AZ

Cenevrədə ikinci raund: ultimatum dili, sürətlənən ixrac və müharibə kölgəsində diplomatiya

ain.az, Bakivaxti portalına istinadən məlumatı açıqlayır.

Cenevrədə İran və ABŞ arasında nüvə danışıqlarının ikinci turu başlayır. Amma masa arxasına tərəflər kompromis ab-havası ilə deyil, açıq xəbərdarlıqlar və qarşılıqlı təzyiq fonunda əyləşirlər.

Vaşinqtondan səslənən “İran nüvə silahına sahib ola bilməz, bu, qırmızı xətdir” mesajı artıq diplomatik ritorikadan çox strateji ultimatum təsiri bağışlayır. Eyni zamanda, İranın ballistik raket proqramını müzakirədən kənarda saxlaması ABŞ siyasi elitasında ciddi narahatlıq kimi təqdim olunur. Bu, danışıqların çərçivəsinin genişlənməsi cəhdidir: məsələ artıq təkcə uranın zənginləşdirilməsi deyil, raket arsenalı və regional hərbi təsir imkanlarıdır.

Tehranın cavabı isə təkcə bəyanatlarla məhdudlaşmır. Son günlər Xərq adasından neft ixracının kəskin artması təsadüfi addım kimi görünmür. ABŞ-nin bölgədə hərbi iştirakını artırdığı bir vaxtda İranın qısa müddətdə milyonlarla barel əlavə nefti bazara çıxarması iki mesaj daşıyır: birincisi, mümkün zərbələrdən əvvəl iqtisadi bufer formalaşdırmaq; ikincisi isə qlobal enerji bazarına təsir imkanını nümayiş etdirmək. Yəni Tehran göstərir ki, qarşıdurma təkcə hərbi yox, həm də enerji təhlükəsizliyi müstəvisində nəticələr doğura bilər.

Digər tərəfdən, İran daxilində təhlükəsizlik tədbirlərinin sərtləşdirilməsi, ali rəhbərlik ətrafında informasiya axınının məhdudlaşdırılması və qərarların daha qapalı formatda verilməsi, sistemin mümkün ssenarilərə hazırlaşdığını göstərir. ABŞ mediasında İsrailin öncədən zərbə endirməsi ehtimalının müzakirəyə çıxarılması isə riskləri daha da artırır. Vaşinqtonun itkilər və sursat çatışmazlığı kimi faktorları hesabladığı haqda məlumatlar onu göstərir ki, hərbi seçim masa üzərindədir, amma qiyməti ağırdır.

Beləliklə, Cenevrədə ikinci tur danışıqlar əslində iki paralel prosesin kəsişmə nöqtəsidir: bir tərəfdə maksimum təzyiq və çəkindirmə strategiyası, digər tərəfdə isə iqtisadi və hərbi dayanıqlıq nümayişi. Əsas sual budur: tərəflər bu mərhələdə geri addım atacaqmı, yoxsa qırmızı xətlər daha da sərtləşəcək? Əgər nüvə məsələsi ilə yanaşı raket proqramı və regional fəaliyyətlər də paketə daxil edilərsə, kompromis pəncərəsi darala bilər. Amma alternativ açıq hərbi toqquşma həm region, həm də qlobal enerji bazarı üçün sarsıdıcı nəticələr vəd edir.

Cenevrə bu gün sadəcə diplomatik platforma deyil; o, Yaxın Şərqin növbəti mərhələsinin hansı istiqamətdə formalaşacağını müəyyən edən kritik meydandır.

Alim Nəsirov

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
19
50
bakivaxti.az

10Mənbələr