AZ

1 hektar pambıq 25 manata, 1 qoyun cəmi 7 manata sığortalanır – Fond

Zərdab rayonunda Aqrar Sığorta Fondu və Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Zərdab Dövlət Aqrar İnkişaf Mərkəzində fermerlər, sahibkarlar və təsərrüfat nümayəndələrinin iştirakı ilə görüş keçirilib.

Banker.az xəbər verir ki, tədbirdə rayonun kənd təsərrüfatı üzrə vəziyyəti barədə məlumat verilib. Zərdab iqtisadiyyatının 60%-i kənd təsərrüfatına, əhalinin isə 80%-i kəndlərdə yaşayır. Rayonun 33 min hektardan çox əkin sahəsinin təqribən 29 min hektarı taxıl və yem bitkilərinə, 3,100 hektar pambığa, 505 hektar qarğıdalıya, 380 hektar çəltikə və 700 hektar kartof, tərəvəz və bostan bitkilərinə sərf olunur. Fermerlər dolu, leysan və sel-subasma kimi risklərə qarşı əkin sahələrini sığortalamağa çağırılıb.

Aqrar Sığorta Fondunun İdarə Heyəti sədrinin müşaviri İdayət Zeynalov bildirib ki, fond ölkədə kənd təsərrüfatına dəstək məqsədilə fəaliyyət göstərir və əkin sahələri, heyvandarlıq və balıqçılıq təsərrüfatlarını təbiət hadisələri, yoluxucu xəstəliklər və digər risklərdən qoruyur. Fermerlərə sığorta haqqının 50%-i dövlət tərəfindən ödənilir.

Fondun fəaliyyəti ötən 5 il ərzində ölkə üzrə böyük ödənişlərlə müşayiət olunub: 2025-ci ildə dəymiş zərərlər üzrə ümumilikdə 9,2 milyon manat ödəniş həyata keçirilib ki, bunun 8,8 milyon manatı bitkiçilik, 400 min manatı isə heyvandarlıq sahəsinə düşür. Zərdabda isə 100 min manata yaxın ödəniş edilib – 55 min manatı heyvandarlıq, 45 min manatı isə bitkiçilik üzrə. Pambıq sahələrinə dəymiş zərərlər üzrə ödəniş 960 min manat civarındadır.

Fermerlərə bildirilib ki, Zərdab Mərkəzi Aran regionunda sığorta haqlarının ən aşağı olduğu rayonlardan biridir: 1 hektar buğda sahəsinin sığortası 7,4 manat, 1 hektar pambığın sığortası 15 manat, 300 manatlıq qoyunun illik sığortası isə 7 manatdır. 1000 manatlıq iri buynuzlu mal-qaranın sığortası 24 manat təşkil edir.

Görüşdə sığortalanma şərtləri və tariflər barədə təqdimat aparılıb, fermerlərin çoxsaylı sualları cavablandırılıb. Sığorta ödənişlərini asanlaşdırmaq üçün mobil telefon və “AsanPay” sistemi vasitəsilə ödəniş imkanı yaradılıb. Aqrar Sığorta Fondu fermerləri dövlət dəstəyindən faydalanmağa və təsərrüfatlarını vaxtında sığortalamağa çağırıb.

Seçilən
1
banker.az

1Mənbələr