AZ

Orta Dəhlizdən Naxçıvanla avtomobil əlaqəsinin təmin olunması regional nəqliyyat xəritəsində yeni mərhələ yaradır

Azertag saytına istinadən ain.az xəbər verir.

Bakı, 26 fevral, AZƏRTAC

Azərbaycan işğaldan azad edilmiş ərazilərdə həyata keçirdiyi genişmiqyaslı infrastruktur layihələri ilə Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının ölkənin ümumi nəqliyyat sisteminə və beynəlxalq tranzit şəbəkələrinə inteqrasiyasını ardıcıl və sistemli şəkildə təmin edir. Bu proses təkcə fiziki yol bağlantılarının yaradılması deyil, eyni zamanda regionun iqtisadi reabilitasiyası, istehsal və ixrac potensialının hərəkətə gətirilməsi baxımından da strateji əhəmiyyət daşıyır.

Bunu AZƏRTAC-a açıqlamasında nəqliyyat üzrə ekspert Rauf Ağamirzəyev deyib.

Onun sözlərinə görə, bu çərçivədə Kəlalə–Ağbənd avtomobil yolu üzərində inşa olunan körpünün istifadəyə verilməsi mühüm mərhələ hesab olunur: “Yeni körpü dağlıq relyef şəraitində fasiləsiz və təhlükəsiz hərəkəti təmin etməklə yanaşı, bölgədaxili və regionlararası nəqliyyat axınını sürətləndirir. Alternativ marşrutların formalaşması daşınmaların şaxələndirilməsinə, risklərin azaldılmasına və logistik çevikliyin artmasına imkan yaradır. Bu isə xüsusilə tranzit ölkə kimi Azərbaycanın rəqabət üstünlüyünü gücləndirir”.

Ekspert əlavə edib ki, Qarabağ bölgəsində icra olunan yol layihələri Horadiz istiqamətindən başlayaraq Cəbrayıl–Ağbənd xətti, eləcə də Əhmədbəyli, Füzuli, Füzuli–Ağdam və Bərdə–Ağdam–Yevlax marşrutları vasitəsilə ölkənin şimal-qərb və qərb bölgələri ilə birbaşa bağlantı yaradır: “Bu nəqliyyat xətləri üzərindən həm Balakən istiqamətinə, həm də “Qırmızı Körpü” sərhəd-keçid məntəqəsinə çıxış imkanı təmin olunur ki, bu da Azərbaycanın Qərb bazarlarına inteqrasiyasını daha da sürətləndirir”.

“Eyni zamanda, Xudafərin–Qubadlı–Laçın və Laçın–Kəlbəcər–Murovdağ avtomobil yolu layihələri çərçivəsində inşa edilən Murovdağ tuneli vasitəsilə Gəncə istiqamətində nəqliyyat əlaqələri genişlənir. Bu layihə dağlıq ərazilərdə mövsümi məhdudiyyətləri aradan qaldıraraq ilboyu fasiləsiz hərəkətə şərait yaradır. Nəticədə, Azərbaycanın Qara dəniz limanlarına çıxış imkanları optimallaşır, tranzit marşrutları qısalır və yükdaşımaların maya dəyəri azalır”, - deyə o vurğulayıb.

R.Ağamirzəyev qeyd edib ki, bununla yanaşı, Orta Dəhliz üzərindən Naxçıvanla avtomobil əlaqəsinin təmin olunması regional nəqliyyat xəritəsində keyfiyyətcə yeni mərhələ yaradır: “Bu marşrut Asiya ilə Avropa arasında alternativ və daha səmərəli quru bağlantısı təqdim edir. Paralel olaraq, Şimal–Cənub nəqliyyat dəhlizi çərçivəsində mövcud Astara və Biləsuvar istiqamətlərinə alternativ çıxışların formalaşması Azərbaycanın tranzit potensialını daha da genişləndirir. Bu isə ölkənin həm şərq–qərb, həm də şimal–cənub oxunda strateji logistika qovşağı kimi rolunu möhkəmləndirir”.

Onun sözlərinə görə, yeni nəqliyyat infrastrukturu yalnız tranzit daşımalarına deyil, həm də işğaldan azad edilmiş ərazilərdə sənaye parklarının, aqrar təsərrüfatların, turizm və xidmət sektorunun inkişafına təkan verir: “Yol və körpü layihələri investisiya mühitini yaxşılaşdırır, özəl sektorun bölgəyə marağını artırır və iqtisadi aktivliyin davamlı əsasda formalaşmasına zəmin yaradır. Beləliklə, azad edilmiş ərazilərdə müasir nəqliyyat şəbəkəsinin qurulması regionda yeni nəqliyyat karkasının formalaşmasına, Azərbaycanın beynəlxalq logistika mərkəzi kimi mövqeyinin möhkəmlənməsinə və Cənubi Qafqazda iqtisadi əməkdaşlıq üçün dayanıqlı platformanın yaradılmasına mühüm töhfə verir. Bu siyasət uzunmüddətli perspektivdə ölkənin qeyri-neft sektorunun genişlənməsinə, ixracın artmasına və regional inteqrasiyanın dərinləşməsinə xidmət edən strateji inkişaf modelinin əsas sütunlarından biri kimi çıxış edir”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
20
azertag.az

1Mənbələr