Olke.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.
"The National Interest" nəşrinin yaydığı məlumata görə, Çin mümkün ABŞ-İsrail hərbi ssenarisinə qarşı İranın müdafiə imkanlarını sistemli şəkildə gücləndirir. İddialara əsasən, Pekin Tehrana silah tədarükü, kəşfiyyat məlumatlarının paylaşılması və texnoloji sistemlərin modernləşdirilməsi istiqamətində dəstək verir.
Mənbələr bildirir ki, bu fəallığın arxasında təkcə geosiyasi maraqlar deyil, həm də konkret iqtisadi hesablamalar dayanır. Çin və İran arasında 400 milyard dollar dəyərində 25 illik strateji əməkdaşlıq sazişi, eləcə də Çin üçün mühüm logistika xətti sayılan Çin-Pakistan İqtisadi Dəhlizi Pekin üçün İranın sabitliyini kritik məsələyə çevirir.
Ekspertlərin qiymətləndirməsinə görə, 2025-ci ilin iyununda baş verdiyi iddia olunan ABŞ-İsrail hücumları Çinin “strateji, iqtisadi və logistika maraqlarına birbaşa təsir göstərən regional qeyri-sabitləşdirici amil” olub. Bu isə Pekinin Tehranla texniki əməkdaşlığını genişləndirməsinə təkan verib.
Məlumata görə, İran artıq Çinin "BeiDou" peyk naviqasiya sistemini tətbiq etməyə başlayıb, ABŞ və İsrail mənşəli proqram təminatını Çin texnologiyaları ilə əvəzləyib. Bundan başqa, uzun mənzilli radar sistemləri və HQ-9B zenit-raket komplekslərinin yerləşdirildiyi bildirilir.
Eyni zamanda Pekin İsrailə yeni investisiyaları məhdudlaşdırıb və bəzi məlumatlara görə, İsrailin Çin tibbi məhsullarından asılılığını mümkün təsir rıçağı kimi nəzərdən keçirə bilər. Bununla belə, Çin birbaşa hərbi müdaxilə planlaşdırmır. Strategiya daha çox “aşağı intensivlikli” qarşı tədbirlərə – kəşfiyyat mübadiləsinə, ABŞ və İsrail qüvvələrinin monitorinqinə və İranın müdafiə qabiliyyətinin texnoloji gücləndirilməsinə fokuslanır.
Bu proses əslində Yaxın Şərqdə yeni güc balansının formalaşdığını göstərir. Çin açıq şəkildə hərbi blok qurmaqdan yayınsa da, texnologiya və logistika üzərindən təsir dairəsini genişləndirir. Bu, bir tərəfdən Pekinə birbaşa qarşıdurmadan qaçmaq imkanı verir, digər tərəfdən isə İranı öz orbitində saxlayır.
Əgər iddialar təsdiqlənərsə, bu, ABŞ-İsrail tandeminin regiondakı manevr imkanlarını məhdudlaşdıra və Yaxın Şərqi qlobal güclərin dolayı qarşıdurma meydanına çevirə bilər.Miri
Ölkə.Az
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.