AZ

Orta yaşlı kişilər niyə sürətlə qocalır? - AÇIQLAMA

Şanxay Tszyaotun Universiteti-nin alimləri müəyyən ediblər ki, “əbədi kimyəvi maddələr” qrupuna aid iki birləşmə perftornonanoik turşu (PFNA) və perftoroktan sulfonamid (PFOSA) orta yaşlı kişilərdə bioloji qocalmanı sürətləndirə bilər.

Redaktor.az xəbər verir ki, tədqiqatın nəticələri "Frontiers in Aging" jurnalında dərc olunub.

PFAS (per- və poliftoralkil maddələr) “əbədi kimyəvi maddələr” kimi tanınır. Bu sintetik birləşmələr yapışmayan örtüklərdə, suya davamlı parçalarda, qablaşdırma materiallarında və yanğınsöndürmə köpüyündə geniş istifadə olunur. Güclü kimyəvi rabitələrə malik olduqları üçün ətraf mühitdə demək olar ki, parçalanmır və suda, torpaqda, eləcə də insan orqanizmində toplanır. Daha əvvəl bəzi PFAS maddələrinin xərçəng, piylənmə, sonsuzluq və hormonal pozuntular riskini artırdığı göstərilmişdi.

Tədqiqatçılar 1999-2000-ci illərdə ABŞ-da keçirilmiş Milli Sağlamlıq və Qidalanma Araşdırmasında iştirak edən 326 nəfərin məlumatlarını təhlil ediblər. Qan nümunələrində 11 növ PFAS maddəsinin konsentrasiyası ölçülüb, həmçinin genlərin aktivliyinə təsir göstərən epigenetik dəyişiklik DNT metilləşməsi qiymətləndirilib. Mütəxəssislər 12 fərqli “epigenetik saat” modeli vasitəsilə iştirakçıların bioloji yaşını hesablayaraq onu təqvim yaşı ilə müqayisə ediblər.

PFNA və PFOSA maddələri iştirakçıların 95 faizinin qanında aşkar olunub. Eyni zamanda, bu maddələrin daha yüksək səviyyəsi 50-64 yaş arası kişilərdə epigenetik qocalmanın sürətlənməsi ilə statistik cəhətdən əhəmiyyətli əlaqə göstərib. Qadınlarda isə belə bir əlaqə müəyyən edilməyib.

Müəlliflər hesab edirlər ki, kişilərdə orta yaş dövrü orqanizmin xarici stress amillərinə daha həssas olduğu mərhələ ola bilər. Bundan əlavə, siqaret çəkmə kimi həyat tərzi faktorları da kimyəvi çirkləndiricilərin təsirini gücləndirərək qocalma göstəricilərinə təsir edə bilər.

Nuriyyə NATİQQIZI

Seçilən
12
1
redaktor.az

2Mənbələr