AZ

“Xocalı azad olunmadan biz sakitləşə bilməzdik”

Soyqırımı yaddaşımız və ədalətsizliyə qarşı dirənişimizin Xocalı düsturu

Hazırda Ermənistan və havadarları müxtəlif beynəlxalq platformalarda “Azərbaycanda saxlanılan erməni məhbuslar” məsələsini təbliğ edir, mövcud xüsusda ölkəmizlə bağlı antipatiya yaratmağa cəhd göstərirlər. Halbuki, məhbus kimi təqdim edilən şəxslərin günahları sübuta yetirilib, onların Azərbaycan ərazilərində bəşəri cinayətlər törətdikləri, separatçılıq fəaliyyəti həyata keçirdikləri faktlarla təsdiqlənib. Həmin şəxslərə günahkar kimi yanaşmağımızın isə daha böyük səbəbi var. 
Ən böyük səbəb bu gün 34-cü ildönümünü qeyd etdiyimiz Xocalı soyqırımıdır. Təkcə Xocalı dəhşətinə görə Azərbaycan ərazilərində separatçılıqla məşğul olan şəxslərin heç biri nə güzəştə, nə mərhəmətə, nə də digər xoş rəftara layiqdir. Onlar hüququn ən sərt dili ilə cəzalandırılmalıdırlar. Cəzalandırılmalıdırlar ki, bir daha Xocalı dəhşətinə bənzər faciələr yaşanmasın. Cəzalandırılmalıdır ki, gələcəkdə kimlərsə özündə Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini şübhələndirmək “cəzarətini” tapmasın. Nəzərə alaq ki, müasir dövrdəki ən böyük faciəmiz olan Xocalının torpaqlarımıza qəsb mahiyyəti var. Elə bir “mahiyyət” ki, bütövlükdə Azərbaycan əhalisini yox etmək kimi kökü keçmişə şaxələnən mənfur siyasətin göstəricisidir. 
Bəli, Xocalı soyqırımı erməni qövmünün azərbaycanlılara qarşı ötən əsrin əvvəllərindən başlayaraq, Cənubi Qafqazda həyata keçirdikləri etnik təmizləmə kursunun davamı idi. Təkcə XX əsrdə azərbaycanlılar dörd dəfə – 1905-1906-cı, 1918-1920-ci, 1948-1953-cü və 1988-1993-cü illərdə soyqırımı və etnik təmizləmələrə məruz qalıblar. Bu kursun, belə demək mümkünsə, böyük ilhamvericilərinin olduğunu da bilirik. Axı Xocalı dəhşətinə görə müqəssir erməni millətçiləri ilə yanaşı, onlara ciddi şəkildə dəstək verən rus şovinistləri idilər. Bu dəhşətin Rusiyanın 366-cı motoatıcı alayının köməyi ilə törədildiyi də faktlarla sübuta yetirilib. Əminik ki, qorxunc əməlin dəstəkçiləri də ədalət qılıncımızın altından keçəcəklər. Hər şeyin geci-tezi var. 
Ümumən, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə baş vermiş Xocalı vəhşəti Azərbaycan cəmiyyətinin kollektiv yaddaşında dərin iz buraxmış faciədir. Faciə zamanı 613 nəfər, o cümlədən 106 qadın, 63 uşaq və 70 qoca xüsusi qəddarlıqla öldürülüb, 1275 insan əsir və girov götürülərək işgəncələrə məruz qalıb. Onlardan 150 nəfərin, o cümlədən 68 qadın və 26 uşağın taleyi bu günədək məlum deyil. Qırğın zamanı 487 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Həmçinin 8 ailə tamamilə məhv edilib, 130 uşaq valideynlərindən birini, 25 uşaq isə hər iki valideynini itirib. 
