Vaşinqtonda hesab edirlər ki, mümkün İsrail hücumu ABŞ-nin sonrakı hərbi addımlarına ictimai dəstəyi artıra bilər, eyni zamanda Cenevrədə yeni danışıqlar raunduna hazırlıq gedir...
ABŞ prezidenti Donald Trampın yüksək səviyyəli müşavirləri İsrailin ABŞ-dən əvvəl və müstəqil şəkildə İrana zərbə endirməsini daha məqsədəuyğun hesab edirlər.
Poliqon xəbər verir ki, bu barədə Politico məlumatlı mənbələrə istinadən yazıb.
Mənbələrdən birinin sözlərinə görə, administrasiya daxilində və ona yaxın çevrələrdə belə bir fikir formalaşıb ki, İsrailin ilk addımı atması və İranın buna cavab olaraq ABŞ maraqlarına qarşılıq verməsi Vaşinqtona daha sərt tədbirlər görmək üçün əlavə əsas yaradacaq.
Tramp administrasiyasına yaxın şəxslərin qənaətinə görə, İsrailin mümkün zərbəsi İranı cavab addımları atmağa məcbur edəcək və bu, ABŞ ictimaiyyəti arasında genişmiqyaslı hərbi əməliyyatlara dəstəyin formalaşmasına kömək edə bilər.
Bununla yanaşı, mənbələr bildirir ki, ABŞ ilə İran arasında aparılan danışıqlar ciddi xarakter daşısa da, Trampa ən yaxın şəxslər arasında “nəticədə hərbi zərbələrin qaçılmaz olacağı” fikri də mövcuddur.
Məlumata görə, İran və ABŞ nümayəndələri fevralın 26-da Cenevrədə İranın nüvə proqramı ilə bağlı məsələlərin həlli variantlarını müzakirə etmək üçün növbəti danışıqlar raundu keçirəcəklər. ABŞ tərəfini prezidentin xüsusi nümayəndəsi Stiv Uitkoff və Trampın kürəkəni Cared Kuşner təmsil edəcək. İran nümayəndə heyətinə isə ölkənin xarici işlər naziri Abbas Araghchi rəhbərlik edəcək.
İran prezidenti Məsud Pezeşkian qarşıdakı danışıqlarla bağlı müsbət fikirlər səsləndirib. Bununla belə, Axios daha əvvəl mənbələrə istinadən yazıb ki, diplomatik nizamlanma cəhdi sonuncu ola bilər və uğursuzluq halında Tramp İran əleyhinə genişmiqyaslı ABŞ-İsrail hərbi əməliyyatına başlaya bilər.
Poliqon.info