ain.az, Avtosfer portalına istinadən məlumat verir.
Bir çox hallarda sürücülər avtomobillərinin stop işıqlarının işləmədiyini bilsələr də, onları vaxtında dəyişdirmirlər. Halbuki əyləc işıqları arxadan gələn sürücüyə önündəki nəqliyyat vasitəsinin sürəti azaltdığını və ya dayandığını bildirən əsas xəbərdarlıq siqnalıdır.
Bu işıqların yanmaması yolda zəncirvari təhlükə yaradır. Xüsusilə qarşıya qəfil maneə çıxdıqda sürücü sərt əyləci basdığı zaman arxadan gələn avtomobil bunu vaxtında fərq etmir və nəticədə toqquşma baş verir. Belə qəzalar əsasən arxadan vurma ilə nəticələnir və maddi ziyanla yanaşı, bəzən xəsarətlərlə də müşayiət olunur.
Avtosfer.az xəbər verir ki, cəmi 50 qəpiyə satılan bir lampanın dəyişdirilməməsi minlərlə manatlıq zərərə səbəb ola bilər.
Bundan başqa, stop işıqlarının nasaz olması yalnız digər sürücülər üçün deyil, elə həmin avtomobilin sahibinin özü üçün də birbaşa təhlükədir.
Qeyd edək ki, bu hal inzibati məsuliyyət də yaradır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 342.5-ci maddəsinə əsasən, xarici işıq cihazları nasaz olan və belə nasazlığın aradan qaldırılması mümkün olmayan nəqliyyat vasitəsinin istismarına görə 50 manat məbləğində cərimə tətbiq olunur.
Beləliklə, sürücülərə avtomobillərinin texniki vəziyyətini mütəmadi yoxlamaq və xüsusilə işıq sistemlərinin sazlığına diqqət yetirmək tövsiyə olunur. Unutmayaq ki, kiçik bir detal böyük faciələrin qarşısını ala bilər./sfera.az
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.