AZ

Sosial media ünsiyyət bacarıqlarını zəiflədir? - AÇIQLAMA

Virtual mühitdə qurulan münasibətlər həm real ünsiyyət bacarıqlarını zəiflədə, həm də özünü ifadə etməyi asanlaşdıra bilər. Sosial təcrid və ya utancaqlıq səbəbindən virtual mühitə yönələn insanlarda real ünsiyyət bacarıqları zəifləyə bilər. Lakin utancaq şəxslər üçün bu mühit özünü daha rahat ifadə etmək imkanı yaradaraq sosiallaşmanı dəstəkləyə bilər. Həddindən artıq virtual istifadə isə üzbəüz ünsiyyəti əngəlləyir.

Bu barədə Hüquqi-Sosial Yardım və Maarifləndirmə İctimai Birliyin sədri Fariz Əkbərov Missiya.Az-a danışıb.

"Sosial media müasir insanın həyatında mühüm yer tutur. Ancaq “virtual mən” “real mən”in yerini aldıqda psixoloji risklər artır. Sağlam şəxsiyyət inkişafı üçün virtual obraz deyil, real özünü dərk etmək əsas olmalıdır. Hazırda gənclərin sosial mediada gördükləri obrazlarla özlərini müqayisə etməsi halları daha çox müşahidə olunur. İnsanlar gündəlik stress və sıxıntılardan uzaqlaşmaq üçün sosial mediadan istifadə edirlər. Lakin aparılan araşdırmalar göstərir ki, sosial media stresi azaltmaq əvəzinə onu daha da artıra bilər. Sosial media platformalarından istifadə edən hər bir şəxs virtual mühitin reallığı tam əks etdirmədiyini dərk etməli, elmi əsaslı və özünü inkişaf etdirən məzmunlara üstünlük verməlidir",-sosioloq bildirib.

Fariz Əkbərovun sözlərinə görə, sosial media asılılığı çoxfaktorlu bir vəziyyətdir və bioloji, psixoloji, sosial amillərin birgə təsiri ilə formalaşır. Beyin kimyası, şəxsiyyət xüsusiyyətləri, mühit amilləri və platformaların struktur xüsusiyyətləri bu prosesdə rol oynayır. Səbəblərin başa düşülməsi həm qarşısının alınması, həm də müdaxilə baxımından əhəmiyyətlidir. Sosial mediada formalaşdırılan “ideal obraz” real münasibətlərdə gözləntiləri dəyişdirərək məyusluq və emosional uzaqlaşma yarada bilər. Sosial mediada məqsədsiz vaxt keçirən insanların əsas məqsədi çox zaman zehni narahat edən fikirlərdən uzaqlaşmaq olur. Zehni narahatlıqlar və onların yaratdığı stresslə mübarizə apara bilməmək bu davranışları gücləndirir.

"Sosial media asılılığı bütün yaş qruplarında müşahidə olunsa da, bəzi qruplar daha həssasdır. Yeniyetmələr və gənclər ən yüksək risk qrupunu təşkil edir. Sosial təsdiq ehtiyacı bu yaşlarda daha güclü olur. Depressiya və təşviş pozğunluğu olan şəxslərdə, eləcə də sosial fobiyası olan insanlarda risk daha yüksəkdir. İşsiz və ya sosial baxımdan təcrid olunmuş fərdlərdə də bu hal daha çox müşahidə edilir.

Zaman keçdikcə sosial mediada sərf olunan vaxt artır və bu, insanın gündəlik həyatına təsir göstərməyə başlayır. Sosial media dünya ilə əlaqə vasitəsi kimi görünsə də, həddindən artıq istifadə insanın real həyatdan təcrid olunmasına səbəb ola bilər",- F.Əkbərov əlavə edib.

İlahə Qənbərli

Missiya.Az

Seçilən
15
missiya.az

1Mənbələr