Ayrıca vurğulayaq ki, həmin insanlar yalnız etnik mənsubiyyətlərinə – azərbaycanlı olduqlarına görə amansızcasına öldürülüb, işgəncələrə məruz qalıb və şikəst ediliblər. Ermənistan silahlı birləşmələri tərəfindən Xocalı şəhərinin işğal edilməsi ilə əlaqədar Azərbaycan dövlətinə və vətəndaşlarına 170 milyon ABŞ dollarından artıq ziyan vurulub. Bütün bunlara görə demək olar ki, Xocalı faciəsi təkcə hərbi-siyasi kontekstlə deyil, həm də mənəvi-psixoloji və beynəlxalq hüquqi müstəvidə geniş təsir doğurmuş olaydır. Amma elə bir olay ki, kollektiv travma fenomenini milli yaddaşa çevirdi. Mülki əhaliyə qarşı zorakılıq faktı təhlükəsizlik duyğusuna zərbə vursa da, həmrəylik faktorunu gücləndirdi, “şəhidlik” və “ədalət” anlayışlarını, ədalət naminə şəhidliyi ictimai şüurun mərkəzinə çıxardı, bir növ, böyük mənəvi etalona çevirdi. 
Xalqımızın Xocalıda yaşananlara emosional münasibəti dərinləşdi və bununla bütövlükdə Qarabağ münaqişəsinə yanaşmanın mənəvi-siyasi və ideoloji strukturu müəyyənləşdi. Bu strukturda ədalətin qərarlaşması yolunda mübarizə düşüncəsi həm də müstəsna qisas seqmenti qazandı. Bütün ağrı və acılarına, o cümlədən yaşanan qaçqınlıq və didərginliyin rəsminə çevrilməsinə baxmayaraq, Xocalı xalqımıza öz külündən yaranmaq əzmini formalaşdırdı. Söhbət qisas üçün yenidən yaranmaqdan gedir. 
* * *
Nəticədə, doğma yurdla bağın qırılması, sosial adaptasiya problemləri, habelə, nəsillərarası travmanın ötürülməsi kimi durumlar insanlarımızın savaş ruhuna, həyatdan qopmamaq dirayətinə çevrildi. Dirayətin “Xocalıya ədalət!” (Justice for Khojaly) simgəsini gördük. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü ilə 2008-ci ildə başlanmış bu beynəlxalq miqyaslı təbliğat-təşviqat kampaniyasına belə bir adın seçilməsi heç də təsadüfi deyildi. Çünki Azərbaycan cəmiyyətində Xocalı ilə bağlı əsas mənəvi xətt məhz ədalətin bərpası ideyası idi. 
“Xocalıya ədalət!” ideyası daxili legitimlik qazandı, soyqırımı aktının beynəlxalq müstəvidə hüquqi-siyasi tanınmasına yönələn mübarizəmizə əlavə üstünlük gətirdi. O mübarizəyə ki, əsasını ulu öndər Heydər Əliyev qoymuşdu və bu dahi şəxsiyyətin müəyyənləşdirdiyi xətt ölkəmizin həm dövlət, həm də ictimai müstəvidəki Xocalı davasının məğzini təşkil etmişdi. 
Ulu öndərin məharəti sayəsində Xocalı dəhşəti bütövlükdə Qarabağ ədalətsizliklərinə qarşı dirənişimizin simvoluna çevrilmişdi. Onun təşəbbüsü ilə Xocalı soyqırımına siyasi-hüquqi qiymət verilmiş, fevralın 26-sı Xocalı Soyqırımı Günü elan edilmişdi. Məhz Heydər Əliyev şəxsiyyəti Xocalı hadisəsini Azərbaycanın təhlükəsizlik doktrinasında əsas istinad nöqtələrindən birinə çevirmişdi. Nəticədə ölkəmizdə Ordu quruculuğu, müdafiə siyasəti və ərazi bütövlüyü məsələləri prioritet istiqamət almaqla yanaşı, xarici siyasətdə informasiya diplomatiyası gücləndi, diaspor fəaliyyəti aktivləşdi. 
Azərbaycan dövləti Xocalı dəhşətlərinə söykənərək, insan hüquqları diskursunda hüquqi arqumentlərini möhkəmləndirdi. Ölkəmiz, həmçinin Xocalı hadisəsi fonunda münaqişə bölgələrində mülki şəxslərin qorunmasının nə qədər zəif mexanizmlərə malik olduğunu dünyaya bəyan etdi. Bu bəyanetmə xarici aləm qarşısında humanitar hüququn tətbiqi məsələsində ciddi suallar doğurdu. Suallar isə, öz növbəsində, ümumən postsovet məkanında baş verən hadisələrə beynəlxalq reaksiyanın fərqli intensivliyinin yolverilməzliyi kasuzunu ortaya qoydu ki, proses qlobal ədalət anlayışı ilə bağlı debatları gücləndirdi, beynəlxalq münasibətlərdə normativ prinsiplərin praktik tətbiqi ilə bağlı mübahisələr aktuallaşdı.
