AZ

Rusiyanın sərtləşən təhlükəsizlik siyasəti: Azərbaycan diasporu hədəfdədirmi? – ÖZƏL

"Son dövrlərdə Rusiya ilə Azərbaycan arasında münasibətlərdə gərginliyin müəyyən qədər artdığı müşahidə olunur. Əvvəlki dövrlə müqayisədə münasibətlər bir qədər daha həssas mərhələyə keçib".

Bu fikirləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Ramiyə Məmmədova deyib. Siyasi şərhçi bildirib ki, baş verən prosesləri sırf diasporlara və ya ayrı-ayrı şəxslərə qarşı yönəlmiş kampaniya kimi qiymətləndirmək düzgün olmaz. Birinci növbədə nəzərə almaq lazımdır ki, Rusiya hazırda öz təhlükəsizlik siyasətini maksimum sərtləşdirib. Ölkə uzun müddətdir müharibə şəraitində yaşayır və həm xarici, həm də daxili riskləri paralel şəkildə nəzarətdə saxlamağa çalışır. Bu çərçivədə diaspor fəaliyyətlərinə, miqrantlara, giriş-çıxış rejiminə və ümumilikdə xarici vətəndaşlara nəzarət mexanizmləri gücləndirilib. Artıq bir çox hallarda ölkəyə giriş xüsusi icazə və əlavə prosedurlar tələb edir. Bu nəzarət siyasəti yalnız Azərbaycan diasporuna yönəlməyib. Ümumilikdə Rusiyada fəaliyyət göstərən bütün diaspor strukturları diqqət altındadır. Məlumdur ki, diaspor təşkilatları təkcə mədəni fəaliyyətlə məşğul olmur; onların sırasında iri biznes strukturlarına malik şəxslər də var. Təbii ki, bu, bütün diaspor üzvlərinə şamil edilmir. Lakin dövlət təhlükəsizlik baxımından potensial riskləri minimuma endirməyə çalışır və buna görə də nəzarət mexanizmlərini sərtləşdirir.

Ekspert qeyd edib ki, digər tərəfdən, Rusiya artıq dörd-beş ildir ki, müharibə reallığında yaşayır. Belə şəraitdə həm xaricdən, həm də daxildən gələn təhlükələrə qarşı həssaslıq artır. Dövlətə və siyasi rəhbərliyə qarşı mümkün risklərin haradan qaynaqlana biləcəyini dəqiq bilmədiyi üçün, ümumi təhlükəsizlik siyasəti daha sərt formada həyata keçirilir. Azərbaycan diasporuna gəldikdə isə, münasibətlərdəki gərginliyin müəyyən tarixi və siyasi fonu var. Təyyarə insidentindən əvvəl də iki ölkə arasında müəyyən fikir ayrılıqları mövcud idi. Lakin həmin hadisədən sonra münasibətlər daha aşağı səviyyəyə endi. Bu günə qədər Rusiya tərəfindən yalnız ümumi xarakterli üzr ifadəsi səsləndirilib, araşdırmanın nəticələri və kompensasiya məsələləri isə tam şəkildə həllini tapmayıb. Bu da təbii olaraq münasibətlərdə gərginliyin qalmasına səbəb olur. Bu gərginlik fonunda Rusiyada yaşayan azərbaycanlılara və diaspor strukturlarına qarşı nəzarətin daha da artması diqqət çəkir. 

Burada bir neçə aspekti birlikdə nəzərdən keçirmək lazımdır: bu addımlar konkret şəxslərə qarşı yönəlib, yoxsa ümumi diaspor fəaliyyətinin yenidən strukturlaşdırılması məqsədi daşıyır?

Görünən odur ki, Rusiya diaspor təşkilatlarını daha çox nəzarət edilə bilən, dövlətə yaxın və təhlükəsizlik baxımından etibarlı hesab etdiyi şəxslər vasitəsilə formalaşdırmaq istəyir. Yəni daha "lokal" və dövlətə inteqrasiya olunmuş diaspor modeli qurmağa çalışır. Bu, təkcə Azərbaycan diasporuna aid deyil, digər ölkələrin diaspor təşkilatları ilə bağlı da oxşar yanaşma tətbiq oluna bilər. Rusiya, görünür, xarici vətəndaşların və diaspor strukturlarının fəaliyyətini daha sistemli və mərkəzləşdirilmiş nəzarətə almağa çalışır. Bu, mövcud müharibə və təhlükəsizlik şəraitində Kremlin mümkün hesab etdiyi bir siyasətdir.

"Rusiya-Azərbaycan münasibətlərinin gələcəyinə gəldikdə isə, mövcud vəziyyət kifayət qədər mürəkkəbdir. Lakin münasibətlərin daha da kəskinləşməsi yalnız diplomatik əlaqələrin tam kəsilməsi səviyyəsində mümkündür ki, bu da real görünmür. Azərbaycan və Rusiya coğrafi olaraq yaxın qonşulardır və iqtisadi, siyasi, humanitar, diaspor və mədəni sahələrdə qarşılıqlı asılılıq mövcuddur. Regionun reallıqları iki ölkəni əməkdaşlıq etməyə məcbur edir. Bu baxımdan, gərginliklər olsa da, münasibətlərin tamamilə qopması ehtimalı zəifdir. Mövcud prosesləri həm təhlükəsizlik siyasəti, həm regional reallıqlar, həm də ikitərəfli siyasi kontekst çərçivəsində kompleks şəkildə qiymətləndirmək daha düzgün yanaşma olar", - deyə R. Məmmədova vurğulayıb.

Lamiyə Cəbrayılova

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
12
olaylar.az

1Mənbələr