AZ

Şəhidlərimizin ruhu rahatlıq tapıb

26 fevral nəinki Azərbaycan, dünya tarixində dərin iz buraxmış bir tarixdir. Lakin buna qədər də xalqımız əsrlər boyu erməni millətçi-şovinistlərinin davamlı olaraq etnik təmizləmə və soyqırımı siyasətinə məruz qalmışdır.

Azərbaycanlılar tarixin müxtəlif dövrlərində öz dədə-baba torpaqlarından didərgin salınmış, qaçqına, məcburi köçkünə çevrilmişdir. Azərbaycan torpaqlarında erməni dövlətinin yaradılması imperialist ambisiyaya xidmət edirdi. Bu həm də o amala xidmət edirdi ki, regionda revanşizmi körükləyən monoetnik bir dövlət yaratmaqla Cənubi Qafqazı daim idarə edə bilsinlər. Buna görə də 1948-1953-cü illərdə Ermənistandan 150 min azərbaycanlı məqsədli şəkildə deportasiya olundu və Azərbaycanın Kür-Araz düzənliyində yerləşdirildi. 1988-ci ildə isə 250 min azərbaycanlı doğma yurdundan didərgin salındı. Beləliklə, Ermənistanın monoetnik dövlətə çevrilməsi, regiona yerləşdirilməsi planı baş tutdu. Bununla da bölgəyə yerləşdirilən erməni faktorunun və amilinin əsl məqsədi üzə çıxdı.

1988-ci ildə Qarabağ ətrafında başlayan hadisələr cızılmış böyük ssenarinin pik həddə çatdığı bir məqam idi. Beynəlxalq hüquq normalarına zidd olaraq Ermənistan tarixi Azərbaycan ərazisi olan Qarabağı özünə birləşdirmək istədi və ölkəmizə qarşı ədalətsiz müharibə başlandı. 

Ermənilər soyqırımı törətməklə azərbaycanlıların milli ruhunu öldürmək istəyirdilər. 1990-cı ilin 20 Yanvar hadisələri də məhz bu amala xidmət edirdi. Azərbaycanlılara qarşı planlı şəkildə törədilən cinayətlər, vəhşiliklər, insanlıqdan kənar davranışlar dünya tarixinin ləkəsidir.

Xocalıya hücum zamanı ermənilərin məqsədi şəhəri yer üzündən birdəfəlik silmək və azərbaycanlıların izini oradan kəsmək idi. Buna görə də 7 min nəfər əhalisi olan Xocalı şəhərində keçmiş sovet ordusunun 366-cı alayının dəstəyi ilə soyqırımı aktı həyata keçirildi. Ermənistan bütün bunları təkbaşına etməyə qadir deyildi. Erməninin xisləti nə qədər məlum idisə, onların havadarlarının hegemon iddiası da o qədər aydın idi. Məhz bu hegemonluq iddiası erməni arzularına işıq tuturdu. Ona görə də Seyran Ohanyanın komandanlığı altında 366-cı alayın batalyonları azərbaycanlılara qarşı Xocalıda soyqırımı törətdilər. Uşaqlara, körpələrə, qocalara, hamilə qadınlara verilən zülmün sərhədi yox idi. Bu, misli görünməmiş düşmənçilik idi. Xocalıda istifadəsi qadağın olunmuş güllələrdən, kimyəvi silahlardan da istifadə edilmişdi. Bütün bunlar da Ermənistanın Cenevrə Konvensiyasının protokollarını kobud şəkildə pozduğunu göstərir. Bu, bütün müharibə qaydalarının və qanunlarının üstündən xətt çəkilməsi demək idi. 

Xocalı faciəsinə ilk siyasi qiymət 1994-cü ildə Ümummilli Liderimiz Heydər Əliyev tərəfindən verilmişdir. Ulu Öndər bununla bağlı xüsusi fərman imzalamış və Milli Məclisin qərarı ilə 26 fevral "Xocalı soyqırımı" və "Milli matəm" günü elan edilmişdir.

Ötən dövrdə Xocalı faciəsinin dünyada tanıdılması istiqamətində ideoloji, mədəni sahələrdə hücum diplomatiyası həyata keçirilmişdir. Cənab Prezident İlham Əliyev Qarabağla bağlı Azərbaycan həqiqətlərini dünyaya çatdırarkən Xocalı faciəsini xüsusi diqqət mərkəzində saxlamışdır. O cümlədən Heydər Əliyev Fondu "Xocalıya ədalət!" kampaniyası həyata keçirərək xalqımızın səsini bütün dünyaya çatdırmışdır.

 Cənab Prezident İlham Əliyev elə bir siyasət yürütdü ki, həm torpaqlarımız işğaldan azad olundu, həm də şəhidlərimizin qisası alındı. 44 günlük Vətən müharibəsi, 24 saatlıq lokal xarakterli antiterror əməliyyatları ilə Azərbaycan bütün dünyaya göstərdi ki, xalqımızın qüruru ilə oynamaq olmaz. Bəşəriyyətə zidd hərəkətlər azərbaycanlılar və insanlıq üzərində sınana bilməz. Buna görə Azərbaycanın şanlı zəfəri dünya xalqları üçün bir nümunədir. 

Xocalı soyqırımından 34 il ötür. İllər ötsə də, bu hadisə unudulmur, Azərbaycan xalqının yaddaşında silinməz iz buraxmışdır. Azərbaycanın müzəffər ordusu döyüş meydanında Xocalı qətliamının və azərbaycanlılara qarşı digər amansız qətliamların qisasını aldı. Azərbaycanın ədalətli məhkəmə-hüquq sistemi amansız cinayətlər törətmiş canilərə öz layiqli cəzalarını verdi. Biz artıq bu gün deyə bilərik ki, bütün şəhidlərimizin ruhu əbədi rahatlıq tapıb. Lakin bu işdə son mərtəbə yoxdur. Çünki düşmən tək deyil. Xüsusi amansızlıqla və ağlasığmaz vəhşiliklə törədilən Xocalı qətliamını biz heç zaman unutmamalı və dünyada tanıdılmalıdır. Bu, bizim vətəndaşlıq, həmçinin insanlıq borcumuzdur. 

Azər BADAMOV,

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədr müavini

Seçilən
19
azerbaijan-news.az

1Mənbələr