Qeyd edək ki, soyqırımı cinayətlərinin beynəlxalq müstəvidə qiymətləndirilməsi məsələsi sübut bazası baxımından müzakirələr doğuran haldır. Azərbaycan dövlətinin və cəmiyyətinin illər ərzində gerçəkləşdirdiyi müştərək fəaliyyət isə belə müzakirələrə meydan vermədi, Xocalı dəhşətinin mükəmməl faktoloji təsvirini ortaya qoydu ki, bu, həm də bəşəri xidmətdir, soyqırımı cinayətlərinin təkrarlanmasına qarşı immunitetin formalaşdırılmasına misilsiz töhfədir.
* * *
Ümumən, Xocalı soyqırımının dünya miqyasında tanıdılması istiqamətində Azərbaycan dövlətinin apardığı sistemli işin nəticəsidir ki, hazırda İslam Əməkdaşlıq Təşkilatı Parlament İttifaqının, Meksika, Pakistan, Çexiya, Peru, Kolumbiya, Panama, Honduras, Sudan, Qvatemala və Cibuti parlamentlərinin müvafiq sənədlərində Xocalıda törədilmiş kütləvi qətllərin soyqırımı aktı olduğu təsdiqlənib. Rumıniya, Bosniya və Herseqovina, Serbiya, İordaniya, Sloveniya, Şotlandiya parlamentləri, eləcə də ABŞ-ın 22 ştatının icra və qanunvericilik orqanları Xocalı faciəsini qətliam kimi qiymətləndirərək qətiyyətlə pisləyiblər. 
Habelə, Avropa İnsan Haqları Məhkəməsi 2010-cu il 22 aprel tarixli qərarında Xocalının azərbaycanlılardan ibarət mülki əhalisinin qətlə yetirilməsinin “müharibə cinayətləri və ya insanlığa qarşı cinayətlər kimi qiymətləndirilə bilən xüsusilə ağır əməllər” olduğunu müəyyən edib. Ancaq bütün bunlar yetərli sayıla bilməz və Azərbaycan dövləti və cəmiyyəti də məhz bu baxışdan çıxış edir. Prezident İlham Əliyevin vurğuladığı kimi: “Əfsuslar olsun ki, “Xocalıya ədalət!” çağırışımız cavabsız qaldı. Düzdür, 18 ölkə bizim səylərimizin nəticəsi olaraq bu qanlı faciəni soyqırımı kimi tanımışdır. Ancaq bu ölkələrin arasında böyük dövlətlərin adları yoxdur. Beynəlxalq təşkilatlar, onların bir çoxu bu faciəyə biganə qalmışdır”.
Amma təsəllimiz var. Təsəllimiz Xocalının timsalında torpaqlarımızın işğalı reallığının aradan qalxması, Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpasıdır. Təsəllimiz Xocalısız sakitləşməmək duyğumuzdur ki, bunu hamıdan və hər kəsdən daha məzmunlu şəkildə ifadə edən Prezident İlham Əliyevdir. Dövlətimizin başçısının 2024-cü ilin bu günündə Xocalıda rayon sakinləri ilə görüşündə ifadə etdiyi kimi: “Mən bilirəm ki, siz xocalılılar o vaxt bütün Azərbaycan xalqı kimi sevinmisiniz. Onu da bilirəm, sizin ürəyinizdə müəyyən fikirlər var idi ki, bəs Xocalı nə olacaq, bəs Xankəndi nə olacaq? Mən bunu bilirdim, ancaq sizə deyə bilmirdim ki, nə olacaq. Halbuki siz də bilirdiniz, mən də bilirəm ki, hər şey ədalətli olacaq. Biz Xocalısız ərazi bütövlüyümüzün, suverenliyimizin tam bərpa olunduğunu hesab edə bilməzdik. Xocalının Azərbaycan xalqının tarixində və şüurunda o qədər böyük yeri var ki, bu faciə qəlbimizdə o qədər böyük yaralar salıb ki, Xocalı azad olunmadan biz sakitləşə bilməzdik”.

Ə.CAHANGİROĞLU
XQ

Seçilən
18
1
xalqqazeti.az

2Mənbələr