AZ

Yaponiya Tayvana 110 km məsafədə zenit-raket bölməsi yerləşdirməyi planlaşdırır

Okinava prefekturasında nəzərdə tutulan hərbi layihə üzrə ilkin hazırlıq işləri aparılır...

Yaponiya hökuməti 2030-cu maliyyə ilində ölkənin ən cənub prefekturası olan Okinavada zenit-raket bölməsinin yerləşdirilməsi imkanını nəzərdən keçirir.

Poliqon xəbər verir ki, bu barədə yerli mətbuat Yaponiyanın müdafiə naziri Sindziro Koidzuminin mətbuat konfransındakı açıqlamasına istinadən məlumat yayıb.

Müdafiə naziri bildirib ki, bölmənin yerləşdirilməsi üçün zəruri şəraitin yaradılması istiqamətində, o cümlədən əsaslı tədqiqatlar və infrastruktur hazırlığı ilə bağlı işlər aparılır. “Hazırda bölmənin yerləşdirilməsi üçün şəraitin yaradılması ilə bağlı zəruri işləri, o cümlədən baza tədqiqatlarını həyata keçiririk. Obyektin tikintisində irəliləyişdən asılı olaraq qrafikdə dəyişikliklər ola bilər”, deyə nazir qeyd edib.

Məlumata görə, Yaponiya Özünümüdafiə Qüvvələrinin tərkibində yaradılması nəzərdə tutulan bölmə orta mənzilli yer-hava tipli raketlərlə təchiz ediləcək. Bu sistemlərin əsas məqsədi təyyarələrin və ballistik raketlərin ələ keçirilməsidir.

Bölmənin Yonaquni adasında yerləşdirilməsi planlaşdırılır. Həmin ada Tayvandan təxminən 110 kilometr məsafədə yerləşir və Nansei adaları zəncirində strateji mövqeyə malikdir. Yonaquni Ryukyu arxipelaqının ən qərb nöqtəsi hesab olunur və Yaponiyanın ən qərb ərazisidir. Adanın sahəsi 28,9 kvadrat kilometr, əhalisi isə təxminən 15,8 min nəfərdir.

Yaponiya Müdafiə Nazirliyi martın 2-də ada sakinləri üçün brifinq keçirməyi planlaşdırır. Görüş zamanı hərbi layihə ilə bağlı sualların cavablandırılacağı və yerli əhaliyə ətraflı məlumat veriləcəyi bildirilib.

Ekspertlər qeyd edirlər ki, Yonaquni adasının coğrafi mövqeyi regionda təhlükəsizlik balansı baxımından xüsusi əhəmiyyət daşıyır və planlaşdırılan zenit-raket bölməsi Yaponiyanın cənub-qərb istiqamətində müdafiə imkanlarını gücləndirə bilər.

Poliqon.info

Seçilən
35
poliqon.info

1Mənbələr