədə iqtisadi fəallığı gözləniləndən daha ciddi şəkildə azalda bilər.
"Far.Az"un məlumatına görə, bu barədə Beynəlxalq Valyuta Fondunun (BVF) ABŞ-də iqtisadi vəziyyətə dair illik hesabatında qeyd olunub.
"Ticarət siyasəti sahəsindəki qeyri-müəyyənlik iqtisadi aktivliyə gözləniləndən daha çox məhdudlaşdırıcı təsir göstərə bilər, xüsusən də tədarük zəncirlərinin yenidən qurulması yaxın perspektivdə çətinləşərsə", - sənəddə bildirilib.
Sənəddə həmçinin vurğulanıb ki, ABŞ administrasiyası tərəfindən tətbiq edilən tariflər ölkə iqtisadiyyatı üçün mənfi təklif şoku yaradır və gözlənilir ki, bu, əsas istehlak xərcləri qiymət indeksinin 2026-cı ilin əvvəlinə qədər təxminən 0,5 % artmasına, istehsal həcminin isə təxminən 0,5 % azalmasına səbəb olacaq.
ABŞ Ali Məhkəməsi 20 fevralda prezident administrasiyasının beynəlxalq fövqəladə hallar zamanı iqtisadi səlahiyyətlər haqqında qanunu bəhanə gətirərək digər ölkələrə qarşı idxal rüsumları tətbiq etməsini səlahiyyətlərin aşılması kimi tanıyıb. Eyni zamanda, Ali Məhkəmə instansiyası ABŞ-nin daha əvvəl rüsum şəklində ödənilmiş vəsaitləri geri qaytarıb-qaytarmamalı olduğuna aydınlıq gətirməyib.
Daha sonra Vaşinqton administrasiyası Birləşmiş Ştatlara idxal edilən mallar üçün tətbiq olunan qlobal rüsumların 10 %-dən 15 %-ə qaldırılacağını elan edib. ABŞ idxalına tətbiq edilən 10 %-lik qlobal rüsumlar 24 fevralda qüvvəyə minib və 150 gün – 24 iyula qədər qüvvədə olacaq.